Ayaz Mütəllibov Prezident İLHAM ƏLİYEVƏ minnətdarlığını bildirdi

Ayaz Mütəllibov Prezident İlham Əliyevə minnətdarlığını bildirdi

Eks-prezident Ayaz Mütəllibov dövlət başçısı İlham Əliyevə yaşadığı binanın foyesinin qanunsuz özəlləşdirilməsi ilə bağlı vəziyyətə operativ müdaxiləsinə görə minnətdarlığını bildirib. Bu barədə sabiq prezident virtualaz.org-a məlumat verib.

Mütəllibov qeyd edib ki, prezidentin bu problemə münasibətindən çox razıdır və ona şəxsən özü və qonşuları adından minnətdarlıq bildirir.

"Bilirsinizmi, bu tikinti şirkətinin törətdiyi qanunsuzluq heç bir çərçivəyə sığmır. Yaxşı ki, dövlət orqanları vaxtında müdaxilə etdilər və şirkətə bu qanunsuzluqları davam etdirməyə imkan vermədilər. Dövlətimizin başçısının operativ müdaxiləsi bir daha bariz göstərdi ki, o, öz vətəndaşlarının problemlərinə biganə qalmır. Saytınız vasitəsilə bir daha cənab prezidentə minnətdarlığımı bildirmək istəyirəm", o deyib.

Xatırladaq ki, dünən virtualaz.org eks-prezident Ayaz Mütəllibovun, jurnalist Şahin Hacıyevin və Qurban Xəlilov, 5 ünvanında yerləşən binanın digər sakinlərinin binanın foyesinə "kupça" vermiş dövlət orqanlarının qanunsuz hərəkətləri barədə müraciətlərini dərc etmişdi.

Azərbaycan prezidentinin tapşırığı əsasında A.Mütəllibovun müraciəti ilə bağlı tədbirlər görülüb.

Aparılmış yoxlama nəticəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu Q.Xəlilov, 5 ünvanında yerləşən binada "Tapet Oil Gas Co LTD" şirkətinin əmlakına həbs qoyulması məqsədilə tədbirlərə başlayıb.






Fikirlər