“BANK TECHNİQUE” İFLAS OLDU - Cahangir Hacıyev Samir Şərifovu hədələdi

“BANK TECHNİQUE” İFLAS OLDU - Cahangir Hacıyev Samir Şərifovu hədələdiBankın tam müflisləşdiyi, əməkdaşları kütləvi şəkildə öz hesablarına məzuniyyətə göndərdiyi bildirilir

Bir vaxtlar Azərbaycanın özəl bankları arasında ən qüdrətlilərindən olan “Bank Technique” iflas olub. Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, gələn həftənin 1-ci günündən etibarən əksər əməkdaşlar ərizə yazaraq öz hesablarına məzuniyyətə göndəriləcək. Hər şöbədən minimum 5-6 əməkdaş işdən çıxarılıb. Artıq xeyli vaxtdır əmanətçilər bankdan pul ala bilmirlər. Bütün əməliyyatlar dayandırılıb.
Xatırladaq ki, beynəlxalq reytinq agentliyi “Moody’s”in Azərbaycanın bank sektorunda müşahidə olunan sistemli böhran əlamətlərinə dair iyulun 24-də yaydığı proqnoz da təhlükənin real olduğunu göstərirdi. “Moody’s” ölkənin aparıcı banklarından biri hesab edilən “Bank Technique”nin yerli və xarici valyuta ilə uzunmüddətli depozit reytinqini və Caa1-dən Caa2-yə endirib.

“Bank Technique” 2012-ci ilin yazından Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin nəzarətinə verilmişdi. Bu ilin martında Beynəlxalq Bankdakı külli miqdarda yeyintinin üstü açılandan və C.Hacıyev istefa verdikdən sonra “Bank Technique”dəki fırıldaqlar da ortaya çıxmağa başladı. Xüsusilə də Beynəlxalq Banka 100 milyonlarla manat kredit borcu olan iş adamlarının həbsi digər bankların vəziyyətini ortaya çıxardı. Məlum oldu ki, C.Hacıyevin nəzarətindəki banklarda vəziyyət olduqca acınacaqlıdır.
“Bank Technique” 2012-ci ilin martına kimi Azərbaycanın ən qüdrətli banklarından olub. Onunla rəqabət apara biləcək çox az sayda özəl bank vardı. Lakin cəmi 3 ilə “Bank Technique” birmənalı şəkildə müflis oldu. Bir vaxtlar C.Hacıyevin haqqında “təcrübəli bankir” deyirdilər, indi bu deyim tarix olub. Belə çıxır C.Hacıyev təcrübəli bank dağıdanmış…

“BANK TECHNİQUE” İFLAS OLDU - Cahangir Hacıyev Samir Şərifovu hədələdiHacıyev bir vaxtlar “Bank of Azerbaijan”ı ələ keçirmək istəyirdi. Lakin Hafiz Məmmədov (Hafka) bu “döyüşdə” C.Hacıyevə qalib gəlib onu geri oturtmağı bacardı. Çünki o vaxtlar Hafkanın hakimiyyətdə mövqeləri çox güclü idi.
Yeri gəlmişkən, Cahangir Hacıyev Beynəlxalq Bankdan çıxarıldıqdan sonra maliyyə naziri Samir Şərifovu hədələyib. Bu haqda məlumat verən mənbənin sözlərinə görə, C.Hacıyev düşdüyü vəziyyətə görə maliyyə nazirini suçlu bilir. Mənbə iddia edir ki, ona mesaj da göndərib: “gör başıına nə oyun açacam…”
Bank sistemində böyük bir imperiya yaratmış C.Hacıyev hazırda hər kəsi özünə düşmən bilir. Ən başda da Samir Şərifovu.

Onun özünə düşmən bildiyi şəxslərdən biri də Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur. Bu yaxınlara kimi Cahangir Hacıyev E.Rüstəmovu saymır, ona tabe olmurdu. “Yeni Müsavat” bu haqda iki il öncə yazmışdı. Həmin yazıda Rüstəmov-Hacıyev münasibətlərinə dair maraqlı detallar əks olunurdu.

“BANK TECHNİQUE” İFLAS OLDU - Cahangir Hacıyev Samir Şərifovu hədələdiBeləliklə, Azərbaycanda son aylar başlamış bank böhranı bir qədər də dərinləşməkdədir. Bunun isə ən böyük zərbəsi sıravi vətəndaşlara dəyəcək. Son illər banklara yaranmış inam xeyli insanı banklara əmanət qoymağa həvəsləndirmişdi. İndi bu inam sarsılmaqdadır. “Bank Technique”də vətəndaşların pulu batsa bu, həm də ciddi sosial narazılığın yaranmasına səbəb olacaq. Bunun isə altını heç şübhəsiz, hökumət çəkəcək. Necə ki, Beynəlxalq Bankda batan 6 milyard pulu dövlət ödəyir, digər banklar müflis olsa orda batan vəsaiti də dövlət ödəməli olacaq. (musavat.com)






Fikirlər