"Qarabağ" bloku buraxılır...
Səbəb burada təmsil olunan Demokrat Partiyası (ADP) ilə Ümid Partiyası arasında seçkilərlə bağlı fərqli mövqelərin olmasıdır.
Qeyd edək ki, ADP ilə Ümid Partiyası artıq neçə ildir ki, müttəfiqlik edir. Lakin qəribədir ki, bu partiyaların seçkilər məsələsində mövqeyi daima fərqli olur. Məsələn, 2013-cü il Prezident seçkiləri zamanı da bu partiyalar öz namizədləri ilə çıxış etdilər. Son bələdiyyə seçkilərində də bu proses müşahidə olundu. İndi isə bəlli olub ki, Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində ADP ilə deyil, 125-lər Klubu ilə birgə iştirak etmək istəyir.
Dünən Ümid Partiyası ilə 125-lər Klubunun birgə namizədlər siyahısı açıqlanıb. Bu iki qurum birlikdə 65 namizəd irəli sürüb və elan edib ki, daha 15 seçki dairəsi üzrə dəqiqləşdirmə işləri aparılır. Maraqlısı odur ki, "Qarabağ" bloku da seçkilərdə birgə iştirakla bağlı ümumi qərar qəbul edib, mövqe nümayiş etdirib. İndilikdə isə belə çıxır ki, Ümid son anda ADP-dən imtina edib və 125-lər Siyasi Klubu ilə anlaşıb. Artıq Demokrat Partiyası bu duruma münasibətini ifadə edib. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bu barədə onda informasiya yoxdur: "Bu gün "Qarabağ" blokunun iclası olacaq. Biz məsələni orada müzakirə edəcəyik. Əgər Ümid 125-lər deyilən qurumla blok yaradıb seçkilərdə iştirak etməyi planlayırsa, biz də müəyyən addımlar atacağıq. Başqa sözlə, digər qüvvələrlə seçkidə iştirak edəcəyik. Amma konkret olaraq bizdə məlumat yoxdur".
"Müttəfiqlər bu kimi məsələləri öncədən razılaşdırmırmı" sualına gəldikdə ADP sədri deyib ki, bu, belədir: "Biz müttəfiqik. Ola bilsin ki, onlar seçkilərə bu formatda getməyi məqbul hesab edirlər. Müttəfiqik deyə onları öz marağımıza tabe etdirməyəcəyik. Biz bir-birimizin maraqlarına toxunmamalıyıq. Biz Prezident seçkilərinə də öz namizədimizlə getmişik. Parlament seçkilərində də bu, baş verə bilər. Bundan narahat deyilik və müttəfiq partiyadan da narazı deyilik. Ancaq biz blok şəklində seçkiyə getmək haqda qərar vermişik. Bir çox qüvvələr bizə müraciət edib və bizimlə seçkiyə getməyimizə hazır olduqlarını ifadə ediblər. Ancaq siyasi etikaya uyğun olaraq "Qarabağ" blokunda məsələni yoluna qoyub sonra digər məsələlərə baxacağıq".
"Siyasi blokun davamlılığı və gücü həm də onun seçki blokuna çevrilə bilməsindədir. Əks təqdirdə bu qeyri-ciddi görünmürmü" sualına gəldikdə Sərdar Cəlaloğlu deyib ki, bu məsələ onlarlıq deyil: "Bizim qərarımız yoxdur. Bunun nə dərəcə ciddi və qeyri-ciddi olduğunu Ümid Partiyasından soruşun. Biz kimisə məcbur edə bilmərik ki, bizimlə seçkiyə gedin. Əgər bu gün Ümid təklif etsə, biz problemsiz və intriqasız bloku buraxarıq. Əgər onlar seçkiyə bu şəkildə gedəcəksə, bizim üçün də seçkiyə başqa partiya ilə bir blokda getmək problem olmayacaq".
"Bu gün Qarabağ bloku buraxıla bilərmi" sualına ADP sədri maraqlı cavab verib: "İndi konkret bir söz deyə bilmərəm. Əgər Ümid təklif etsə, bloku məmnuniyyətlə buraxacağıq". (Teleqrafinfo)