“Operativ Qərargahın yaranmış vəziyyətin öhdəsindən gəlmək potensialı yoxdur” – XAQANİ CƏFƏRLİ
“Nazirlər Kabineti yanında Operativ Qərargah buraxılaraq yenidən formalaşdırılmalıdır” “Son günlər dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, qələm sahibləri, həkimlər xalqa müraciət edərək xalqı koronavirusla bağlı ölkədə yaranmış gərgin təhlükəliliyini şərh etməyə, əhalini hakimiyyət orqanlarının qərar və tövsiyyələrinə əməl etməyə çağırırlar. İş o yerə çatıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti, tibb üzrə elmlər doktoru və millət vəkili olan Rəşad Mahmudov “Bir həkim kimi yalvararaq deyirəm ki, cəmiyyətimiz koronavirusa bu cür yanaşmasın”-deyə həyacan təbili çalır”. "AzerTaym.az" Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib. Cəfərlinin sözlərinə görə, ilk dəfədir ki, iqtidarla müxalifətin də mövqeyi üst-üstə düşür: “Siyasi səhnənin barışmaz tərəflərinin eyni mövqedən çıxış etməsi də yaranmış vəziyyətin təhlükəlilik səviyyəsindən xəbər verir”. “Sosial kapitalın aşağı olduğu ölkələrdə təxminən eyni vəziyyət yaşanmışdı” “Çox təəssüf ki, koronavirus pandemiyasının belə təhlükəli vəziyyətə çatacağı gözlənilən idi. Çünki sosial kapitalın aşağı olduğu ölkələrdə təxminən eyni vəziyyət yaşanmışdı və Azərbaycanın istisna təşkil edəcəyini gözləmək diletantlıq olardı. Bu gün ABŞ, Braziliya, Rusiya və Türkiyədə, qısa zaman öncə Böyük Britaniya, İtaliya və İspaniya da yaşananlar həmi ölkələrin cəmiyyətlərində sosial kapitalın aşağı olmasının nəticəsidir ”,-deyə politoloq əlavə edib. “Daha vahim vəziyyətin yaşanmaması üçün ciddi tədbirlər görmək lazımdır” X.Cəfərli bildirib ki, sosial kapital cəmiyyətdə hakimiyyət mənsubları ilə xalq arasında, cəmiyyətdə fərdlər arasında etimadı özündə ehtiva edir: “Qarşılıqlı etimadın aşağı olması səbəbindən koronavirus təhlükəsi ilə bağlı çağrışlar da cəmiyyət tərəfindən etimadsızlıqla qarşılandı. Koronavirus təhlükəsinin ilk zamanlarında politoloq Nəsimi Məmmədli iqtidara çağrış edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibinə cəmiyyətin etimad etdiyi şəxslərin daxil edilməsini təklif etmişdi. Nəsimi bəy mövqeyini belə əsaslandırmışdı ki, 365 gün yalan danışan məmurlara cəmiyyət inanmayacaq. Həmin çağrışın qulaqardına vurulması, ictimai-siyasi xadimlərin təkliflərinin öyrənilməməsi, başqa dövlətlərin təcrübələrinin kor-korana təqlid etməsi vəziyyəti bu həddə çatdırıb. Koronavirus pandemiyasının ikinci dalğasının payızda başlayacağı barədə xəbərdarlıqları, eyni zamanda COVİD-19 virusunun ağcaqanadlar vasitəsilə yayılma təhlükəsinin istisna edilməməsini nəzərə alanda daha vahim vəziyyətin yaşanmaması üçün ciddi tədbirlər görmək lazımdır”. “Koronavirus pandemiyasının doğurduğu vəziyyətə görə də məsuliyyət iqtidarın üzərinə düşür” Cəfərlinin fikrincə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaranmış vəziyyətin öhdəsindən gəlmək potensialı yoxdur: “Bunun üçün Operativ Qərargahın buraxılaraq yenidən formalaşdırılması ilk addım olmalıdır. Qonşu Gürcüstanda koronavirus pandemiyasının nəzarət altına alınması faktı da Nazirlər Kabineti yanında Operativ Qərargahın üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini göstərir. İqtidar unutmamalıdır ki, ölkədə baş verən bütün proseslər kimi koronavirus pandemiyasının doğurduğu vəziyyətə görə də məsuliyyət onun üzərinə düşür”.