İrəvan iki od arasında - Bakı üçün təzə FÜRSƏT
Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 22-də ABŞ-a, Los-Ancelesə planlaşdırılan səfəri barədə məlumat vermişik. Hələlik bu səfərin dəqiq gündəliyi bəlli deyil. Erməni mənbələri yazır ki, Paşinyan öncə BMT Baş Məclisinin növbəti sessiyasına qatılacaq və Nyu-Yorkdan Los-Ancelesə yollanacaq. Bir şey dəqiqdir ki, bu dəfə də erməni tərəfi, o cümlədən Amerikadakı erməni lobbisi səfərlə bağlı ən əvvəl siyasi hədəflər güdəcək, Paşinyanın Birləşmiş Ştatlarda yüksək səviyyəli görüşlərini təşkil etməyə çalışacaq. Artıq indidən bu yöndə hərəkətlənmə başlayıb. Təbii ki, ABŞ prezidenti Donald Trampla heç olmasa, qısa müddətli görüşə nail olunması məxsusi diqqət mərkəzindədir. Yerli media isə baş nazirin Amerikaya qarşıdakı səfəri və onun mümkün nəticələri ilə bağlı təxminlər qurmağa başlayıb. Bu xüsusda erməni KİV-də gedən şərhlər diqqət çəkir. Şərhlər əsasən Paşinyanın nə dərəcədə Ağ Evin kandarına yaxın düşə biləcəyi yönündədir. *****
Yada salaq ki, Nikol Paşinyanın ABŞ-a keçən ilki ilk səfəri uğursuz olmuşdu. Baş nazir okeanın o tayından pərt qayıtmışdı - əgər Trampla BMT dəhlizində şəkil çəkdirmək uğur sayılmazsa. O zaman təzəcə “məxməri inqilab” eləmiş Paşinyan çox ümidli idi ki, işğalçı ölkəni ABŞ-a “demokratiya adası” kimi sırıyıb ondan “demokratiyaya dəstək” adı ilə böyük paralar qopara biləcək, bütövlükdə Ağ Evin ciddi siyasi himayəsini əldə edəcək. Alınmadı. Amma hədəf yerində qalır. Ermənilər yenə ümidlidirlər ki, bu dəfə həm ermənipərəst konqresmenlərin, həm də Amerikadakı lobbinin səyləri sayəsində nəticə olacaq. Lakin bədbin düşünənlər daha çoxdur. ***** “Nikol Paşinyanın BMT Baş Məclisinin ötənilki sessiyasında iştirakı və ABŞ-a bununla bağlı səfəri mahiyyət etibarilə iflas oldu. Nikol Paşinyan istər BMT-də, istərsə də digər yerlərdə məxməri inqilab haqda danışaraq, Ermənistanı inqilab prizmasından təqdim elədi, ancaq bu, hər hansı müsbət reaksiya doğurmadı. Erməni tərəfinin Donald Trampla Paşinyanın görüşünü heç olmasa BMT Baş Məclisi dəhlizində təşkil eləmək səyləri də uğursuz oldu. Həmçinin demokrat-konqresmenlərin görüşlə bağlı Trampa müraciəti səmərə vermədi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1 in.am erməni portalının dünənki baş məqaləsində deyilir. Müəllif Sərkis Arsruni ardınca yazır ki, hazırda ABŞ-Ermənistan siyasi və iqtisadi əlaqələri böhran vəziyyətindədir. “Bunun bir sübutu ”Arsax"a (Dağlıq Qarabağa - “YM”) Amerika yardımlarının kəsilməsi, Ermənistana isə azaldılmasıdır. Ancaq bu, yalnız görünən tərəfdir. İkitərəfli əlaqələrdəki böhranın kökləri daha dərindir - nə barədə ki, bu günlərdə nüfuzlu amerikalı analitik Pol Stronski erməni KİV-ə müsahibəsində ətraflı danışdı, o cümlədən İrəvanın Suriyaya humanitar missiya göndərməsindən söz açdı. İrəvan Rusiyaya xoş gəlmək üçün Suriyaya belə bir missiya göndərib. Lakin bu addım ABŞ-la siyasi əlaqələri pisləşdirdi. Amerika tərəfdən hətta ittiham səslənir ki, ABŞ vəsaitləri hesabına hazırlıq keçən erməni hərbçilər indi ABŞ-ın rəqiblərinin - qaniçən Bəşər Əsəd və Rusiyanın xeyrinə Suriyada missiya həyata keçirirlər", - deyə məqalədə qeyd olunur..
