Əli İnsanov ortalıqda niyə görünmür? - koronavirusun bitməsini gözləyir...

Əli İnsanov ortalıqda niyə görünmür?

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun son zamanlar susqunluğu müşahidə olunur. Halbuki, ötən ilin martındakı əfv sərəncamı ilə uzun illərdən sonra azadlığa çıxan keçmiş nazir bir neçə ay öncəyə qədər ölkə iqtidarını sərt tənqid edir, ara-sıra özünə yaxın media orqanlarına müsahibələr verirdi. Onun hər bir fikri günlərlə ölkə mətbuatında müzakirə olunurdu. Amma indi bunların heç birinə rast gəlinmir.

Sabiq nazir son dəfə Xural.TV-yə iki ay öncə geniş müsahibə verib. Bu müsahibədən dərhal sonra da İnsanovun keçmiş komandasının bəzi “vurulmuş kadrları” ilə yaxınlaşdığı yönündə iddialar meydana çıxmışdı. Buna səbəb də onun bəzi şəxslərin adlarını müsbət yöndə çəkməsi olmuşdu. Doğrudur, o həmin müsahibədə hazırda yüksək vəzifələri tutan bir sıra şəxslərdən də yan keçməmişdi.

Bu müsahibəsinin ardından qəfil “qeybə çəkilən” nazirin hakimiyyətlə anlaşdığı iddiaları var.

Onu da qeyd edək ki, iki ay öncə İnsanov ətrafında bir canlanma yaranmışdı. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin qəfil bəyanat verərək HƏP-i seçməsi və partiyanın Ali Məclisinin sədri olması hər kəs üçün gözlənilməz olmuşdu.

Z.Məmmədli “Yeni Müsavat”a açıqlamasında HƏP lideri barəsində deyilənləri cəfəng adlandırdı: “Əli İnsanov yeni yaradılmış müxalifət partiyasının lideridir və kifayət qədər özünəməxsus fikir sahibidir. İnkarçı olmamaqla rasional düşüncələrə malikdir. Onu şübhəli əlaqələrdə olan adam kimi təqdim etməyə yönəlik fikirlər cəfəng dedi-qodudan başqa bir şey deyildir. Onun düşüncəsində, təbii ki, həm də Haqq Ədalət Partiyasının proqramında Azərbaycanın yaranmış durumdan itkisiz çıxmaq modeli, demokratiyayaya keçidin ən ağrısız modeli vardır. Əli İnsanov daha ciddi layihələr üzərində çalışır və ən yaxın zamanda xalqımızın bundan xəbəri olacaqdır. Pandemiyanın yaratdığı məhdudiyyətlər müəyyən problemlər yaratsa da, partiyada hər kəs üzərinə düşəni etməkdədir. Təşkilatlanma işi normal qaydada davam edir.

Postpandemiya dönəmində daha ciddi yenilikləri gözləyin. Əli İnsanovun əlaqələri kifayət qədər genişdir. Bu əlaqələr mütləq anlamda dövlətçiliyimizin güclənməsinə və milli maraqlarımızın təmininə yönəlib. Mübarizəmiz qanunların imkan verdiyi səviyyədə dövlətçiliyimizin zərər görməməsi sərhəddinə qədərdir. Siyasi partiyalarla fəal dialoqlarımız davam etməkdədir. Ən yaxın zamanda müttəfiq siyasi partiyalarla vəziyyətdən çıxışı özündə ehtiva edən yeni yol xəritəsinin təqdimatının hadisə olacağını düşünürəm”.

Siyasi şərhçi Yeganə Hacıyeva sabiq nazirin keçmişinə işarə vurmaqla iddialara belə münasibət sərgilədi: “Öncəliklə Əli İnsanovun bir siyasi kimliyi haqqında danışmaq lazımdır. Zamanında rüşvətxor, qəddar məmur kimi müxalif camiəyə təzyiq çağırışları etmiş, hakimiyyətin içində də məhz ambisiyasına görə hörmətdən düşmüş, öncə çevrilişə cəhd iddiaları ilə saxlanılmış, ardınca isə rüşvət, dövlət mülkiyyətinin mənimsəməsinə görə həbs olunmuş Əli İnsanov heç bir halda birləşdirici müxalif siyasi fiqur və ya lider ola bilməzdi. Məsələ ondadır ki, cəmiyyət onun səhiyyə naziri kimi Azərbaycan səhiyyəsindəki neqativ xidmətini xatılayır. Məhz formalaşdırmağa çalışdığı siyasi HƏP partiyası elan edəndə sosial mediada onun nazirliyi zamanı xaricdən humanitar xətlərlə gətirilən bahalı dərmanların xəstələrə pulla satılması, pulu olmadığı üçün o dərmanları ala bilməyib dünyasını dəyişən insanların ailə üzvləri sonralar bu dərmanların istifadə müddətini bitməsi üzündən zibilliyə atılması, yandırılması haqqında aktiv paylaşımlar edirdilər. Bir sözlə, azad olunmasından sonra Əli İnsanovla bağlı siyasi gözləntilər ciddi siyasət izləyicisi olan Azərbaycan vətəndaşlarında zatən heç vaxt olmamışdı. Bir sıra tv və qəzetlər həbsdən azad olunmuş eks-məmurun açıqlamalarının fonunda yarana biləcək səs-küy və bu səs-küydən mövsümi yararlanmaq cəhdləri var idi və bunu da etdilər. Müxalif partiyaların Müsavat Partiyasının qərargahında onun rəhbərliyi ilə iclası isə siyasi partiyaların İnsanovdan gözləntisi ilə bağlı idi.

