"1993-cü ilin iyununda dediklərimi İsa Qəmbər və Pənah Hüseyn 25 il sonra etiraf etdi..."
Dünən – iyunun 22-də tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından təqdim etdiyimiz növbəti epizodda(bax:https://www.moderator.az/news/331157.html ) o vaxt AXC hakimiyyətinə müxalifətdə olan AMİP lideri, deputat Etibar Məmmədov 1993-cü ilin iyununun “ən acınacaqlı fiquru” adlandırılıb. Aydınlıq üçün həmin parçanı bir daha nəzərinizə çatdırırıq: “...Obrazlar qalareyası geniş idi. Lakin ən acınacaqlı fiqur Etibar Məmmədov idi – Azərbaycanın 1980-ci illərin axırı üçün bəlkə də ən məşhur dissidenti... 1992-ci ilin mayında Elçibəyin Xalq Cəbhəsi ilə arası dəyəndən sonra o, “müxalifət lideri” rolunu elə məmnuniyyətlə oynamağa başladı ki, onu məsuliyyətsiz adlandırmaq olardı. Qiyamdan qabaq buna saysız-hesabsız misallar vardı, lakin “qiyam + işin gətirməsi” hər şeyi kəskinliklə diqqət mərkəzinə gətirdi. Və 1993-cü il iyunun 9-da Etibar yenidən baş tutmayan demokratiyanın təbilini döyməyə başlayaraq hər şeyə səbəbkar kimi İsa Qəmbəri günahlandırdı... Etibar özünə xas diksiyası ilə səsləri burnu ilə tələffüz edərək dedi ki, “İsa cinayətkardır” və bu səbəbdən də səlahiyyəti çatmadığına görə onun özü ilə sıx bağlı olan Gəncə hadisələrinin gedişini “idarə edə bilməz”. Sonra isə əsassız olaraq belə bir ideyanı ortalığa atdı ki, “Gəncə məsələsi bütünlüklə hökumətin düzüb qoşduğu qiyam “planı” imiş(özünə qarşı mən belə güman edirəm). İsa isə çalışdı ki, zaldakılara bunun səbəbləri ilə bağlı izahat versin...” Moderator.az-a açıqlamasında AMİP lideri, sabiq parlament üzvü Etibar Məmmədov amerikalı jurnalistin barəsində söylədiklərinə belə münasibət bildirib: “Əvvəla, hiss olunur ki, Tomas Qoltsun kitabının tərcüməsində qüsurlar var. Bu, özünü bəzi ifadələrdə də göstərir. İkincisi isə o, bir Amerika jurnalisti kimi hadisələrə öz düşüncə tərzi ilə yanaşaraq münasibətini bildirib. Bu da onun jurnalist olaraq haqqıdır... Üçüncüsü də, hələ səhv etmirəmsə, ötən il saytınıza verdiyim açıqlamada da dediyim kimi, mənim o iclasda söylədiyim fikirlər 25 il sonra olsa da, öz təsdiqini tapdı. Yəni mən həmin iclasda deyirdim ki, Gəncə əməliyyatının hazırlanmasında İsa Qəmbər və Pənah Hüseynov bilavasitə iştirak ediblər. Onlar isə bunu boyunlarından atırdılar və etiraf etmək istəmirdilər. Və o iclasda mənim tələbim də çox qanuni bir tələb idi. Bu, bütün dünyada etik bir məsələdir. Bir adamın özünə aid ittihamlar olanda həmin adam o iclası apara bilməz. Burada təəccüblü bir şey yox idi. İsa Qəmbərdən tələb edilən yalnız o idi ki, iclası onun müavinlərindən biri aparsın. Çünki o, bəhs edilən əməliyyata görə tərəfimdən ittiham olunurdu... Ancaq onlar imtina edirdilər ki, biz DİN-də olmamışıq, əməliyyatın hazırlanmasından xəbərimiz olmayıb. Və ümumiyyətlə, guya heç belə bir əməliyyat keçirilməyib. Nəhayət, üzərindən 25 il ötəndən sonra onlar hər şeyi etiraf etdilər. Həmin Pənah Hüseyn o vaxtkı təhlükəsizlik şurasının iclasının stenoqramını ortalığa çıxarıb dərc elətdirdi. Və orada aydın şəkildə göstərilir ki, 1993-cü il mayın 25-də təhlükəsizlik şurasının iclası olub. Və o iclasda Gəncədə keçiriləcək əməliyyat hazırlanıb, Prezident Elçibəy konkret tapşırıqlar verib. Ondan sonrakı dövrdə digər hadisə iştirakçıları və AXC komandasının keçmiş üzvləri də etiraf etdilər ki, həqiqətən əməliyyat günü – iyunun 4-də İsa Qəmbər, Pənah Hüseyn və digərləri Daxili İşlər nazirinin kabinetində olublar və bilavasitə oradan göstərişlər veriblər...” Etibar Məmmədov 1993-cü il Gəncə olaylarını tədqiq etmiş deputat-istintaq komissiyasının materiallarını da xatırladıb. “Hətta bu etiraflar olmasa belə, 1993-cü ilin iyulunda Mətləb Mütəllimlinin sədrlik etdiyi deputat-istintaq komissiyasının yekun rəyində də konkret olaraq göstərilib ki, Gəncə əməliyyatına Daxili İşlər nazirinin kabinetindən rəhbərlik olunub. Və hətta orada Pənah Hüseynə qarşı belə bir ittiham da var: həmin vaxt Baş qərargah rəisi olan Nurəddin Sadıqov izahatında bildirir ki, Pənah Hüseyn təkidlə Gəncədəki hərbi hissənin aviasiya ilə vurulmasını tələb edib... Yəni Tomas Qolts 1993-cü ilin iyununda – hadisələrin hələ isti vaxtında bütün bu baş verənlərdən, Bakıda Gəncə ilə bağlı verilən əmrlərdən xəbərsiz olaraq olaylar və mənim çıxışlarım barədə öz mühakimələrini yürüdüb. Eləcə də onun təsvir etdiyi 9 iyun iclasında iştirak edənlərin çoxu da deyilənlərdən xəbərsiz olub. Ancaq dediyim kimi, 25 il sonra İsa Qəmbər də, Pənah Hüseyn də, digərləri də deyilənlərin hamısını etiraf edir. Bu da bir daha təsdiqləyir ki, mənim bəhs edilən iclasdakı çıxışlarım tamamilə əsaslandırılmış olub. Və AXC hakimiyyətindəkilər öz uğursuz əməliyyatları sayəsində yıxılıblarsa, kimi iittiham etməlidirlər. İlk növbədə özlərini...”- deyə AMİP lideri fikrini tamamlayıb.