Müsavat qərargahına giriş qadağandır?

Müsavat qərargahına giriş qadağandır?Müsavat Partiyasının rəhbərliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan üzvlərinin qərargaha girişinə qadağa qoyub.


Bu barədə qəzetimizə ADR-də təmsil olunan Müsavat üzvü Xeyrulla Balaxanlı məlumat verib. Onun sözlərinə görə, qərargaha girmək üçün rəhbərlikdən icazə almaq tələb olunur.

ADR üzvü, Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli də bu haqda informasiyası olduğunu deyib: "Əgər bu, doğrudursa, bunu, sadəcə, biabırçılıq adlandırmaq olar. Ora üzv olmayan şəxslər, yaxud ADR-də təmsil olunan üzvlər buraxılmırsa, bu, böyük Rəsulzadənin ruhuna hörmətsizlikdir", - deyə o bildirib.

"Arif Hacılı "icazəsiz girilməz" əmri verib"

Bir müddət əvvəl Müsavat Partiyasından çıxarılan ADR İdarə Heyətinin üzvü Səxavət Əlisoy isə məsələyə ironik yanaşıb. Onun sözlərinə görə, Arif Hacılı qərargaha girişi pullu etməlidir: "Məlumatlara görə, Arif Hacılı Müsavatın qərargahına "icazəsiz girilməz" əmri verib. Bəzilərini bəlkə də bu əmr təəccübləndirir. Lakin adam düz hərəkət edir. Çünki Müsavatın qərargahını ona 4 illiyə icarəyə veriblər, şəxsi təsərrüfata da yalnız təsərrüfatın üzvləri daxil ola bilər. Bir az da başlarını işlətsələr, maddi durumlarını da düzəldə bilərlər. Yəni, girişi pullu etsələr, imkanlı müsavatçılar və gözləri hələ də Müsavatın qapısında qalan ADR-çilərin sayəsində ən azı texniki problemlərini həll edərlər. Obyekti səmərəli işlətmək lazımdır".

Arif Hacılının qardaşından təkzib

Müsavat Partiyası Məclis üzvü, partiya başqanının qardaşı Mustafa Hacıbəyli deyilənləri əsassız ittiham adlandırıb: "Müsavatın qərargahı müxalifət düşərgəsində olan bir çox partiyalar üçün həmişə toplantı yeri olub. İstər İctimai Palata, Milli Şura, istərsə də AXCP-nin özü Müsavatın qərargahından istifadə edib".
M.Hacıbəyli həmçinin Müsavat Məclisinin aprelin 4-də keçirilən toplantısında qəbul edilən təlimata da aydınlıq gətirib.

Qeyd edək ki, təlimata görə, Müsavat Partiyası adından deputatlığa namizəd olmaq istəyən şəxslər başqana ərizə yazaraq partiya Nizamnaməsinə tabe olacaqları və fəaliyyətlərini rəhbər strukturlarla razılaşdıracaqları haqda öhdəlik götürməlidirlər. Bu sənəd partiyanın bəzi üzvləri tərəfindən birmənalı qarşılanmayıb və iddia olunur ki, bu, Müsavatın qurumlarını legitim saymayan Müsavat üzvü, ADR sədrinin I müavini Vurğun Əyyuba qarşı yönəlib.

"Vurğun Əyyub 5-6 nəfərə qonaqlıq verməklə Müsavatın namizədi olmaq istəyir"

M.Hacıbəyli isə bu iddia ilə razılaşmadığını söyləyib. Onun sözlərinə görə, bundan əvvəlki dövrdə də öhdəlik götürülmə ilə bağlı təcrübə olub: "Ötən parlament seçkilərində Müsavatda namizədlərdən öhdəlik ərizələri götürülüb. Bu təlimat konkret bir nəfərə ünvanlanan məsələ deyil. Müsavatın Məclisini, onun siyasi kursunu tanımayan, xəttini qəbul etməyən, ona qarşı ardıcıl fəaliyyət göstərən, insanları Müsavat rəhbərliyinə qarşı itaətsizliyə cəlb edən, üzvlük haqqı verməkdən, bu və ya digər vəzifələrdə təmsil olunmaqdan imtinaya vadar edən Vurğun Əyyub bu posedurları da göz altına almalıdır. Digər tərəfdən 2000-ci ildə Müsavatda praymeriz keçirilmişdi. Həmin praymerizə 10 mindən artıq müsavatçı səfərbər olunmuşdu və bu sayda insanların rəyi nəzərə alınaraq Müsavatın proporsional seçkidə namizədlərinin siyahısı formalaşmışdı. Amma buna rəğmən yenə də o siyahını Məclis təsdiqləmişdi. Vurğun Əyyub da hesab edir ki, 5-6 nəfərə 1-2 qonaqlıq versin, Müsavatın namizədi olsun. Bu isə 5-6 nəfərin iradəsi olacaq. Namizədlərin Məclis tərəfindən təsdiqlənməsi həm Nizamnamədə nəzərdə tutulub, həm də praktikada var. Öhdəlik ərizəsinin imzalanması da bir nəfərə aid məsələ deyil, hər kəs o ərizəni imzalayacaq".






Fikirlər