İlqar Məmmədov və Rəsul Cəfərovun barəsində hökmlərə yenidən baxılacaq

İlqar Məmmədov və Rəsul Cəfərovun barəsində hökmlərə yenidən baxılacaq

REAL Partiyasının rəhbəri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökmlərə yenidən baxılacaq. Reyting.az Turan-a istinadla xəbər verir ki, bu məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İ. Məmmədov və R. Cəfərov 8 ərizəçinin sırasındadır ki, Avropa İnsan Hüquqları Məhkəməsi onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsinin pozulduğunu, yəni cinayət təqibinin siyasi motivli olduğunu tanıyıb.

2019-cu ilin sentyabrından Avropa Şurası Nazirlər Komitəsi və təşkilatın digər strukturları və vəzifəli şəxsləri dəfələrlə Azərbaycan hakimiyyətini 8 ərizəçinin - İlqar Məmmədov, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov və Rəşad Həsənovun hüquqlarının bərpası məqsədilə AİHM qərarlarını tam yerinə yetirməyə çağırıb. Lakin bu çağırışlar nəzərə alınmayıb və məhkumluğun saxlanması bəzi ərizəçilərin 9 fevral parlament seçkilərində deputatlığa namizəd kimi iştirakına mane olub.

Nəhayət, martın 5-də Nazirlər Komitəsi bu məsələ ilə bağlı aralıq qətnamə qəbul edib və son müddəti elan edib - 30 aprel 2020-ci il. Bu müddətə qədər Azərbaycan hökuməti həmin şəxslərin barəsində AİHM qərarlarının yerinə yetirilməsi üçün görülən tədbirlərə dair məlumat verməlidir.

Məlumata görə, ötən gün İlqar Məmmədov və Rəsul Cəfərov bildiriş alıblar ki, onların işləri Azərbaycan Ali Məhkəməsi Plenumunun aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İlqar Məmmədovun vəkili Fuad Ağayev Turan-ın müxbiri ilə söhbətində müvəkkilinin barəsində əvvəlki hökmlərin və məhkəmə qərarlarının tamamilə ləğvini istisna etməyib.

Vəkilin sözlərinə görə, Azərbaycanın cinayət-prosessual qanunvericiliyi belə ləğv etməyə icazə verir, əgər şəxsin hüquqlarının pozulması Konstitusiya Məhkəməsi və ya AİHM tərəfindən tanınıbsa.

İlqar Məmmədovla bağlı AİHM-in üç qərarı olub və indi Ali Məhkəmənin Plenumu işə Strasburq məhkəməsinin 29 may 2019-cu il tarixli üçüncü qərarına uyğun olaraq baxacaq.

İ. Məmmədov özü Facebook səhifəsində Ali Məhkəmənin Plenumunun qarşıdakı iclasını şərh edərkən xatırladıb ki, fevralın 29-da Prezident Administrasiyasının Siyasi partiyalarla əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşə dəvət olunub. Görüşdə demokratiyanın inkişafı və milli maraqların irəliləməsi məsələləri müzakirə edilib.

Onun fikrincə, Ali Məhkəmə Plenumunun qarşıdakı iclası dialoq təşəbbüsünün həyata keçirilməsi üçün fürsətdir.

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov Turan-a bildirib ki, onun işi də aprelin 23-də Azərbaycan Ali Məhkəməsi Plenumunun iclasının gündəliyinə daxil edilib.

“Azərbaycan Cinayət Prosessual Məcəlləsinə görə, Azərbaycan Ali Məhkəməsinin Plenumu yenidən açılmış hallar üzrə işə yenidən baxarkən üç növ qərar qəbul edə bilər: işin birinci instansiya məhkəməsinə və ya Apellyasiya Məhkəməsinə qaytarılması barədə məhkəmələrin əvvəlki qərarlarının ləğv edilməsi; Ali Məhkəmənin qərarını dəyişdirilməsi; ümumiyyətlə, Ali Məhkəmənin qərarını ləğv etmək və yeni qərar çıxarmaq vermək. Düzünü desəm, mən üçüncü variantı gözləyirəm. Çünki yalnız bu variantda bizim hüquqlarımız milli qanunvericilik və ölkə Konstitusiyası çərçivəsində tam şəkildə bərpa olunacaq”, - R. Cəfərov qeyd edib.

Ali Məhkəmənin Plenumunun Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsində adı çəkilən digər 6 nəfərin işlərinə baxıb-baxmayacağı hələlik məlum deyil.

Ən azı Anar Məmmədli və İntiqam Əliyev Ali Məhkəmədən bu barədə bildiriş almayıblar. Digər dörd fəal da onlara Ali Məhkəmədən bildirişin göndərilməsi barədə bilgi verməyib.

Reyting.az






Fikirlər