Müsavatın “ağ ölüm”ü

Müsavatın “ağ ölüm”ü Avqustun 23-də müxalifətin yeni birliyi - “Ağ Blok” öz təqdimatını keçirib. Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən tədbirdə ölkənin aparıcı siyasi partiyalarının təmsilçiləri, gənclər, ziyalılar və hüquq müdafiəçiləri iştirak edib.

Tədbirin aparıcısı Cavanşir Abbaslı bildirib ki, Azərbaycan gəncliyi bu gün yeni blok şəklində toplanır: “Biz Azərbaycan xalqının sosial sifarişini yerinə yetirmişik. ”Ağ Blok"un hazırkı hədəfi bu ilin noyabrında keçiriləcək parlament seçkiləridir. Amma blokun fəaliyyəti təkcə bu seçkilərə istiqamətlənməyib. Məqsədimiz həm də sonrakı seçkilərdir".

Daha sonra çıxış edən AXP sədri Pənah Hüseyn bildirib ki, bu, uğurlu bağlanğıcdır: “Sonrakı fəaliyyətimiz də uğurlu olacaq. Mən buna inanıram, çünki biz artıq qocalırıq. Hər dəfə fürsət olan kimi deyirəm ki, gənclik də əbədi deyil. Gənc olanlar öz sözlərini desinlər, səslərini eşitdirsinlər, işlərini göstərsinlər”.

Tədbir zamanı blokun parlament seçkilərindəki namizədlərinin də təqdimatı olub.

Namizədlərdən Əhəd Məmmədli qeyd edib ki, “Ağ Blok” ləkələnməmiş insanların birliyidir: “Blokun namizədləri əsasən Azərbaycan müxalifətinin aparıcı siyasi təşkilatları olan Müsavat, Ümid, KXCP və digər partiyaların gəncləridir. Və bu gənclər cəmiyyəti gələcəyə aparmağa iddialıdırlar”.

KXCP təmsilçisi Zəka Sahib deyib ki, birləşdirici lider olan Əbülfəz Elçibəyin məzarını ziyarətə birgə getməyi bacarmayan müxalifətdən bizə xeyir yoxdur: “İnanıram ki, məğlubiyyətə məhkum olan bu müxalifəti meydandan çıxara biləcəyik”.

Rüfət Hacıbəyli söyləyib ki, ləkəsiz bir blok quracaqlar.

Kərim Ağarza xalqın müxalifətə inanmadığını diqqətə çatdırıb: “Amma biz öz fəaliyyətimizlə müxalifətə olan inamı bərpa edəcəyik”.

Elbəy Əsədov blokun ilkin hədəfinin parlament seçkiləri olduğunu söyləyib.

“Ağ Blok”un təsisçisi Tural Abbaslı isə bunları dilə gətirib: “İnsanların siyasətdən bezdiyi məqamda ”Ağ Blok"un meydana daxil olması siyasi tələbdir. Görün, hazırki müxalifət neçə parlament, prezident, bələdiyyə seçkilərini yola verib. Ancaq onlar hələ də zaman istəyirlər. Potensialımızı göstərməmişik deyirlər. Lakin bizə daxili intriqa, şəxsi ambisiyalar maraqlı deyil".

Sonda “Ağ Blok”un bəyanatı səsləndirilib. Bəyanatda ölkə gəncliyi birliyə çağırılıb.
Qeyd edək ki, “Ağ Blok”un yaradıcıları əsasən Müsavat Partiyası üzvləridir. Blokun təqdimat mərasimində Müsavat Divanının bəzi üzvləri də iştirak edib. Bəzi idddialara görə, qurultaydan sonra rəhbərlikdən narazı qalan müsavatçılar da bu bloka qoşulacaq. Müsavat Partiyası rəhbərliyi onun üzvlərinin bu addımına kəskin reaksiya verib.

Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib ki, Tural Abbaslının fəaliyyətində Müsavatın Nizamnaməsinə qarşı zidd məqamlar olacaqsa, bununla bağlı partiya strukturlarında tədbirlər görüləcək: “Bu məsələdə heç kəsə, o cümlədən Tural Abbaslıya güzəşt olunmayacaq. Hər bir Müsavat üzvü parlament seçkilərində namizədliyinin irəli sürülməsi üçün partiya rəhbərliyinə müraciət etməli və öhdəlik götürməlidir. Tural Abbaslı da elə etməlidir ki, namizədliyi partiyadan irəli sürülsün. Əks halda, parlament seçkilərində Müsavat Partiyasının namizədi kimi tanınmayacaq”.

Müsavat başqanının müavini Elman Fəttah da Abbaslının fəaliyyətinə nizamnamə çərçivəsində baxılacağını qeyd edib.

“Ağ Blok”un rəhbəri T.Abbaslı isə buna cavab olaraq deyib ki, Müsavatın başqanı Arif Hacılı olduğu müddətdə istənilən üzv partiyadan kənarlaşdırıla bilər: “Hazırda Müsavatın hər bir üzvü nizamnaməyə uyğun oldu-olmadı partiyadan xaric edilmə təhlükəsi ilə üz-üzədir. Təəssüf ki, Müsavat Partiyasının VIII qurultayından sonra Arif Hacılı nizamnamə ilə deyil, daha çox öz şəxsi qrup maraqları ilə çıxış etdi. O, partiyada şəxsi maraqlarını nizamnamədən üstün tutur. Bu gün nə etməyimdən asılı olmayaraq, Arif Hacılının qrup maraqlarına uyğun gəlməyəcəmsə, partiyadan uzaqlaşdıracaqlar. Yəni, mənimlə bağlı yalnız ”siyasi" qərar verilə bilər".






Fikirlər