“Qarabağ sualını Rusiyaya ünvanlayın” – Yuşşenko

“Qarabağ sualını Rusiyaya ünvanlayın” – Yuşşenko“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual Ermənistana deyil, Rusiyaya ünvanlanmalıdır. Donbas, Abxaziya, Osetiya, Dağlıq Qarabağ və postsovet məkanındakı digər münaqişələri analiz edərkən, eyni nəticəyə gəlib çıxırıq. Bu münaqişələrin həllində yalnız bir maneə – Rusiya var”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.

V. Yuşşenko bildirib ki, bu münaqişələr Rusiyanın məsələsidir: “Bunların siyasi münaqişə olduğunu nə qədər tez söyləsək, bir o qədər tez onların vahid plan əsasında həllinə nail ola bilərik. Bu münaqişələri geosiyasi plan əsasında, Avropa səviyyəsində həll etmək mümkündür”.
Çex Respublikasının keçmiş prezidenti Václav Klaus isə bildirib ki, Dağlıq Qarabağ və digər münaqişələr Rusiya ilə Qərb arasındakı münasibətlərin nəticəsi deyil və bu münaqişələr Rusiya və Qərb arasında gərginliyin davam etdirilməsi ilə həll olunmayacaq.

Onun fikrincə, Ukraynadakı böhrana görə Rusiya və Qərb arasında münasibətlər soyumamalıdır:
“Bu önəmli məqamdır. Biz uzunmüddətli perspektivdən istifadə etməliyik. Hazırda Qərblə Rusiya arasındakı münaqişə iki fundamental fərqli siyasi və sosial-iqtisadi sistemlərin toqquşması deyil. İqtisadi sistemlər nöqteyi-nəzərindən Rusiya Qərbin bir hissəsidir”.

Václav Klaus deyib ki, Rusiya nə Çin, nə Səudiyyə Ərəbistanı, nə də Pakistan deyil və qəbul etmək lazımdır ki, Rusiya ənənəvi olaraq Avropa gücüdür, bu ölkə əsrlərlə Avropa tarixinin bir hissəsi olub:
“Biz sevinməliyik ki, 70 illik kommunist faciəsi bitib. Rusiyanı Avropadan kənarlaşdırmaq səhv addım olar. Rusiyaya şans verilməlidir ki, öz yeni tarixini yazsın, öz yolunu tapsın və beynəlxalq arenada aktiv oyunçu olsun.”

Trend-in məlumatına görə, Türkiyənin sabiq prezidenti Abdullah Gül toplantıda deyib ki, Qarabağ münaqişəsi regionda sülhə ciddi təhdid yaratsa da, beynəlxalq ictimaiyyət və danışıqlar prosesində iştirak edən dövlətlər onun həllinə ciddi səy göstərmirlər.

III Qlobal Bakı Forumunda Bolqarıstanın prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti Gjorge Ivanov, Maltanın Baş naziri Joseph Muscat çıxış ediblər.
Forumda Almaniya kansleri Angela Merkel-in, Böyük Britaniyanın baş naziri David Cameron-un, BMT-nin sabiq baş katibi Boutros Boutros-Ghali-nin, ABŞ-ın keçmiş dövlət katibi Henry Kissinger-in müraciətləri oxunub.






Fikirlər