Milli Məclisin ağsaqqal deputatları: Döyüşə yenə qocalar gedir – SİYAHI

 

meclis-1.jpg

Builki parlament seçkilərində YAP-ın çox intizarla gözlənilən siyahısının açıqlanmasından sonra namizədlərin sayı sürətlə artmağa başlayıb. Son bir həftədə artıq seçki marafonunun  əsas fiqurları bəlli olub. Hətta kimlərin mandat yarışında qalib gələcəyini indidən təxmin etmək də çətin deyil. 1 noyabr parlament seçkilərinin nəticələri ilə bağlı ümumi şəkildə onu demək olar ki, çox böyük ehtimalla, Milli Məclisdə yenə uzun illərin tanış simaları görünəcək, səsləri eşidiləcək.

Çünki uzun illərin namizdələri və qalibləri yenə seçki marafonunun əsas şanslıları sırasında əksəriyyəti təşkil edirlər.   

Bunlarla yanaşı, 1 noyabr seçkiləri namizədlər sırasında Milli Məclisdə təmsilçiliyi və yaşları ilə rekord qıran  ağsaqqal millət vəkillərinin də sayının çoxluğu ilə diqqət çəkir.

Strateq.az-ın apardığı araşdırma nəticəsində bəlli olub ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü və öz təşəbbüsü ilə namizəd olan hazırkı deputatların 14 nəfərinin 70 və daha çox yaşı var.  

Ağacan Əbiyev

Aqacan-Abiyev-1.JPG

Bu siyahıya Ağacan Abıyev rəhbərlik edir. Məşum Stalin repressiyalarının tuğyan etdiyi 1937-ci ildə Bakının Bülbülə kəndində doğulan Ağacan müəllim üçün Milli Məclisin divarları doğma ev qədər əzizdir.  O, artıq 10 ildir ki, deputat mandatı daşıyır. Abiyev 2005-ci il  və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədridir.

Ağacan müəllimi həm də uzunömürlü rektor da hesab etmək olar.  O, hələ SSRİ dönəmindən - 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsində çalışır.  Bu, az vaxt deyil - 28 il. Ağacan müəllim bu il “ya rektor, ya da deputatlıq” dilemması qarşısında qalaraq mandata üstünlük verib.   YAP üzvü olan Ağacan müəllim  32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülüb.

Yaqub Mahmudov

Yaqub_Mahmudov-1.jpg

Siyahıda ikinci Yaqub Mahmudov gəlir. Tarixçi alim  1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.  Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü olan Y. Mahmudov 2004-cü ildən A.Bakıxanov adına Tarix İnstitutunun direktorudur.  76 yaşlı Yaqub müəllim də parlament divarları arasında az vaxt keçirməyib. İlk dəfə 2000-ci ildə deputat seçilən professor daha sonra 2 dəfə də - 2005, 2010-cu illərdə keçirilmiş seçkilərdə mandat ala bilib.  

Arif Rəhimzadə

arif-rehimzade.jpg

Parlamentin daha bir qocaman deputat Arif Rəhimzadədir.

1941-ci ildə anadan olan Arif Rəhimzadənin zəngin siyasi karyerası olub. Gəncədə doğulan Rəhimzadə SSRİ zamanında ciddi partiya karyera qura bilib.  O, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləyib. Daha sonra 1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olub.

Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olub. 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsində çalışıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Prezidentinin  dövlət müşaviri vəzifələrində çalışıb. Müstəqil Azərbaycan parlamentində isə artıq dörd dəfə oturub. A. Rəhimzadə 1-4 çağırış Milli Məclisinin deputatı seçilib.  1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək Milli Məclis sədrinin birinci müavini olub. Milli Məclisin regional məsələlər komitəsinin sədridir.

Arif müəllim MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-Rusiya parlamenrlərarası işçi qrupunun rəhbəridir.

Eldar İbrahimov

eldar-ibrahimov.jpg

YAP-ın qurucularından olan Eldar İbrahimovun bu il 70 yaşı tamam olub.

1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olan E. İbrahimov YAP-ın “ağır toplarından” sayılır.  Əmək fəaliyyətinə Naxçıvan tikinti idarəsində başlayan Eldar müəllim  1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutununu bitirib. O, ilk dəfə 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Müstəqillik illərində isə müxtəlif dövlət vəzifələrində çalışıb.

1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib.

E. İbrahimov 1-ci, 2-ci, 3-cü və 4-cü çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədridir. Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür.

Hüseynbala Mirələmov

Huseynbala_Miralamov-1.JPG

YAP-ın önəm verdiyi digər yaşlı deputat Hüseynbala Mirələmovdur.  Hüseynbala Mirələmov - yazıçı, ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, texnika elmləri doktoru, professordur. 70 yaşlı Mirələmov 1945-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olub.

1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. AXC hakimiyyəti zamanı vəzifəsiz qalan Mirələmov bu müddətdə bizneslə məşğul olub.  1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. Hazırda ARDNŞ prezidentinin müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Xətai rayon təşkilatının sədridir.

Mirələmov artıq 2 dəfə deputat mandatı gəzdirib.  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür.

Rafiq Məmmədhəsənov

rafiq-memmedhesenov-1.jpg

YAP 103 saylı Gədəbəy seçki dairəsindən yenə də 70 yaşlı Rafiq Məmmədhəsənovun namizədliyini irəli sürüb.

