AKİF NAĞI: “Qarabağ mitinqinin məqsədini başa DÜŞMƏK İSTƏMİRLƏR”
Qarabağ Komitəsi dekabrın 25-də “Qarabağ mitinqi” keçirmək barədə qərar verib. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, müsbət cavab verilməyib. Qarabağ Komitəsinin bu cavabdan sonra hansı addım atacağı maraq doğurur. Məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, icazə verilməməsi üçün ciddi bir səbəb yoxdur. “Ənənəvi səbəb göstərirlər ki, Prezident bu işlərlə məşğul olur, əlavə dəstəyə ehtiyac yoxdu. Amma biz o cavabı uyğunsuz hesab edirik. Biz demirik ki, Prezident bu işlərlə məşğul olmur, biz ictimai dəstəyi təmin edirik. Torpaqlarımızın işğalından həddindən artıq çox vaxt keçib. Bunu həm beynəlxalq təşkilatların diqqətinə çatdırmaq, həm də cəmiyyəti fəallaşdırmaq istəyirik. Nə qədər susub oturmaq olar? Hökumət müəyyən işlər görür, ola bilər alınmır, amma xalqın da rolu olmalıdır, xalq da meydanda olmalıdır. Xalqın tələbi mitinq vasitəsilə nümayiş etdirilir. Ona görə də bu mitinqlərə niyə icazə vermirlər, heç başa düşmürük. Ya çəkinirlər, ya hansısa səbəblər var, biz bilmirik. Amma bu yanlış bir mövqedir. Biz dəfələrlə bildirmişik ki, Qarabağın işğaldan azad olunması üçün iki amil, iki tərəf bir yerdə hərəkət etməlidir – hakimiyyət və xalq. Biz Qarabağ Komitəsi olaraq özümüzü xalqın təmsilçisi kimi göstəririk, bu mövqeyə iddialıyıq, xalq da bizi dəstəkləyik. Akif Nağı deyib ki, əvvəlki mitinqdə istənilən nəticə alınıb: “Biz fəallığı artırmağı bacardıq. Hamı düşünürdü ki, insanlar biganələşib. Amma gördük ki, biganəlik yoxdur. Nəticə yaxşı idi, amma istədiyimiz yüzminlərin mitinqidir. Biz hələ ki, istədiyimizə çatmamışıq”. QAT sədri deyib ki, hər zaman iqtidar partiyasını da mitinqə dəvət edirlər. “Birinci mitinqdə rəsmi qaydada məktub yazmışdıq YAP-ın rəhbərliyinə, münasibət də müsbət idi. Birinci mitinq ərəfəsində YAP-ın rəhbərliyindən də mitinqin ideyasını təbliğ edən, müdafiə edən oldu. Hamı tərəfindən başa düşülür, qəbul olunur, yəni ümid edirik ki, onlar da bu məsələnin əhəmiyyətini, mahiyyətini başa düşəcəklər”.
29 sentyabr mitinqində xalq bizi dəstəklədiyini göstərdi. Başqa bir məqsədimiz də yoxdur, siyasi tələb qoyulmur. Bu mitinqlər ancaq Qarabağın işğaldan azad olunmasına dəstəkdir. Amma hələlik bizim bu məqsədimizi başa düşmürlər. Bu istiqamətdə işlərimiz davam edir, bu gün Koordinasiya Şurasının iclası olacaq. Sabah da Komitənin geniş toplantısını keçirəcəyik. Ümumi fikrimiz hər zaman belə olub ki, bu istiqamət davam etdirilməldir. Yəni mitinq Qarabağın işğaldan azad olunması üçün təsirli silahlardan biridir. O silah da hər zaman hazır olmalıdır. İstənilən məqamda onminlərlə, yüzminlərlə soydaşımız ayağa qalxmalıdır və Qarabağın azadlığını tələb etməlidir”.