Onun azadlığa çıxdıqdan sonra siyasi təşkilat yaradacağı iddiası var
2005-ci ilin oktyabrında həbs edilərək 11 illik azadlıqdan məhrum edilən sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına təxminən 4 ay qalıb. Vaxt azaldıqca sabiq nazirlə bağlı müxtəlif xəbərlər yayılmaqdadır.
İddialara görə, Əli İnsanovun əsas elektoratı sayılan qərbi azərbaycanlılar, xüsusən də bu elektoratın sıralarında olan ictimai-siyasi fiqurlar, İnsanovun müxtəlif partiyalarda təmsil olunan həmyerliləri onun azadlığa çıxmasından sonrakı dövrə hazırlaşırlar.
Hansısa bir təşkilatın yaradılacağından da söhbət gedir. Əli İnsanovun əsas bazası qərbi azərbaycanlılar olan ümumölkə miqyaslı bir siyasi təşkilat yaradacağı barədə də ara-sıra informasiyalar yayılır.
Yayılan xəbərlərlə bağlı əslən Qərbi Azərbaycandan olan bir neçə siyasətçi ilə əlaqə saxladıq.
AMİP katibi Əli Orucov öncə bildirdi ki, Əl İnsanovun həbsi sifarişli idi və Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq onun indiyədək də həbsxanada cəza çəkməsi qanuna ziddir: “Onun YAP-ın yaradılmasında və Heydər Əliyevin hakimiyyətə gəlməsində göstərdiyi müstəsna rolu heç bir şəxs göstərməyib. Lakin etiraf etmək lazımdır ki, Əli İnsanov siyasətçi və namenklaturaçı olmayıb. Onun fəaliyyəti elmlə, tibb sahəsi ilə əsasən bağlı olduğundan siyasi kombinasiyaların qurulmasında şəriştəsi olmayıb. Ona görə də hakimiyyətdaxili rəqibləri tərəfindən sərt şəkildə vuruldu. Mən qəti şəkildə deyə bilmərəm ki, sabiq səhiyyə naziri azadlığa çıxdıqdan sonra aktiv siyasətlə məşğul olacaq, ya yox. Lakin verdiyi bəyanatlardan və döyüşkən ruhundan ehtimal ki, mübarizəsini davam etdirəcək. Mənim fikrimcə, siyasi meydanda gənclər daha yaxşı uğur qazana bilərlər. Siyasət bir peşədir və bu peşə praqmatikliyi, çevikliyi, manevrləri və təhlilləri sevir. Azərbaycan insanı əvvəlki illərdən fərqli olaraq daha praqmatik düşünür. Real vəziyyəti və prosesləri qiymətləndirməyi bacarır. Əli İnsanovun siyasi meydanda və mübarizədə uğur qazanacağı məsələsini isə zaman özü göstərəcək. İndi regional bağlılıq yanaşması əvvəli tək daha vacib və aktual elementlərdən biri kimi əhəmiyyətli deyil. Qərbi azərbaycanlılar kimi təqdim olunan toplum isə artıq məhdud regional anlayışından çıxıb. Bu toplumda Əli İnsanovun azadlığa çıxmasından sonrakı dövrə hazırlıq getdiyini şəxsən müşahidə etməmişəm”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirdi ki, Əli İnsanovun həbsdən azad edildikdən sonra onun böyük bir siyasi təşkilat yaratması barədə söylənilən fikirlər reallığa yaxındır: “Əli İnsanov qərbi azərbaycanlılar tərəfindən sevilən bir insandır, bunu danmaq doğru olmazdı. Onun müxalifətin vahid lideri olması barədə də xəbərlər yayılır. Məncə, bu kimi xəbərləri qərbi azərbaycanlıların incik salınmasına hesablayıblar. 4,5 milyondan artıq qərbi azərbaycanlı həddindən artıq küskün bir vəziyyətdədir. Əli İnsanovun bu elektoratı toparlaması və siyasi qurum yaratması istisna deyil. Onun ölkə müxalifətinin vahid lideri olub-olmayacağını yəqin ki, zaman göstərəcək. Hər halda, düşünürəm ki, bu hakimiyyətin içindən çıxan insan olaraq Əli İnsanova hörmətlə yanaşmaq lazımdır. Əli İnsanovu özünə lider sayan çoxlu sayda insanlar var. Hər halda, İnsanovun elektoratına görə müəyyən qrup və partiyalar onu özlərinə lider kimi görmək istəyər. Partiyamız böyük təşkilatdır, 92 min üzvümüz var. Hər halda, Əli İnsanovla bağlı məsələ zamanında müzakirəyə çıxarılmalıdır. Amma bir məsələni nəzərə almaq lazımdır ki, müəyyən hakimiyyətdaxili qruplaşmalar Qərbi Azərbaycan kökənli 4,5 milyon insanı incik salıblar. Belə də bu elektorat, hər halda, müəyyən axtarışdadır. Qərbi Azərbaycandan hökumətdə olanlar da var, lakin onlar 5-6 partiya dəyişən insanlardır və nüfuzları da yoxdur. Əli İnsanovun isə nüfuzu var”.