Belə ki, Azərbaycan hökümətindən kənarlaşdırılan istənilən şəxsi potensial müttəfiq gözündə görən ənənəvi siyasi qrupların belə bir gözləntisi mövcud idi, bu gözlənti də məhz onun yeni partiya yaratması anonsu ilə yox oldu. Amma elə bu siyasi partiya və qrupların sadə, siravi tərəfdaşları bu fikri o qədər də isti qarşılamırdılar. Məhz onlar həmin günlərdə İnsanovun nazir olduğu zamanlarda hökumətin sosial-iqtisadi problemlərə həsr olunan iclaslarında səhiyyə naziri kimi deyil, siyasi-ictimai məsələlər üzrə məsul şəxs kimi müxalifəti və o zamanların güclü müxalif simalarını təhqir etməsi görüntülərini sosial mediada aktiv paylaşanlar idi. Əli İnsanovun Azərbaycan hakimiyyəti ilə uzlaşması, razılaşması haqqında fikirlərə gəlsək, mən bunun belə olmadığı qənaətindəyəm. Məsələ ondadır ki, uzlaşma, razılaşma hər iki tərəfin maraqları və ona gələn təhlükənin ətrafında qurulan rabitədir. Əli İnsanovun hakimiyyətlə uzlaşması üçün heç bir daxili potensial, təhlükə və ya xarici şərt mövcud deyil. Zamanında arxayın olub bu qədər uzağa getdiyi kənar xətt üçün isə Əli İnsanov indi, sadəcə, cazibədar deyil. Burda bir haşiyə çıxım ki, Əli İnsanov müəyyən bir qrupun hələ də ağsaqqal hesab etdiyi, ona ciddi faydalar verdiyi bir şəxsdir. Həbs zamanı göstərdiyi duruş və dirəniş ona qarşı bu çevrənin hörmətini artırdı ki, azlatmadı. Amma bu sadəcə bir yaşlı insana olan hörmətdən, rəğbətdən başqa bir şey deyildi.

Onu da qeyd edim ki, son müsahibələrinin birində Əli insanov sabiq məmurlar haqqında səsləndirdiyi fikirləri ilə diqqətli siyasət izləyicilərində bir konfiqurasiya haqqında təsəvvürlər yaratmağa cəhd etmişdi. Mən buna şübhə etmişdim. Çünki hökumətdə təmsil olunduqları zamanlarda onların arasında daha çox neqativ münasibət var idi. Aradan keçən iki ay zaman ərzində də belə bir konfiqurasiyanın mövcudluğuna işarə edə biləcək heç bir hərəkətlilik müşahidə edilmədi".

ALDP rəhbəri Fuad Əliyev: “Açığı, mən heç kimin fəaliyyəti ilə xüsusi maraqlanmıram. İndi sualdan belə aydın olur ki, onun fəaliyyətində sükutluk yaranıb. Hesab edirəm ki, heç bir anlaşma əldə olunmayıb. Əgər belə bir anlaşma olsaydı, 11 il həbsdə qalmazdı, üstəlik bu həbs müddəti bitəndə haqqında əlavə cinayət işi açılmaz, daha 3 ilə yaxın həbsxana həyatı yaşamazdı. Məndə olan məlumata görə, təsis etdiyi partiyanın gücləndirilməsi ilə məşğuldur. Yeni üzvlərin qəbulu gedir. Paralel olaraq özünə müttəfiq axtarışındadır. Tənqidi müsahibələrinin yoxa çıxması yəqin ki, bununla əlaqədardır, yaxud da bu taktiki addımlardır. Bir də ki, kiminlə anlaşa bilər? İnanmıram ki, hakimiyyətdə olan yeni komanda onu qəbul etsin. Ola bilər ki, hakimiyyətdə qalan köhnə komanda ilə - hansılar ki, onu həbs ediblər - onlarla anlaşa bilsin. O da heç bir fayda verməyəcək. Çünki vaxtı ilə hakimiyyətdə olanlar şəxsi maraqlar, yenə də var-dövlət əldə etmək siyasəti ilə məşğuldurlar. Amma ondan öncə də qisas almaq siyasətindədirlər. Nə xalq, nə də ki, demokratiya onları maraqlandırmır”.






Fikirlər