Leyla və Arif Yunuslar Azərbaycana gətiriləcək - Məhkəmə QƏRARI

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

 APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov çıxış edib. O bildirib ki, Yunuslar başqa ölkədə müalicə aldıqları üçün iclaslara gələ bilmirlər. Vəkil onların internet vasitəsi ilə məhkəmə prosesinə qoşulmalarının təmin edilməsini xahiş edib. Vəsatət təmin olunmayıb. Hakim onların iclasa məcburi qaydada gətirilmələri haqqında qərar verib.
 Proses mayın 31-də davam edəcək. 
Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra, Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb.
 Hər iki şəxs hazırda Hollandiyadadır.
AzerTaym.az
 






Fikirlər