Yazıda daha sonra deyilir ki, Nikol Paşinyanın ABŞ səfəri məhz belə qəliz, çoxqatlı və mübahisəli kontekstdə baş tutmalıdır: “Bizim ABŞ-la əlaqələrimiz o dərəcədə aşağı səviyyəyə düşüb ki, hər şeyi təzədən, faktiki, ağ vərəqdən başlamaq lazımdır. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti köhnə, standart doqma və yanaşmalardan qurtulmalı və ikitərəfli əlaqələrin əsasına yeni alqoritmlər qoymalıdır. Əlbəttə, çox müsbət hal olardı ki, Paşinyanın səfərinin gündəliyində Ağ Ev Administrasiyasının yüksək səviyyəli nümayəndələri ilə görüşlər nəzərdə tutulaydı. Başqa yandan, bu görüşlər görüş xətrinə olmamalıdır. Trampla görüş də daxil, onların hamısı erməni-Amerika əlaqələrinin gündəliyindən qaynaqlanmalıdır və həmin gündəliyə xidmət eləməlidir. Əgər belə bir gündəlik yoxdursa, o zaman hətta Trampa görüşün də əsas nəticəsi Paşinyanın ABŞ prezidenti ilə şelfi çəkdirməsi olacaq”. ***** Əslində belə də olacaq. Çünki Nikol Paşinyan ötən 1 ildə yalançı qərbçilikdən uzağa gedə, Qərbin, öncəliklə də ABŞ-ın təqdirinə layiq heç bir addım atmayıb. Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq üçün iş görməyib. Vaşinqtonun israrlı istəklərinə rəğmən, bundan ötrü Qarabağ münaqişəsinin həlli yönündə hər hansı addım atmayıb. Əksinə, bu müddətdə işğalçı ölkə Rusiyaya daha sıx bağlanıb. Odur ki, bu dəfə Paşinyanın Trampla adicə şelfi çəkdirməsi də böyük sual altındadır. İşğalçı ölkənin hətta “qərbçi” Paşinyan dövründə də belə qəliz duruma düşəcəyini xeyli öncədən təxmin eləmişdik. Çünki xarici prioritetlərlə bağlı “iki stul” siyasətinin sonu yalnız bu ola bilərdi. Belə siyasətin mahiyyətində isə məkrli erməni istəyi dayanır. İrəvan çox istəyir ki, Ermənistanın bir əlindən ABŞ, o birindən isə ABŞ-ın qatı rəqibi Rusiya tutsun. Yəni bu iki supergüc bir-biri ilə çəkişsə də olar, əsas odur onların hər ikisi işğalçı ölkənin yanında olsun və ona dəstək versin - biri hərbi-siyasi, digəri maliyyə-iqtisadi. Azərbaycan torpaqlarının işğalı da davam eləsin. Bu siyasət iflas sayıla bilər. Buna Paşinyanın qarşıdakı ABŞ səfərində bir daha onun özü də daxil, hamı yəqinlik hasil edəcək. “İki stul” siyasəti artıq ona gətirib ki, Ermənistan faktiki, iki od arasında - Rusiya və ABŞ arasında qalıb. Bu, İrəvan üçün yeni risklər, Bakı üçünsə müəyyən əlavə fürsətlər yarada bilər - o cümlədən Qarabağ məsələsində... Nikol Paşinyanın budəfəki ABŞ səfərinin də fiasko olacağı gözlənilir - səbəb; Trampla heç olmasa, ayaqüstü görüş üçün yalvarışlar başladı; erməni mediası: “ABŞ-la əlaqələrimiz böhranlı səviyyəyə enib...”