Rəsul Quliyevdən növbəti şok açıqlamalar...
"Saxtalaşmanın qarşısını almaq üçün hansı planı qurmuşdun ki, yenidən yuyulmamış qaşıq kimi özünü ortaya atdın?"
Bir aydan sonra bələdiyyə seçkiləri olacağını namizədlərdən savayı kimsə xatırlamaq belə istəmir. Amma əvəzində media və potensial namizədlər, yaxası üçrəngli deputat nişanı üçün qəribsəyənlər indidən gələnilki parlament seçkilərinə hazırlaşır. Təsadüfən Rəsul Quliyevin belə bir istəyi varmı və ya hər zaman qalib gəldiyi seçki dairəsindən dəstəkləyəcəyi namizəd mümkünmü?
Moderator.az bu sualla ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevə müraciət edib və aşağıdakı cavabı alıb:
"Hökümət ölkəni necə idarə edəcəyini 1998-ci ildən müəyyənləşdirib və planını dəyişdirməyib, davam etdirir. Müxalifətin (daha doğrusu, özlərini müxalifət adlandıranlar) heç vaxt müəyyən bir planı olmayıb və olmayacaq. İstənilən seçkilərdə (istər bələdiyə, istərsə də parlament) onlar "biz də varıq" şüarı ilə özlərini ortaya atır (baxmayaraq bu proseslərdə müqəvva və ya kukla olduqlarını bilirlər) "bəlkə bizə də bir yer verdilər" ümidi ilə yaşayırlar. 20 ildir bütün seçkilərdə eyni adamların iştirak etməsi, seçicilərinə vədlər verib sonra bunları yerinə yetirməmələrinə baxmayaraq yenə əl çəkməməsinə nə adı vermək olar. Hər dəfə "seçki saxtalaşmasaydı udmuşdum" deməklə yaxanı qırağa çəkmək olarmı? Adamdan soruşmazlarmı ay gədə, məgər bilmirdin seçki saxtalaşdırılacaq, bu saxtalaşmanın qarşısını almaq üçün hansı planı qurmuşdun ki, yenidən yuyulmamış qaşıq kimi özünü ortaya atdın?
Bunları nəzərə alaraq 2015-ci il seçkilərində iştirak etmək niyyətim yoxdur. eçiciləri mütəmadi aldatmaq olmaz, insan tam abır-həyasını itirməməlidir.
Ancaq heç bir şey dəyişənə oxşamır. Kuklavodlar daha da təcrübələnib. Kuklalar isə kukla abırlarını da itiriblər."