PUTİNDƏN SONRAKI RUSİYA – Kreml uğrunda mübarizə artıq başlayıb!

Wladimir Putin

Son 5 ildə Rusiya paytaxtında xeyli dəyişikliklər baş verib. Moskvalılar əvvəllər ərzaq məhsullarını küçələrin küncündəki yöndəmsiz mağazalardan alırdılar. Amma bu gün əksər mağazalar sağlam qida təqdim edən gözəl məkanlara çevrilib.

Yaxın dövrlərə kimi Rusiya paytaxtının ən mühüm ictimai məkanlarından biri olan Qorki parkında səs-küylü atraksiyonlardan başqa heç nə yox idi. Bu gün isə orada gözəl gül-çiçəkli klumblar, fontanlar və velosiped cığırları salınıb. Lakin son illər Moskva əhalisi hadisələrdən daha yaxşı baş çıxarmağa başlayıb və onların arzusu təkcə yaxşı istirahət yerlərinin axtarışı ilə məhdudlaşmır.

Müxalifətin etirazlar seriyasının kuliminasiya nöqtəsində 60 min nəfər iştirak edib və bu 2012-ci ildən indiyədək ən çoxsaylı mitinq olub. Yeni etiraz aksiyaları da planlaşdırılır.

Kreml uğrunda gedən uzun döyüşün ilk toqquşması kimi qəbul olunan bu mtiniqlərdən qaçmaq mümkünüydü. 2021-ci ildə Dövlət Dumasına seçkilər keçiriləcək və 2024-cü ildə prezident Putinin öz postundan gedəcəyi ehtimal edilir. Aksiya iştirakçıları müstəqil siyasətçilərin Moskva Şəhər Dümasına seçkilərdə namizədliklərinin qeydə alınmamasına etiraz edirlər. Moskva Şəhər Düması mühüm orqan sayılır və gələn ay buraya seçkilər keçiriləcək. Lakin müxalifətçi namizədlər – 31 yaşlı Lyubov Sobolun və 36-yaşlı İlya Yaşinin namizədliklərinin siyahıdan çıxarılması artan qəzəbin partlamasına gətirib çıxardı.

Moskvadakı mitinqlər zamanı polislər və milli qvardiyanın əsgərləri dinc etirazçıları döydülər və 2400 nəfəri saxladılar, amma bu etirazçıların qətiyyətini yalnız möhkəmləndirib. Şənbə günü (17 avqust) hakimiyyət şəhərin mərkəzindən uzaq rayonda mitinq keçirməyə icazə verib.

Qızıl Meydanın yaxınlığında yerləşən prezident administrasiyası binası yaxınlığında toplaşan etirazçılara qarşı polisin xüsusi təyinatlı dəstələri çox sərt müdaxilə edib. Polislərdən birinın 26 yaşlı Darya Sosnovskayanın qarnına necə zərbə vurması anı videoya çəkilib. Bu cür zorakılıqlar hüquq-mühafizə orqanları və hərbi strukturlarla möhkəm bağları olan Kreml məmurlar klanının öz mövqelərini necə gücləndirdiyini göstərir.

moskva04

İyun ayında hakimiyyət quraşdırma narkotik satışı ittihamı ilə həbs etdirdiyi jurnalist İvan Qolunovu azadlığa buraxdı. Maraqlıdır ki, belə bir hal Rusiya üçün istisna sayılır.Politoloq Tatyana Stanovayanın fikrinə görə, məmurlar çox vaxt Putinə ictimai narazılığın səbəbləri barəsində məlumat vermirlər. Əgər onlar narazılığın səbəbinin sosial bərabərsizlik və iqtisadiyyatdakı uğursuzluqlar olmasını desələr, onda prezident tərəfindən tənqidə və ittihamlara məruz qalacaqlar. Digər tərəfdən isə məmurlar qorxurlar ki, həqiqəti desələr, onları müxalifət tərəfdaşı hesab edə bilərlər.

Keçən il Putin pensiya yaşını qaldırandan sonra onun populyarlıq reytinqi aşağı düşmüşdü. Cəmiyyətdə getdikcə Putini xalqdan uzaqlaşmış elitanın nümayəndəsi hesab edirlər. İndi Putin həm narazılığın səbəbini analiz edə bilmir, həm də reallıqla razılaşmır və elə buna görə də, sərt xətt tərəfdarlarına üstünlük verir. Sərt mövqe nümayiş etdirənlər etirazçılara milli təhlükəsizliyə xələl gətirəcək qüvvə kimi yanaşırlar.

Politoloq Tatyana Stanovaya deyib: “Putin hesab edir ki, güc strukturları daxili eltanın yeganə nümayəndələridir və onlara etibar etmək olar. Baxmayraq ki, bu struktur nümayəndələri hətta özlərini korrupsiyalaşmış axmaqlar kimi aparırlar, lakin onlara güvənmək olar”.

