MÜSAVAT xeyriyyə marafonuna polis müdaxiləsini PİSLƏYİR...
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıqərarların icrası və görülən işlər barədə məlumat verib. Başqan Arif Hacılı müavini Səxavət Soltanlı ilə birlikdə İsveçrənin Sürix şəhərində ALDE-nin geniş şura toplantısında iştirakları və keçirdikləri görüşlər haqqında ətraflı məlumat verib. Gündəliyin partiyadaxili məsələlər bölümündə Cəlilabad rayon təşkilatının hesabat-seçki konfransı, Qusar və Şamaxı təşkilatlarında qurultaya nümayəndələr seçilməsi üzrə keçirilmiş ümumi yığıncaqlar haqqında fikir mübadiləsi aparılıb. Partiya Məclisinin növbəti sessiyasının iyul ayının 20-də keçirilməsi haqqında təklif qəbul edilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə siyasi fəalların məhkəmələr tərəfindən kəsilmiş pul cərimələrinin ödənilməsi üçün keçirdiyi xeyriyyə marafonu zamanı polisin Müsavat Partiyası qərargahına hücumu, jurnalistlərin saxlanılması, AXCP sədri Əli Kərimlinin polis idarəsinə aparılması, Müsavatın Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəylinin İcra və Probasiya şöbəsinə çağırılaraq barmaq izlərinin götürülməsi və həmin tədbirin zorakılıqla dayandırılması kəskin pislənilib. Daha sonra dünyada və ölkədə baş verən proseslər haqqında dəyərləndirmə aparılıb.