Erməni FAŞİZMİ: Paşinyan babasının mirasına sadiqdir

Erməni faşizmi: Paşinyan babasının mirasına sadiqdir

75 il öncə faşizm üzərində qələbədən sonra Almaniya da daxil olmaqla bütün ölkələr nasizmdən imtina etdi, yalnız Ermənistandan başqa. Və bunun fonunda Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın babasının II Dünya müharibəsində nasistlər tərəfindən döyüşməsi faktının ortaya çıxması erməni faşizmi məsələsini yenidən aktuallaşdırır.

I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən, XX əsrin əvvəlində azərbaycanlılara qarşı törətdikləri soyırımı aktlarını əsrin sonunda da davam etdirən Ermənistanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi siyasət, atdığı addımlar faşizmin tarixin arxivinə göndərilmədiyini, bu ölkənin siyasi orqanizmində yaşadığını göstərir. Daçau düşərgəsində baş verənlərin Xocalıda təkrarlanması, hətta Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan, Robert Koçaryan da daxil olmaqla hərbi-siyasi rəhbərliyinin yeni soyqırımı aktını daha kreativ etmək üçün azərbaycanlılar üzərində həyata keçirdikləri dəhşətli əməllər nasistləri belə kölgədə qoyur.

Tarixin xronologiyası erməni faşizminin günümüzə qədər davam etdiyini təsdiqləyir.

XX əsrin əvvəllərində ermənilər azərbaycanlılara, o cümlədən, erməni olmayan digər millətlərə qarşı soyqırımılar törətdi.

SSRİ qurulandan sonra onlar bolşevik donunda soyqırımına davam etdilər. İttifaqın rəhbərliyində yer alan ermənilərin azərbaycanlılara, ümumiyyətlə türk əsilli xalqlara qarşı atdığı addımları tarix unutmayıb. Levon Mirzoyanın 1932-33-cü illərdə Asiya çöllərində əsdirdiyi soyqırımı küləyi da yaxşı xatırlanır.

II Dünya müharibəsi zamanı keçmiş daşnak, Njde ləqəbli Qaregin Ter-Arutyunyan Üçüncü Reyxin əsas adamlarından idi. O, əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktlarının törədilməsi planının ideoloji banilərindən olan həmin Qaregindir. Njde soyqırımı ideologiyasını daha sonra nasistlərin cərgəsində davam etdirməyə başladı. Onun nasistlərin cəbhəsində 1942-ci ildə ermənilərdən ibarət yaratdığı cəza legionu Ukraynada, Polşada yəhudilərə və digər millətlərə qarşı kütləvi qətliamlar törətdi. Tarixi məlumatlara görə, bu legion təkcə Krımda 20 min insanı məhv edib. Rusiya Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. 1948-ci ildə Njde hərbi cinayətkar qismində həbs edilərək, 25 il həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb”.

Njde istintaqa ifadəsində deyirdi: “Mən Berlində erməni komitəsində işləyəndə bütün diversantlar alman forması ilə təchiz olundu və Krıma göndərildik. Orada Simena kəndində yerləşdik. Krımda bu qrup 4-cü alayın ətrafında idilər. Krım da diversiya məktəbinin bütün üzvləri təxribatlar törətmək məqsədilə Sovet Ermənistanbına göndərilmək üçün hazır vəziyyətdə gözləyirdilər”.

Böyük Vətən müharibəsindən sonra Njde düşmən kimi unuduldu. Lakin ermənilər onun “xatirəsini” ürəklərində saxlamışdı.

SSRİ dağılanda Njdenin davamçıları Dağlıq Qarabağda əsrin əvvəlində yarımçıq qalan soyqırımı ideologiyasını davam etdirməyə başladılar. Sonradan Ermənistanın müdafiə naziri və prezidenti olacaq Serj Sarkisyan, eləcə də Robert Koçaryan da daxil olmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyi Njdenin cəza legionuna bənzər hərbi dəstələr yaradaraq, azərbaycanlılara qarşı soyqırımı aktları törətdilər.

Serj Sarkisyan ingilis jurnalist Tomas de Valla müsahibəsində Xocalı soyqırımı haqda belə deyirdi: “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər”.

SSRİ dağılandan sonra Ermənistan respublikası yarandı və onun rəhbərliyi artıq faşizm sevgisini gizlətmədilər. Keçmiş prezident Serj Sarkisyanın 2006-cı ildə nasist cəlladlarından olan Qaregin Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə ucaltması və onun açılışını şəxsən etməsi bunun əyani sübutu idi. Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının gerbində nasizm simvolunun əks olunması da bu sevginin davamı və faşizmin Ermənistanda dövlət siyasəti olduğunu göstərir.

Ermənistanla yanaşı, müxtəlif ölkələrə səpələnmiş erməni diasporu da Njdenin timsalında faşizmin qəhrəmanlaşdırılması istiqamətində çalışır, müxtəlif şəhərlərdə nasist cəllada abidələr ucaldırlar.

Ermənistanda “küçə inqilabı” ilə hakimiyyətə gələn Nikol Paşinyanın “demokratiya” nağılları bu ölkənin faşizm siyasətindən əl çəkəcəyi, Njdeyə qoyulan abidənin söküləcəyi haqda gözləntilər yaratdı. Lakin Prezident İlham Əliyev ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışı zamanı Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktlarlarını gündəmə gətirəndə Paşinyanın nasizmi müdafiə etməsi bu gözləntiləri sıradan çıxardı. Halbuki, bütün dünyanın lənətlədiyi faşizmin müdafiəçisi olmaq və faşistləri qəhrəmanlaşdırmaq Ermənistanın bir dövlət kimi maraqlarına ziddir. Hər-halda siyasi proseslərin inkişafı və beynəlxalq münasibətlər elmi bir ölkənin belə etməli olmadığını təsdiqləyir.

Burada məntiqi sual önə çıxır: Nikol Paşinyan sələflərinin bu ağır mirasından niyə imtina etmir?

Ermənistan baş nazirinin babası Nikol Paşinyanın Hitlerin əsgəri olması faktının ortaya çıxması bu sualın da cavabını aydınlaşdırır.

“İravunk.am” saytı yazır ki, baş nazir Nikol Paşinyanla eyni adı daşıyan babası 1943-cü ildə Qarehin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub. Ermənistan Müdafiə Nazirliyi bu faktı təkzib etməyə çalışsa da, sosial şəbəkələrdə yayılan sənədlər bu məlumatı təsdiqlədi.

Bu fakt həm də onu sübut edir ki, Ermənistanın baş naziri sələflərinin yox, birbaşa babasının və soyqırımı ideologiyasının erməni banilərinin mirasını davam etdirir.

Ötən əsrin əvvəlindən günümüzə qədərki tarixi xronologiya Ermənistanın faşizmi ideologiya olaraq seçdiyini göstərir. Şəxslər dəyişə bilər, hakimiyyətlər bir-birini əvəz edə bilər, amma faşizm idealogiyası onlar üçün əsas prioritet olaraq qalır.






Fikirlər