Əli İnsanovun “HAQQ yolu”...
“O, tərəfdarlarını ümidləndirməyə çalışır” Həbsdəki sabiq səhiyyə naziri Əli İnsanovun yanvarın 16-da - onun kasasiya şikayəti təmin edilmədikdən sonra cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsindən verdiyi bəyanatda bəzi diqqətçəkən məqamlar var. Sabiq nazir barəsində çıxarılan bu cür qərarların onu “haqq yolundan döndərə bilməyəcəyini” deyir. Sitat: “13 ildir ki, mənə qarşı siyasi repressiyalar amansızlıqla davam etdirilir. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında çıxarılmış, böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimi qırmağa yönəlmiş belə qərarlar məni haqq yolumdan döndərə bilməz”. 2005-ci ilə qədər hazırkı iqtidarın əsas fiqurlarından olan, vəzifədə olarkən demokratik düşərgəyə qarşı ən sərt mövqedə dayanan, siyasi mövqeyinə görə xeyli sayda tibb işçisini işdən qovan sabiq nazirin həbsindən sonra tamam dəyişməsi və son illərdə özünü siyasi lider kimi göstərməsi maraq doğurmaya bilməz. Maraqlı həm də odur ki, o, “haqq yolu” dedikdə nələri nəzərdə tutur? Bəziləri hesab edir ki, əslən Qərbi Azərbaycandan olan və bu bölgənin insanları arasında müəyyən nüfuza sahib olan sabiq nazir məhz bu elektorata arxalanır. Onun həbsxana iradəsinin müzakirə olunmayacaq dərəcədə yüksək olmasının da məhz bu amildən qaynaqlandığı vurğulanır. Belə iddialar var ki, 2016-cı ildə 11 illik cəzasının bitməsinə az qalmış onun yeni ittihamla 7 il də məhkum edilməsi keçmiş komandasına qarşı münasibətini daha da radikallaşdırıb. Amma o, indiki durumda nə edə bilər? Siyasi şərhçi Natiq Miri bildirdi ki, hakimiyyətdən düşmüş və ciddi iddialarla çıxış edən şəxslərin sayı barmaqla sayıla bilər: “Praktikada bu cür halları çox az müşahidə etmişik. Keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı bu cür hadisələr yaşanır. 12 ildən çoxdur həbsdə olan bir şəxsin öz iddialarından vaz keçməməsi, ayrıca hakimiyyətlə hər hansı bir uzlaşmaya getməyə maraq göstərməməsi bir növ prinsipial mövqeyi ortaya qoyması kimi başa düşülur. İstənilən bir halda daşı ətəyindən tökməklə, hakimiyyətlə müəyyən sövdələşməyə gedib, həbsdən azad olaraq, Avropanın ən inkişaf etmiş şəhərlərində yaşamaq imkanı ola-ola Əli İnsanov buna getmir. Qərbi azərbaycanlılar arasında Əli İnsanov müəyyən bir nüfuza sahib şəxsdir. O, dünən də, bu gün də elədir. İnsanov da özünü bir növ qərbi azərbaycanlıların lideri kimi aparır. O, həbsxanada olsa da, hesab edirəm ki, Azərbaycanda gedən siyasi prosesləri izləyir. Ölkənin siyasi müstəvisində bir növ siyasi lider boşluğu yarandığı üçün Əli İnsanov kimi imkanlı, hakimiyyətdə olmuş bir şəxs irəli çıxmaq istəyində olacaq. Mənə elə gəlir ki, bu açıqlamaların arxasında duran bir səbəb də budur. Əli İnsanov siyasi lider boşluğunu doldurmaq istəyir. İctimai rəyi buna yönəltmək istəyini ortaya qoyur. Bu cür açıqlamalar gələcəyə hesablanıb. O, müdafiəçilərinə belə açıqlamaları ilə mənəvi cəhətdən enerji verir. Bununla hələlik heç nəyin bitmədiyi mesajını verir. Bundan əlavə, dəstəkçilərini toparlamaq istəyini ortaya qoyur. Siyasi vəziyyət dəyişəcəyi təqdirdə Əli İnsanov arzularını gerçəkləşdirəcəyinə ümidlidir. Məhz bunlara görə Əli İnsanovun məlum bəyanatları verdiyini düşünürəm”. “Yeni Müsavat”