Müxalifətin sürətli dəyişikliklərə təkan verməsi az inandırıcıdır. Çünki 12 milyonluq şəhərdə 60 min nəfərin etirazı dönüş anı deyil. Amma hər halda etiraz əhval-ruhiyyəsi yayılır. Keçən həftə keçirilən rəy sorğusu göstərir ki, moskvalıların 37 faizi nümayiş itirakçılarını dəstəkləyir. Bir neçə tanınmış şəxs və iki pop-ulduz Sosnovskayanın döyülməsini kəskin qınayıb.

Moskvadakı Karnegi Mərkəzinin əməkdaşı Aleksandr Baunov hesab edir ki, Rusiya hakimiyyət zümrəsi “nümayişçilərə qarşı sərt tədbirlərə gələcək inqilabın yatırılması üçün özünəməxsus məşq kimi baxır”.

Aleksandr Navalnı kimi müxalifət liderləri ümid edirlər ki, aşağı əməkhaqqı və pensiyadan narazı qalan milyonlarla az gəlirli moskvalının artan məyusluğunu lazımi məcraya yönəldə biləcəklər. Növbəti böyük döyüş 2021-ci ildə Dövlət Dumasına seçkilər zamanı olacaq. Elə məhz 2011-ci ildə Dumaya keçirilən seçkilərin Kreml güclərinin xeyrinə saxtalaşdırılması meydana 100 min etirazçının çıxmasıyla nəticələndi və bu etirazlar 2012-ci ildə Putinin yenidən seçilməsinə kimi davam etdi.

Həmin hadisədən on il sonra isə vəziyyət Kreml üçün daha təhlükəli olacaq. Konstitusiyaya əsasən, Putin 2024-cü ildə prezident postunu tərk etməlidir və bu kürsü uğrunda mübarizə yaxınlaşır.

Ümumiyyətlə isə, cəmiyyətin, xüsusən də moskvalıların fikrinə görə, Putin reallıqla əlaqəsini itirib. Etirazçılar Moskvaya toplaşanda, o, ilhaq olunmuş Krımdaydı. O, Krımda Kremlpərəst “Gecə qurdları” motoklubunun üzvləriylə görüşürdü. Putin onları cəsur oğlanlar və həmçinin də Rusiya gəncliyinə ləyaqətli nümunə adlandırıb.

Bəli, ziddiyət çox kəskindir: bir tərəfdə dəri gödəkcələr geyinmiş prezidentin orta yaşlı dostları, digər tərəfdə isə reper Oksimironun qoşulduğu cəsarətli gənclərdən ibarət etirazçılar dayanıb. (“The Times”-Böyük Britaniya)

putin

“AzPolitika”nın əlavəsi: Moskvadakı mitinqlər bir daha göstərdi ki, hələ müxalifət istənilən səviyyədə güclü deyil, etirazlar var, lakin bu, hakimiyyətə ciddi təsir etmək baxımından kifayət etməz. Onu da unutmayaq ki, Rusiyanın ən varlı bölgəsi məhz paytaxt Moskvadır. Putin mərkəzin nə demək olduğunu yaxşı bilir, elə ona görə də, digər regionlarla müqayisədə Moskvanın sosial problemlərinin həll edilməsinə nisbətən daha çox pul ayırır. Əgər müxalifət Rusiyanın yoxsul zonalarında etiraz aksiyaları keçirsə, onda bəlkə küçəyə Moskvadakı qədər adam çıxar. Amma etirazlar hələlik Moskva Şəhər Dumasına seçkilərlə bağlıdır. İki ildən sonra Dövlət Dumasına seçkilər zamanı hadislər daha gərgin hal alacaq.

Kremldə hamı Putinin nə edəcəyini gözləyir, amma o niyyətini gizlədir. Ona görə də, ola bilər ki, gələcəkdə müxalifətin aksiyalarının intensivləşməsi dolayısilə Putin üçün yaxşı fürsət olsun. Sözsüz ki, Rusiya prezidenti hakimiyyət qrupları arasında “divide et impera”- “parçala hökm sür” Antik Roma frazasını daima istifadə edib. Amma elə vəziyyətlər olur ki, orada öz mənafeyi naminə rəqiblər də müvəqqəti birləşmək məcburiyyətində qalır. Ona görə də Putin hakim elitanı öz ətrafından qoparmamaqdan ötrü müxalifət kartından məharətlə istifadə edə bilər.

Putin hakim zümrəyə göstərər ki, baxın, bizi çox ciddi inqilab təhlükəsı gözləyir, bunun önünü isə yalnız mən ala bilərəm və deməli özünüzü qorumaq istəyirsinizsə, sizin gələcəyinizin ən optimal təminatçısı yenə də mən ola bilərəm. Yəni bu o deməkdir ki, konstitusiyaya “əl gəzdirmək” lazımdır ki, Putin yenidən prezident olsun. Elə bu səbəbdən də Rusiya müxalifəti istənilən gücə yiyələnməyənə qədər, özü də anlamadan böyük kombinasıyanın alətinə çevrilə bilər. AzPolitika.info

 
 






Fikirlər