Tovuzda məğlub olan İrəvan üçüncü cəbhəni açdı: “azərbaycanlı” legionu Bakıya qarşı...
Tovuz döyüşlərində yüzlərlə canlı qüvvə və hərbi texnikasını itirən Ermənistan təxribat hücumlarını informasiya seqmentində davam etdirir. Asif Nərimanlı
Düşmənin infotəxribatı üç istiqamətdə həyata keçirilir:
1. Ermənistan mediasında Azərbaycan haqqında yanlış və uydurma informasiyaların yayılması;
2. Sosial şəbəkələrdə saxta profillərlə azərbaycanlı istifadəçilərə hesablanmış dezinformasiyalar;
3. “Azərbaycanlı” ekspert və siyasətçilərin dilindən istifadə etməsi - bunu “azərbaycanlı” legionu da adlandırmaq olar;
Birinci istiqamət erməni ictimaiyyətini aldatmaq məqsədinə xidmət edir. Çünki Ermənistan hakimiyyətinin Tovuz təxribatının arxasındakı məqsədlərindən biri COVİD-19 pandemiyası ilə şiddətlənən sosial-iqtisadi narazılığı “xarici düşmən” obrazı altında əritmək və vaxt qazanmaq idi. Lakin döyüşlərin nəticəsinin İrəvan üçün ürəkaçan olmaması erməni ictimaiyyətinin prosesləri sorğulaması ilə nəticələndi. İndi hakimiyyət uydurma məlumatlarla özünə “qələbə donu” tikir.
İkinci istiqamət Azərbaycan ictimaiyyətini çaşdırmaq, daxili çaxnaşma yaratmaq cəhdləridir. Bunun üçün saxta profillər və mənşəyi bəlli olmayan nömrələrdən yayılan məlumatlardan istifadə olunur. Cəmiyyətimizin həmrəyliyi və ayıqlığı düşmənin bu təxribatının baş tutmamasında əsas amildir.
Ermənistan bu iki istiqamətdə həyata keçirdiyi infortəxribatın uğursuzluğunu üçüncü istiqamətlə - “azərbaycanlıların dili” ilə sığortalamağa çalışır. Ən təhlükəlisi budur.
“Hüquq müdafiəçisi” adı ilə Azərbaycandan qaçan və hər fürsətdə erməni təbliğatnı aparan Arif Yunusun düşmənin aparıcı media resurslarından olan “civilnet” telekanalında erməni aparıcı Stella Meqrabekyana verdiyi müsahibə Ermənistanın informasiya təxribatının üçüncü cəbhəsidir.
Müsahibədə A.Yunus Ermənistanın Azərbaycan haqqında iddialarını “siayasi şərhçi” kimi təkrarlayır, Qarabağ yürüşünü “hakimiyyətə qarşı etiraz” kimi təqdim edir (Erməni KİV-ləri Qarabağ yürüşünün görüntülərini “Azərbaycanda xalq müharibə istəmir” kimi təqdim edirdi), şəhid general Polad Həşimovun niyə birinci yox, ikinci Fəxri Xiyabanda dəfn edilməsini tənqid edir.
Təsəvvür edin, “azərbaycanlı” adı ilə çıxış edən biri ermənilərə ermənilərin şəhid etdiyi generalın II Fəxri Xiyabanda dəfn edilməsindən şikayətlənir. Bu “şikayət” Yunus üçün “mən şəhidimizi düşünürəm” örtüyünə bürünmək, ermənilər üçünsə “erməni mediasında döyüşdə həlak olan azərbaycanlının dəfnini müzakirə edirik” kimi humanizm təbliğatı aparmaq üçün lazımdır.
Məlumdur, məlun Yunuslar 90-cı illərdə yarımçıq qalan işlərini davam etdirir...
Barseqyanın (Yunusova (Barseqyan) Arsalyus Arsenova) uşaqları və gəlini (Leylya Yunus) – Arif və Ramiz Yunus AXC-Müsavat hakimiyyəti dövründə - I Qarabağ müharibəsi zamanı dövlətə məxsus informasiyaları İrəvana ötürürdü. Arif Yunus Azərbaycan Prezident Aparatının (indiki Prezident Administrasiyası-red) informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər), Leyla Yunus Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər), Ramiz Yunus da Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri kimi. Bu haqda kifayət qədər məlumat var. AXC-Müsavat dövründən sonra bu şəxslər “hüquq müdafiəçisi”, “siyasətçi” kimliyi altında fəaliyyətini davam etdirir, ermənilərlə birgə layihələr həyata keçirir və işğalçı ölkənin informasiya təminatında mühüm rol oynayırdılar. Daha sonra Azərbaycana qarşı erməni işini xaricdə – Arif və Leyla Yunus Avropada, Ramiz Yunus ABŞ-da davam etdirirlər.
Bu baxımdan, A.Yunusun “civilnet”ə müsahibəsi, işğalçı ölkənin Azərbaycana qarşı infotəxribatının üçüncü cəbhəsini açması heç də təəccüblü deyil. Sadəcə olaraq, cəmiyyətimiz bu prosesin əsl mahiyyətini anlamalı, Yunusların iddialarının İrəvan mətbəxində hazırlandığını unutmamalıdır.
Burada üzərində dayanmalı məsələ Milli Şuranın, konkret olaraq, Əli Kərimli və Cəmil Həsənlinin Yunusların Azərbaycana qarşı açdığı üçüncü cəbhədə yer almasına dair şübhələrdir. Çünki Tovuz döyüşlərinə görə:
- Ermənistan Azərbaycan hakimiyyətini ittiham edir;
- Yunuslar Azərbaycan hakimiyyətini ittiham edir;
- Milli Şura Azərbaycan hakimiyyətini ittiham edir;
Hər üç tərəfin ittihamları Azərbaycan cəmiyyətinə hesablanıb: ermənilər və Yunuslar bunu Ermənistanın təxribat hücumunu Bakının üzərinə yıxmaq, Milli Şura isə cəmiyyətdə hakimiyyətə qarşı nifrət yaratmaq üçün edir, amma bütün bu kampaniyanın eyni mətbəxdə hazırlandığı da istisna deyil. Cəmil Həsənlinin ABŞ-a Ramis Yunusun köməyi ilə getməsi və əksəriyyət üçün çətin olan Vaşinqtonda yaşamaq “hüququ” qazanması da bu proses fonunda diqqət çəkən detaldır.
Düşmənin bizə qalib gələ bilməyəcəyi aksiomadır, amma cəmiyyət olaraq, “tənqid”, “xalqın haqqı”, “azad söz” altında oynanılan bu oyunun kadrarxasını görməsək, təhlükə o zaman ciddi ola bilər...