Paşinyanın İrəvan fiaskosu, “Valday” gerçəyi və Azərbaycana verilən DƏYƏR...
İrəvanda oktyabrın 1-də baş tutan Avrasiya İqtisadi Birliyinin sammiti Ermənistanın gözlədiyi siyasi və təbliğati effekti vermədi. Düşmən ölkə və onun rəhbəri – baş nazir Nikol Paşinyanın bu tədbiri dəridən-qabıqdan çıxaraq, özü və ölkəsi üçün piar kampaniyasına, təbliğat vasitəsinə çevirmək səyləri alınmadı. Sönük keçən toplantı Paşinyanın özünü tərifləyə biləcək heç bir mühüm görüş, bəyanat və ya yekun sənədlə yadda qalmadı. Əksinə, sammit işğalçı ölkənin Qarabağ ixtilafına görə düşdüyü ağır vəziyyət səbəbi ilə inkişaf perspektivinin olmadığını, İrəvan-Moskva münasibətlərindəki soyuqluğu qabarıq surətdə nümayiş etdirdi. Paşinyanın, məsələn, İran prezidenti Həsən Ruhanini yox, məhz Rusiya lideri Putini yola salmaq üçün hava limanına qədər getməsi və orada onunla israrla ikinci görüşə nail olması, ardınca bunu uğur kimi təqdim etməsi də rəsmi İrəvanın təlaşı və vassal mövqeyi ilə birbaşa bağlı idi.
Sammitin İrəvanda keçirilməsinə rəğmən, Paşinyanın Putinlə görüşünün son anda baş tutması öz-özlüyündə çox şey deyir. Halbuki, erməni mediası da yazmışdı ki, İrəvan bu görüşün reallaşması üçün dəridən-qabıqdan çıxmış, bu məqsədlə Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılmış, xahişlər edilmişdi. Məlumat üçün: protokol qaydalarına əsasən, zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür. Bir çox hallarda bu görüşlər geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Azərbaycan dəfələrlə yüksək səviyyəli tədbirlərə ev sahibliyi edib, prezident İlham Əliyev dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşlər keçirib. Putinlə Paşinyan arasında görüş isə yalnız günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə əlbəttə ki, hər şeydən öncə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir. İrəvan tədbirinin Ermənistan üçün fiasko olmasının birinci səbəbi şübhəsiz, işğalçı ölkənin real suverenliyə malik olmaması səbəbindən hələ də heç kim, o sırada regional güclər tərəfindən ciddi dövlət kimi qəbul olunmaması ilə bağlıdır. Digər heç də az önəm kəsb etməyən səbəb konkret olaraq, Nikoi Paşinyanın hakimiyyətdə olduğu ilyarımda özü haqda ciddi və səmimi siyasətçi imici formalaşdır bilməməsi, daha çox populist obrazı yaratmasıdır.
Ermənistanın baş nazirinin yürütdüyü qeyri-konstruktiv, qeyri-səmimi siyasət, “balanslı siyasət” adı altında həm ABŞ-ın (Qərbin), həm də Rusiyanın dəstəyini almağa yönəilik irreal “iki stul” siyasəti nəyə gətirməli idisə, ona da gətirib. Bütün bunlar həm Ermənistanın, həm də onun indiki inqilabçı rəhbəri Paşinyanın nüfuzdan düşdüyünün göstəricisi sayıla bilər. Ermənistan mediası, ekspertləri də artıq etiraf edirlər ki, sadalanan səbəblərdən Ermənistan olan-qalan nüfuzunu da itirməkdədir... Diqqətçəkən məqamlardan biri də İrəvan toplantısından və Putinin İrəvanı tərk eləməsindən cəmi bir gün sonra, yəni dünən Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 2-də öz işinə başlamış “Valday” Beynəlxalq Müzakirə klubunun iclasında Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır” bəyanatına neqativ reaksiya verərək, belə yanaşmanın sülhə xidmət etmədiyini bəyan etməsidir.
Məsələ də ondadır ki, Paşinyanın həmin fikri Qarabağ probleminə qeyri-konstruktiv yanaşmadan daha çox, xarici siyasət sahəsindəki naşılığından, bölgədəki və dünyadakı reallıqları və şərtləri düzgün dərk edə və hesablaya bilməməsindən, ağıllı siyasət aparmaq bacarığına malik olmamasından qaynaqlanır. Onun təzəcə başa çatan ABŞ səfəri qənaətlərimizi bir daha təsdiq edir. Paşinyan səfərlə bağlı heç bir hədəfinə nail olmadı. Yalnız BMT Baş Məclisinin sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla selfi çəkdirməklə özünə təsəlli tapdı. O, Birləşmiş Ştatların hətta aşağı ranqlı rəsmisi ilə belə görüşə belə layiq bilinmədi. Erməni baş nazirin xarici siyasət sferasında bir-birinin ardınca üzləşdiyi uğursuzluq, tez-tez naqolay və absurd vəziyyətlərə düşməsi və fiasko olunan xarici səfərləri fonunda Azərbaycan prezidenti İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət alması, vaxtaşırı aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər ilə görüşləri, habelə NATO və Rusiya Baş Qərargah rəislərinin görüşlərinə Bakının uğurlu şəkildə ev sahibliyi eləməsi qeyd olunmaya bilməz.
Bu, əlbəttə ki, İlham Əliyevlə yanaşı, Azərbaycan dövlətinə, ölkəmizin regiondakı və dünyadakı yerinə və roluna verilən qiymətdir, Azərbaycan və rəhbərinin yetərincə yüksək nüfuzunun göstəricisidir. Nəhayət, ölkəmizə inam-etimadın təzahürüdür. İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən sayılan “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçi plenar iclasına dəvət alması, burada keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də bu nüfuz və hörmətin təzahürüdür. Yeri gəlmişkən, İlham Əliyev artıq Soçidədir.
Arayış üçün bildirək ki, 2004-cü ildə yaradılan “Valday” Beynəlxalq Diskussiya Klubunun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirildiyi üçün qurum belə adlanır. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbirdə bir neçə ölkənin, o cümlədən Azərbaycan prezidenti iştirak edir. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir. Sözsüz ki, “Valday” Klubunun toplantısında Azərbaycan və Rusiya dövlət başçılarının iştirakı və görüşü, iki prezidentin verəcəyi bəyanat və açıqlamalar, edəcəkləri çıxışlar qurumun adına əlavə sanbal gətirəcək. Eyni zamanda, İrəvan sammitinin Paşinyan üçün uğursuz bitməsi fonunda Güney Qafqazda real nüfuz və güc sahibinin hansı ölkə və lider olduğuna növbəti möhürü basacaq...