"Kürdlərlə Əsəd arasında ancaq müəyyən lokal xarakterli razılıq ƏLDƏ EDİLƏ BİLƏR" - Ekspert

“Hazırkı dönəmdə Suriya kürdlərinin rəsmi Dəməşqlə hər-hansı bir razılığa gəlməyə can atması real məsələdir. Bu mənada kürdlərlə Əsəd rejimi arasında ancaq müəyyən lokal xarakterli razılıqların əldə edilməsi mümkündür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında bir sıra Rusiya KİV-lərində Suriya kürdlərinin Əsəd rejimilə razılığa gəldikləri barədə gedən məqalələrə münasibət bildirərkən siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu düşünür ki, vəziyyətin belə istiqamət almasında Türkiyə faktoru da rol oynayıb:

“Hazırda Suriya ərazisinin 55 faizinə Əsədə sadiq qüvvələr nəzarət edir. Kürdlər isə ərazinin 25 faizini nəzarətlərində saxlayırlar. Kürdlərin Dəməşqlə razılığa gəlməyə can atmalarında Türkiyə faktorunun da rolu vardır. Türkiyənin birinci mərhələdə “Sərhəd qalxanı”, ikinci mərhələdə isə “Zeytun budağı” əməliyyatını aparması və bu istiqamətdə üçüncü mərhələnin də olacağını elan etməsi şübhəsiz ki, müəyyən mənada kürdlərin Dəməşqlə münasibətləri normallaşdırmaq yolunda axtarışlara çıxmalarına səbəb oldu. Rusiya da kürdlərlə Dəməşqi bir masa arxasında əyləşdirmək üçün indiyə kimi müxtəlif addımlar atıb. Səhv etmirəmsə, il yarım bundan əvvəl Moskvada belə bir görüş də oldu. Bu mənada kürdlərin Dəməşqlə yaxınlaşmağa cəhd göstərmələri real görünür”.

Bütün bunlarla yanaşı, ekspert sözügedən məsələ ilə bağlı bir məqamı unutmamağı da vacib bilib. Hansı ki, bu məqam ABŞ, onun bölgədəki mövqeyilə bağlıdır:

“Burada digər məqam olan ABŞ faktorunu da unutmamalıyıq. ABŞ-ın Rusiya və İranla münasibətlərinin gərginləşməsi fonunda kürdlərin Dəməşqlə danışıqlar masası arxasına əyləşməsi, onlarla birgə hərəkət etməsinə Vaşinqtonun razılaşacağı inandırıcı deyil. Çünki ortalıqda ABŞ-ın İrana yönəltdiyi geniş miqyaslı siyasi-iqtisadi sanksiyalar, həmlələr paketi var. Yəni ABŞ-ın İranın üzərinə getdiyi bir zamanda Tehranın dəstəklədiyi Əsəd iqtidarına kürdlərin yaxınlaşmasına razılıq verəcəyi ağlabatan deyil.

Bu mənada kürdlərlə Əsəd rejimi arasında ancaq müəyyən lokal xarakterli razılıqların əldə edilməsi gözləniləndir. Hansısa ərazilərlə bağlı qarşılıqlı güzəştlərə gedilə bilər. Lakin bu tərəflərin tamamilə razılığa gələrək bir masa arxasında oturmaları və bir çətir altında birləşmələrini ifadə etməyəcək. Çünki belə olarsa, ABŞ-ın buradakı mövqeləri zəifləyəcək ki, buna da Vaşinqton heç zaman imkan verməz. Kürdlərlə Əsədin bir araya gəlməsi ilk növbədə Dəməşqin mövqelərinin möhkəmlənməsi demək olacaq. Buna isə Ağ Ev qətiyyən razı olmayacaq. Ona görə ki, Əsədin mövqelərinin güclənməsi avtomatik olaraq Tehran və Moskvanın mövqeyinin də daha da möhkəmlənməsi deməkdir”.

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzetinin məlumatına görə, bu günlərə qədər Suriyadan ayrılmaq barədə düşünən kürdlər artıq rəsmi Dəməşqlə fəal şəkildə münasibətlər qurmağa başlayıb. Hətta qəzet iddia edir ki, kürdlərdən bir nəfər Dəməşqə səfər edərək suriyalı rəsmilərlə razılığa gəlib. Kürdlər böyük əhəmiyyətə malik bir sıra infrastruktur kompleksini Dəməşqin nəzarətinə verib.

 

 

 






Fikirlər