“Bu dəfə fərqli klanların qohum-əqrəbalarının hakimiyyəti qurulur…” – ASLAN İSMAYILOV
Hakimiyyətdəkilərin nəzərinə! Səhifələrimi izlədiyinizə əminəm. Son bir il demək olar ki, atılan hər addımınızı təqdir edib, bəzi hallarda anlaşılmaz olsa da müsbət tərəflərini insanlara izah etməyimi görürsünüz. Məhz buna görə də fürsətçilərin haqqımda yazdıqlarını və yazdırdıqlarını da görməmiş olmazsınız. Bəzi tərbiyəsizlərin haqqımda yazdıqları təhqirləri çox ağır keçirdiyimi də dəfələrlə yazmışam. Bütün bunları kiməsə minnət qoymaq, yaxud nə isə ummaq üçün etmədiyimi də bilməmiş deyilsiniz. Başda Prezident İlham Əliyev olmaqla hamınız Azərbaycana gəldiyim 31 ilimi nəyə həsr etdiyimi və müqabilində nə istədiyimi də bilməmiş deyilsiniz. Bilməyənlərin də araşdırmalarını xahiş edirəm. Əgər bu illər ərzində bütün etdiklərimdə hansısa təmanna güdmüşəmsə elan etməyən də namərddir! İndi isə yazdıqlarımı xahiş edirəm, diqqətlə oxuyun. Əlbəttə, ağlı başında olan adam heç bir təmənna güdmədən bir dəfə verilən həyatının 31 ilini boşuna xərcləməz, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı açıq məktubda qeyd etdiyi kimi gəncliyini itirilmiş saymaz, illərdir qazandığı nüfuzunu qısa bir zamanda xərcləməz. Bəli, təmənnam var və hamınızınkından da böyükdür! Əvvəl özüm bacarığıma, savadıma, həyat təcrübəmə, keçdiyim yola uyğun olaraq normal, hüququn şah olduğu bir ölkədə yaşamaq istəyirdim. Tam əksi oldu, sadaladığım heç bir keyfiyyətə malik olmayanlar ən başa keçdilər, mənə göstəriş verməyə başladılar, vəkillikdən xaric etməklə peşəmdən belə məhrum etdilər, bununla da kifayətlənməyib əvvəl Banditizmdə döydürdülər, ölümlə təhdid etdilər, şəxsi ləyaqətimi alçaltmaqla uzun illər mətbuatda təhqir etdirdilər və sonda 3 dəfə məhkum olunmuş şəxs elan etdilər. Bu dəqiqə biz nə qanunun şah olduğu, nə də şahın qanun olduğu ölkədə yaşayırıq. Daha pisində yaşayırıq, çünki ölkədə bir yox, yüzlərlə şah var və kimin nə istədiyini hələ heç özüm başa düşməmişəm. Artıq 62 yaşını keçmiş bir insan kimi indi də balalarımın arzuladığım cəmiyyətdə, arzuladığım kimi yaşamalarını istəyirəm. Ancaq baxıram ki, onlar da ya məni kimi yaşamalı, ya da ömürlərini qəribçilikdə keçirməlidirlər, çünki balalarım da məni kimi yaltaqlanmaq, satqınlıq etmək, şəxsi ləyaqətlərinin alçaldılması, korrupsiya hesabına, rüşvət almaqla yaşamağı bacarmayacaqlar. Son günlər atılan addımlar isə hansısa köklü dəyişikliklər olacağı ümidimi puça endirir. Əvvəlki yazılarımda, çıxışlarımda bəzilərini sadaladığımdan onları təkrarlamayacam. Ancaq dünən bizim Şuşamızda ermənilərin keçirdiyi inaqurasiyadan sonra icra başçıları təyinatı artıq səbrimi dözülməz həddə çatdırdı. İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yüksəliş” müsabiqəsini həm öz dilindən, həm də elan şəklində səhifələrimdən bir neçə dəfə paylaşdım və ümid edirdim ki, korrupsiyaya bulaşmamış, xaricdə təhsil alıb, cürbəcür xarici qurumlarda işləyib uğur qazanmışlar vəzifələrə təyin olunacaqlar. Ümidim o qədər böyük idi ki, bu səhifələrdən oğullarıma da müraciət edib, Azərbaycana qayıtmalarını, burada işləmələrini xahiş etdiyimi səhifə