Parlament seçkiləri ilə bağlı şok – QƏRAR
Üstəlik, dövlət strukturlarında, xüsusilə fəal seçici təbəqəsinin təmsil olunduğu təhsil və neft sektorunda ixtisarların başlaması da parlament seçkilərinin nəticələrinə əhəmiyyətli təsir göstərə bilər. Hər parlament seçkilərində hakimiyyətdaxili qüvvələrin deputat yeri uğrunda mübarizəsinin qızışmasını da buraya əlavə etsək, iqtidar üçün o qədər də əlverişli mənzərə yaranmır.
Ötən ilin sonunda proporsional sistemin bərpasının mümkünlüyü haqda mediaya ötürülmüş məlumatları hakimiyyət daxilindəki qüvvələr “top-tüfənglə” qarşıladılar. İllərdir proporsional sistemin bərpasına müqavimət göstərən məmur-oliqarxların parlamentdə maraqlarını müdafiə edənlər, hətta vaxtilə bu sistemin yenidən Seçki Məcəlləsinə qaytarılmasına tərəfdarı olanlar bu dəfə daha sərt mövqe tutdular. İndi aydın olur ki, bu xəbər daha çox iqtidardaxili qüvvələrin “nəbzini” yoxlamaq üçün mediaya ötürülübmüş…
Amma yuxarıda sadaladıqlarımızdan əlavə, beynəlxalq şərtlər də indilikdə hakimiyyətin lehinə deyil. Qərb Azərbaycan parlamentində müxalifətin təmsil olunmamasından və ölkənin ali qanunvericilik orqanında hakim partiyanın monopoliyasından narahatdır. Əsas müxalifət partiyaları seçkidə iştirak tərəfdarıdır və bununla bağlı artıq yeni birlik modeli axtarışı başlanıb. Milli Strateji Düşüncə Mərkəzinin parlament seçkilərinin müzakirəsinə həsr olunmuş dəyirmi masasında çıxış edən qurumun rəhbəri İsa Qəmbər deyib ki, parlament seçkilərində iştirak etmək vacibdir: “Ciddi siyasi qüvvələr, iddiaçı qüvvələr parlament seçkilərində iştiraka hazırlaşmalıdır. Çünki seçkilərdə iştirak böyük və nəhəng bir prosesdir, imtina isə prosesin istənilən məqamında qəbul edilə biləcək bir qərardır”.
Əldə etdiyimiz məlumata görə, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hazırlığı fevral ayından başlayacaq. Belə ki, əvvəlcə parlament seçkiləri ilə bağlı partiyanın proqramı hazırlanacaq. Bu proqram YAP-ın İdarə Heyətində təsdiq olunduqdan sonra seçki hazırlığına başlanacaq.
YAP-ın iki əsas funksioneri – icra katibi Əli Əhmədov baş nazirin müavini, icra katibinin müavini Mübariz Qurbanlı isə Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri təyin edildiyi üçün seçki hazırlığı məsələsində işlər xeyli qəlizləşib. Mənbəmiz deyib ki, icra katibinin müavini Siyavuş Novruzov seçkilərlə bağlı məsuliyyəti üzərinə götürmək istəsə də, Prezident Administrasiyasından razılıq verilməyib. Deyilib ki, bu dəfə seçki prosesi məhz Prezident Administrasiyasından kurasiya ediləcək. Xatırladaq ki, parlament seçkilərində YAP-la Prezident Administrasiyası arasında həmişə gizli mübarizə gedib. Əli Əhmədovun fəal partiya işindən uzaqlaşdırılması ilə bu dəfə “Ag ev” seçki prosesinə tam nəzarəti ələ ala bilib.
Məlumatlı mənbə iddia edib ki, YAP-da danışırlar ki, bu dəfə deputatlığa namizəd siyahısı tam fərqli hazırlanacaq. Belə ki, 2010-da YAP siyahısından mandat alan bir çoxları bu dəfə kənarda qalacaqlar. 2010-cu ildə YAP siyahısından deputat seçilmiş 70 nəfərdən ən azı 30-u bu dəfə mandatını təhvil verməli olacaq.
Xəbərlərə görə, hələ kimin siyahıdan kənarda qalacağı müəyyənləşməyib, ya da indidən narazılıq yaratmamaq üçün dəqiqləşdirilmədiyi deyilib. Amma bəzi deputatlar indidən narahat olmağa və əlaqələrini işə salmağa, hətta “filan qədər saymağa” hazır olduğunu deyirlər. Xəbərdə ən maraqlı məqam odur ki, bu seçkilərdə YAP-ın “əzici üstünlüyü” olmayacaq, hətta bəzi dairələrdə qəsdən uduzdurulacaq da… Bu planda məqsəd seçkiyə rəqabət mühiti rəngi qatmaq olsa da, YAP-dan güzəşt edilən mandatların “müstəqil” şəxslərin hesabına kompensasiya ediləcəyi düşünülür. YAP həmin müstəqil şəxslərin namizədliyini dəstəkləməyəcək, amma onları müxalifətçilər kimi “gözümçıxdıya” da salmayacaqlar. Müstəqil namizədlərə gəlincə, iddiaya görə, onların siyahısında sabiq YAP-çılar da var, müxalifətçi keçmişi olan da, politoloq da, jurnalistlər də… Onların sayının təxminən 30 nəfərədək olacağı deyilir. Amma gözlənilir ki, iqtidarın bu planı müəyyən dairələrdə, eləcə də YAP daxilində ciddi narazılıq doğursun (Musavat.com).