“BAŞ VERƏNLƏRİ videoqeydə alıb Whatsapp üzərindən YAYDILAR”
Son dövrlər polisin vətəndaşlarla rəftarına xüsusi diqqət yetirirdim və az qala sevinmişdim ki, polis yenə özünü həmişəki kimi göstərdi. Rusiyanın keçmiş Baş Naziri V.Çernomırdinin məşhur ifadəsi var: “Yaxşı etmək istəyirdik, həmişəki kimi alındı”. Özü də bu dövr həmişəki kimi davranmaq əvvəlkilərdən qat-qat pis və ziyanlı oldu. Polisin davranışında qanunun belə hallarda nəzərdə tutulan bütün normaları pozuldu. Vətəndaşa qarşı qeyri-adekvat güc göstərildi, şəxsi mülkiyyətin, özəl həyatın toxunulmazlığı kobud şəkildə pozuldu, “içəridə uşaq var”, “paltar geyinsin” xahişlərinə “elə bu vəziyyətdə” deyib saxlanma forması bütün əndazələri aşdı, bu azmış kimi baş verənləri videoqeydə alıb Whatsapp üzərindən yaydılar və s. və i… Hakimiyyət baş verənləri mövcud vəziyyət, vətəndaşların qanuna zidd hərəkətləri ilə izah etməyə çalışacaq. Heç bir əsaslanmadan söhbət gedə bilməz. Bəli, mövcud halı başa düşürəm, ancaq bu fövqəladə vəziyyət deyil, çünki belə bir qanun qəbul olunmayıb! Qanun qəbul olunsa belə gördüyüm vəhşilik həmin qanunu da pozmuş olur. Vətəndaşlar qanunu pozublar, ancaq polis vətəndaş deyil, hakimiyyətdir və onun bir xuliqan vətəndaş kimi davranmaq haqqı yoxdur! Səhər-səhər mənzilə girib vətəndaşı yarıçılpaq vəziyyətdə ailə üzvləri qarşısında videoqeydə alaraq evindən çıxartmaq heç xuliqan razborkası da deyil. Bunu bizim mentalitetimizlə, vətəndaşların yaxşı dili başa düşməməsi ilə də izah etməyə çalışanlar yəqin ki, olacaq. Bu da ağılsız hərəkətdir. Əgər bunu göz qorxutmaq üçün edirdilərsə tam əks effekt aldılar, bu da özünü sonralar göstərəcək, özü də çox pis. Elə bu gün üçün də çox pis effekt verdi. Əgər məni kimi ölkədə baş verənləri anlayanlar son dövrlər polisə haqq qazandırmaq istəyirdilər, polisin hərəkətlərini təqdir edib vətəndaşları ittiham edirdilərsə bundan sonra çox çətin ki, bu münasibətlərini davam edələr. Əgər son dövrlər polisi müdafiə edən loyal vətəndaşlar var idisə, nifrət loyallıqla əvəz olunurdusa, indi onlar da olmayacaq və müdafiə etməkdən çəkinəcəklər, çünki heç kim cinayətkarın belə alt paltarında yataq otağından çıxarılmaqla ailə üzvləri qarşısında alçaldılmasını qəbul edə bilməz! Bu, həm də bizim, bəlkə bu dəfə həqiqətən yerində ifadə olunan, milli mentalitetimizə, adət-ənənələrimizə ziddir. Əminəm ki, məhz bu məqam əhalidə qəzəb doğurdu və polisə olan nifrəti daha da gücləndirdi. Doğrudanmı bu qərarı qəbul edənlər ABŞ Prezidenti D.Trampın vətəndaşları qoşunla hədələməsinin nəticəsini görməyiblər?! Qanunun şah olduğu ölkədə belə vətəndaşlar D.Trampın hədəsini qəbul etmədilər və bütün ABŞ-ı viran qoydular. Anlayıram ki, son dövrlər polisin yumşalmasını hiss edən bir çox vətəndaşlar əndazələrini aşdılar (metrodan qovulması və s.), bu günə qədər heç etmədikləri hərəkətlərə yol verdilər. Bunun da yolu var idi. Bütün qayda-qanuna riayyət etməklə onları ən sərt formada məhkəmə qarşısında cəzalandırmaq və sonra həmin məhkəmə proseslərini bütün KİV-lərdə tirajlamaqla bunu etmək olardı. Xüsusi diqqətimi cəlb edən bir məqamı da qeyd etməyə bilmərəm. Sosial şəbəkələrdə yayılan biabırçı videonu polis özü çəkirdi. Bunu tirajlamağın bir məqsədi var idi: onsuz da ölkədəki mürəkkəb vəziyyəti, hakimiyyət-vətəndaş qarşıdurmasını pik həddə çatdırmaq! Hakimiyyətin bunu xüsusi araşdırmasını xahiş edirəm. Əgər bunu hakimiyyət özü edirdisə bu ağılla yaxın vaxtlarda ölkəni xaosa sürüklüyəcəklərinə əsla şübhə etmirəm. Yox, bu aşağıların özfəaliyyətidirsə, bunu edənlərin həmin xaos tərəfdarları olduqlarını bilməli və tədbirlərini görməlidirlər. Buradan bir daha vətəndaşlarımıza müraciət edirəm. Yadda saxlayın, Azərbaycan bizim doğma evimizdir, bunun od vurulub yandırılmasına imkan verməyin, hakimiyyət nümayəndələri ilə hər addımınıza fikir verin. Bir müddət əvvəl bu gün baş verənləri proqnozlaşdırıb Sizlərə müraciət etmişdim ki, polisə qarşı aqressiv olmayın. Bu gün mülayim rəftar edən polis sabah “bunlar xoş dili anlamırlar” deyib daha ağır formada zorakılıqlarını davam etdirəcək. Aslan İsmayılov Hüquqşünas