izləyicilərinə də bildirmişdim. Bunu da xaricdə yaşayıb, işləyən bacarıqlı gənclərdə ümid, inam yaranması üçün şəxsi misal olsun deyə etmişdim. Son icra başçıları təyinatından sonra isə ciddi yanıldığımı düşünürəm. Bu günə qədər həmin “Yüksəliş” müsabiqəsindən bir dolğun xəbər yoxdur, xaricdə təhsil almış, işləmiş gənclərin də heç bir təyinatını eşitməmişəm. Əvəzində məşhur tort ustası – kulinar, Bakının İcra Başçısı Eldar Əzizovun kürəkəni Anar Tağıyevin Yevlağa icra başçısı təyinatında sonra 10 gün əvvəl Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanovun qohumu Azər Qocayevi Kəlbəcərə, dünən də Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qohumu Elçin Rzayevi İmişliyə, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası, Qarabağ müharibəsi əlili Zaur Həsənovun xırda əmlakını əlindən almaqla onu 1991-ci ildən sədri olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasının qarşısında, 2 azyaşlı uşaqlarının gözü önündə özünü yandırmağa məcbur edən (sonradan xəstəxanada vəfat etdi), Milli Məclisin deputatı Səttar Mehbalıyevin bacısı oğlu, İqtisadiyyat Universitetini 10 il bazara çevirmiş keçmiş rektor, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin kürəkəni, gənc trolların başçısı sayılan Seymur Orucov Ağstafanın icra başçısı təyin olundu. Mən hələ Səttar Mehbalıyevin Baş Nazir Əli Əsədovla yaxın qohum olmalarını, Səttar Mehbalıyevin oğlunun Xəzər rayon Polis İdarəsinin rəisi olmasını və sair xırda məmurlarla qohumluq əlaqələrini demirəm. Demək yenidən, artıq bu dəfə fərqli klanların qohum-əqrəbalarının hakimiyyəti qurulur və əsas meyar da aldığı təhsil, iş bacarığı, keçdiyi həyat yolu yox, şəxsi sədaqət prinsipidir. Doğrudanmı bu 10 milyonluq əhalinin arasında etibar ediləcək gənclik yoxdur və bir qrup məmur-oliqarxların yarıtmaz qohumlarının ümidinə qalmışıq?! Belə dəyişikliyə heç cür sona qədər dəstək ola bilmərəm! Heç kim düşünməsin ki, kimlərləsə düşmənçilik edirəm. Əsla belə deyil! Əgər həmin şəxsin hansısa uğurları, öz həyat hekayəsi olsa əsla etiraz etməzdim, əksinə sevinərdim ki, atamın dəfn edildiyi rayona bacarıqlı, savadlı bir gənc başçı təyin edildi. Axı, bu belə deyil və bu təyinat bütün rayona təhqirdir! Bu gəncin həyat yoluna baxan dərhal görür ki, bu əvvəlcə qayınatası Ş.Hacıyevin, sonra dayısı S.Mehbalıyevin, sonra isə dayısının qudası Ə.Həsənovun həyat yolunu keçib. Bunun öz həyat yolu, həyat hekayəsi yoxdur. Bundan başqa bu gün Azərbaycanı bu günə salmış YAP-ın əsl yetirməsidir və məhz ona görə də YAP Gənclər Təşkilatının sədri olub. Beləsinin Ağstafa kimi mürəkkəb, mütaliəli əhalisi olan, sərhəd bölgəsində yerləşən bir rayona hansısa uğur gətirəcəyinə əsla inanmıram! Eləcə də YAP-çı Əli Əhmədovun, Prezidentin köməkçisi Zeynal Nağdəliyevin təqdim edəcəkləri kadrlara inanmıram. S.Orucovun dünən Prezident İlham Əliyev qarşısında çıxışından şəxsən mən diksindim. Bu, hələ rayona gəlməmiş orada düşmənçilik toxumu səpir, 8 yaşında bəlkə heç görmədiyi, eşitmədiyi AXC hakimiyyəti dövrü baş vermiş hadisələr haqqında fikir bildirir, onlara qiymət verir. Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüş və daim onu izləmiş şəxs kimi onun baxışlarında da keçirdiyim hisslərə oxşar məqamlar gördüm. Təxminən bir beləsi də az öncə İsmayıllı rayonuna başçı təyin olundu və bir neçə gün sonra töhmət aldı. Onun etdiklərini çox yaxşı bilirəm. Həmin addımdan sonra o şəxs nəinki töhmət almalı, dərhal vəzifəsindən azad edilməli idi. Bu hələ mənim dəqiq bildiklərimdir. Belə olan halda, vəzifəsindən uzaqlaşdırılan, həbs olunun məmurların da haqlı iradları yaranacaq ki, bir oliqarx-məmurun qohumlarını yığışdırıb, digərlərini gətirəcəkdinizsə, onda bu hənqamə nəyə lazım idi?! Elə biz də pis yemirdik! Baş verənlərdən gördüyüm odur ki, hakimiyyət hələ də ictimai rəyi, ölkədəki reallığı bilmir və bilmək də istəmir. Belə olmasa idi, Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasına insanların etibar etdikləri, ictimai rəyə təsir edə biləcək heç olmasa bir nəfər olardı. Tanınmış bəstəkar, tanınmış iqtisadçı və sair hakimiyyət tanınmışları heç də ictimai rəyə təsir edəcək, onları inandıracaq insanlar deyillər, bunu bilmək lazımdır. Bu tək hakimiyyətin yox, 10 milyonun ölkəsidir və burada baş verənlərə tək hakimiyyət yox, 10 milyon cavabdehlik daşıyır. Onda nə üçün bu günə qədər ictimai rəyə təsiri olan, müstəqil mövqedə dayanan bir nəfər belə islahat prosesinə cəlb edilməyib, onların heç birinin sadəcə fikirləri belə soruşulmayıb?! Axı bu ölkədə heç bir təmənna güdməyən, hansısa vəzifəyə iddialı olmayan onlarla insan var və onları siz məndən də yaxşı tanıyırsız. Hansısa vəzifə verilməsini demirəm, hansı bir yerdə onlarla təcrübəli insanların fikirləri soruşulub?! Əgər həqiqətən İqtisadiyyat naziri ölkədə yüksəliş, şəffaflıq istəyirsə nə üçün elan olunan iqtisadi proqlamların heç birinin yanında hansısa bir ictimai qurum yaradılıb ora azad mütəxəssislər dəvət olunmur?! Yaxud media ilə bağlı dəyişikliklərə bütün ömrünü bu işə həsr etmiş, hamı tərəfindən peşəkar kimi tanınan jurnalistlərin cəlb olunması, təkliflərinin dinlənilməsinin hansı ziyanı var?! Yoxsa sizin mütəxəssislər bloggeriniz Ata Abdullayev, fədaiçiniz Fuad Muradovdur?! Ölkədə korrupsiyanın tüğyan etdiyi, əhali tərəfindən nifrət obyekti olan Səhiyyə Nazirliyində, AZAL-da, Azərbaycan Dəmir Yollarında, Müdafiə Nazirliyində və buna oxşar adlarını çəkmədiyim milyardlar mənimsənilən qurumlarda heç bir əməliyyat aparılmadığı halda nə üçün onlarla dəfə az yeyinti olan Mədəniyyət Nazirliyində, onlarla dəfə az rüşvət olan DSX-da əməliyyatlar aparılır?! DTX-nın apardığı son əməliyyatlar da bir sistemsizlik, düşünülməmiş hərəkətlər göstərdi. Bir daha təkrar edirəm ki, çoxlarından fərqli olaraq bu gün baş verənlərin nə qədər riskli, çətin olduğunu yaxşı bilirəm. Ancaq baş verən sistemsizliyin, məntiqsizliyin heç də yaxşıya aparmayacağına əminəm. Ən əsası bir məqamı da diqqətinizə çatdırıram. Uzun illər hakimiyyətin apardığı kadr islahatının əsasında bir neçə amil dayanıb. Vəzifəyə təyin olunanlar ya rüşvət alınmaqla, yaxud hansısa öhdəliyə boyun olmaqla dilləri qısa, gözləri kölgəli ediliblər. Anlamaq lazımdır ki, belələri ilə normal cəmiyyət, idarəetmə qurmaq olmaz. Həm də belələri heç vaxt normal, cəmiyyətə