Rafiq müəllim haqqında məlumatlar çox azdır. 1945-ci ildə Gədəbəydə doğulan, tibb elmləri doktoru olan R. Məmmədhəsənov Tibb Unversitetinin prorektorudur. O, 2010-cu ildə keçirilən seçkilərdə YAP-ın vahid siyahısı ilə iştirak edib və deputat olub.

Mixail Zabelin

mixail zabelin(09.04.2014).jpg

Azərbaycanda yaşayan rusları Milli Məclisdə təmsil edən Mixail Zabelin yenidən namizəd olaraq göstərilib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan Zabelinin artıq 4-cü dəfədir ki, namizədliyi irəli sürülüb. 1946-cı ildə anadan olan Zabelin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

Hadi Rəcəbli 

hadi.jpg

YAP-ın növbəti namizədi olan Hadi Rəcəbli əgər bu dəfə də mandat əldə etsə,  o zaman 70 yaşını Milli Məclisdə qeyd edəcək.

1947-ci ildə anadan olan H. Rəcəbli  ilk dəfə parlamentə bitərəf kimi 1995-ci ildə seçilib. Daha sonra 2000, 2005 və 2010-cu illərdə yenidən mandat əldə edib. H. Rəcəbli artıq beşinci dəfədir ki, eyni dairədən namizədliyi irəli sürülür. Onun namizədliyi 74 saylı Lənkəran kənd seçki dairəsindən  verilib.

Astan Şahverdiyev

astan_shaxverdiyev-1.jpg

YAP-ın digər namizədi Astan Şahverdiyev də artıq 3 dəfə deputat ola bilib.  Hakim partiya 1947-ci ildə doğumlu Şahverdiyevin namizədliyini 120 saylı Cəbrayil - Qubadlı seçki dairəsindən irəli sürüb.

 

2015-ci il siyahısında həmçinin YAP-ın dolayısı ilə dəstək verdiyi namizədlər də var.

Ziyad Səmədzadə

Ziya-Semedzade-1.JPG

Məsələn, bitərəf namizəd Ziyad Səmədzadə  1940-cı ildə Buzovnada anadan olub. O, sovet dövründən AMEA-nın müxbir üzvü (1980), AMEA-nın həqiqi üzvü (1989) olub. Ziyad müəllimin də zəngin siyasi karyerası olub.  1983-1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri vəzifələrində çalışıb.

 Zeynəb Xanlarova

Zeyneb Xanlarova-2.jpg

Bitərəflər arasında ən yaşlısı SSRİ xalq artisti Zeynəb Xanlarovadır. 1936-cı ildə anadan olan 79 yaşlı Z. Xanlarova 50 saylı Qobustan-Xızı–Quba seçki dairəsindən namizəddir.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib.

Xanhüseyn Kazımlı

xabhuseyn-kazimli.jpg

“Sosial Rifah” partiyasının sədri Xanhüseyn Kazımlının da kifayət qədər parlament təcrübəsi var. 1942-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olan X. Kazımlı 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb.

Sabir Rüstəmxanlı

sabir rustem.jpg

Xalq şairi Sabir Rüstəmxanlı da uzun müddətli parlament təcrübəsinə malikdir. 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs vermiş deputatlardan olan Rüstəmxanlı 4 dəfə deputat seçilib.  

Valeh Ələsgərov

Valeh_Elesgerov-1.jpg

Bitərəflərin nümayəndəsi Valeh Ələsgərov Milli Məclis sədrinin müavinidir.  1946-cı ildə Samuxda doğulan Ələsgərov 2005-ci ildə ilk dəfə deputat seçilib.Həmin il də o, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini təyin olunub.

Əməkdar mühəndisdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir.

SSRİ vaxtı  Rusiyada işləyən Ələsgərov 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini olub.  1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri vəzifəsində çalışıb. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində işləyib.  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.

İlyas İsmayılov

ilyas-esas.jpg

Parlamentin daha bir ağsaqqal deputatı Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovdur.

1938-ci il martın 20-də Tovuz rayonunda anadan olan 77 yaşlı İ. İsmayılov 2006-cı ildə keçirilən təkrar seçkilərdə deputat mandatı qazanıb.  İlyas müəllimin də zəngin siyasi və hüquq karyerası var. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, 1985-ci ildən  1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikasının baş  prokuroru olub. Daha sonra Moskvada mühüm vəzifəyə irəli çəkilən İsmayılov 1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb. O, 1992-1994-cü illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professordur.

Həmçinin ADP-nin həmsədri olub, 2000-ci ildən isə Ədalət Partiyasının sədridir.

İ. İsmayılov 2 dəfə Milli Məclisdə təmsil olunub.

 

Fəttah Heydərov

Fettah-Heyderov-2.jpg

Milli Məclisin daha bir qocaman deputatı Fəttah Heydərovdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini olan Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı vəzifəsinə təyin olunan F. Heydərov 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi olub.  1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib. 1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri postunda işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib.  1995, 2000, 2005 və 2010-cu illərdə keçirlimiş seçkilərdə Milli Məclisinin deputatı olub. Milli Məclisin regional məsələlər komitəsinin sədr müavinidir.

 

Strateq.az






Fikirlər