xeyir verəcək işlərinizdə sizə dayaq olmayacaqlar, çünki mənəvi alçaldılmış insanlardır. Əksinə, belələri həmişə qisas hissi ilə yaşayırlar və imkan olan kimi xəncəri kürəyinizə birinci elə onlar sancacaq. Heç olmasa bu məqamda bu prinsipdən əl çəkmək lazımdır. Bu prinsipin bu gün də işlək olduğuna əminəm, çünki bunu öz həyatımda görürəm. Kimliyindən asılı olmayaraq daim dostumun da, düşmənimin də qürurlu, mərd olmasını istəmişəm. Siz hamınız son 4 ili Ramiz Mehdiyev – Əli Həsənov cütlüyünün mənə və ailə üzvlərimə tutduqları divandan xəbərdarsınız. Gözəl bilirsiniz ki, son 4 ili mənim həyatımı cəhənnəmə döndərdilər, etdiklərini dəfələrlə yazdığımdan yenidən təkrarlamaq istəmirəm. İndi mənə cavab verin, nə üçün bu barədə onlarla ərizələrim DTX-da, Respublika Prokurorluğunda, DİN-də, Ali Məhkəmə və digər məhkəmələrdə bu gün də baxılmamış qalır?! Gözləyirsiniz ki, sizdən xahiş edəcəm, öhdəlik götürəcəm, əqidəmdən dönəcəm?! Axı heç kim bilməsə də, siz 31 il Azərbaycanda hansı yolun yolçusu olduğumu gözəl bilirsiniz. Məni uşaqlarımın körpə olduğu vaxtda ram edə bilmədiniz. Doğrudanmı düşünürsünüz ki, artıq balalarımın bu yaşında, özümün 62 yaşımda kiməsə boyun əyib, xahiş edəcəm?! Bu, heç vaxt olmayacaq! Dəfələrlə Avropa İnsan Haqları məhkəməsində özümü müdafiə etmişəm, elə bu yaxınlarda vəkillikdən xaric edilməyimlə bağlı Azərbaycan məhkəmələrinin qərarları qanunsuz olduğundan ləğv olundu. Başqa işlərim üzrə də analoji qərarların qəbul ediləcəyinə inanıram. Çünki Avropa Məhkəmələri Fikrət Məmmədovun Məhkəmələri deyil. Ancaq siz, bu gün sizə qarşı qərəzsiz olan şəxsə ədalətli yanaşsanız, qanunun aliliyini qəbul etsəniz bütün ərizələrimə artıq baxılmışdı. İndi təsəvvür edin, sizə qarşı aqressiv mövqedə dayananların aqibəti necədir… Əminəm ki, bu yanaşma ilə siz heç vaxt onların pozulmuş hüquqlarını bərpa etməyəcəksiniz, bir gün özünüz bu sistemin qurbanına çevriləcəksiniz və bu yolla ölkədə heç vaxt barış olmayacaq! Bu gün həqiqətən keçdiyim yolda ən çox təəssüf etdiyim keçirdiyim təqiblər, təhqirlər yox, potensialımın ölkəmə sərf edə bilməməyimdir. Axı məni kimi minlərlə insan bu Vətənə çox fayda verə bilərdilər… Məni kimiləri sizin qurduğunuz sistemi qəbul etməyib təklif olunan vəzifələrdən imtina etdilər, yaxud öz potensiallarını köçdükləri xarici dövlətlərə sərf etdilər. Bax, ən acınacaqlısı budur… Məhz buna görə bu cür insan potensialı olan ölkə bu gün rəzil gündədir. Bir balaca gərginlik olan kimi müstəqilliyini düşünənlər təlaş yaşayıralar, yenidən torpaqlarımızı itirəcəyimizdən ehtiyat edirlər. Ancaq bizə də həyat bir dəfə verilir və biz də onu normal insan kimi normal ölkədə xöşbəxt başa vurmaq istəyirik! Yenə də gec deyil, hələ də vaxt var, çox ciddi düşünün. Bu gün edəcəyinizlə qane olacaq insanlar, bunu az sonra etsəniz artıq daha çoxunu tələb edəcəklər və bunun sonu olmayacaq. Ancaq inanın, bu cür davam edəcəyi təqdirdə az sonra heç bir imkan olmayacaq, biz hamımız sonu görünməyən bir xaosa yuvarlanacayıq və #AZƏRBAYCAN adlı onsuz da illərlə itirə-itirə gələn ölkə bir dəfəlik param-parça olacaq… Tanınmış hüquqşünas Aslan İsmayılov