Müxalifət fəalı ölkəni tərk edə bilmədiyini deyir
Keçmiş siyasi məhbus, Müsavat Partiyasının fəalı Azad Həsənovun barəsində məhkəmə qərarı ilə təyin olunmuş sınaq müddəti başa çatsa da,ona ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Azad Həsənovun özü məlumat verib. "Keçən ilin avqust ayında həbsdən azad olunmuşam, bu ilin əvvəlində məhkəmə tərəfindən təyin edilmiş sınaq müddəti bitib. Bununla bağlı Suraxanı Rayon İcra və Probasiya Şöbəsindən müvafiq sənədim də var. İyulun 24-də ölkəni tərk edib Litvaya, ailəmin yanına getmək istəyərkən hava limanında sərhəd xidmətinin əməkdaşları məni saxladılar. Dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub," o bildirib. Həsənov bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova onlayn müraciət edərək, cəza müddətinin bitdiyini bildirib və ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyib “Müraciətim qeydə alınsa da, mənə indiyə qədər məsələ ilə bağlı heç bir cavab verilməyib. Bundan əlavə, mən hər gün məlumat almaq üçün Daxili İşlər Nazirliyinin "102" Xidmətinə zəng vururam Hər dəfə məni bir istiqamətə yönləndirirlər, gah Bakı Şəhər Baş Polis İdarəsinə, gah Probasiya şöbəsinə göndərirlər. Suraxanı rayon İcra və Probasiya Şöbəsinin Daxili İşlər Nazirliyinə göndərdiyi məktubun bir nüsxəsini əldə etdikdən sonra "102" Xidmətinin tövsiyəsi ilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinə dəfələrlə müraciət etmişəm. Onlar isə hər dəfə "gözlə", "araşdırılır", "səbirli ol" deyirlər, amma konkret cavab vermirlər". Bununla bağlı Daxili İşlər Nazirliyi və Suraxanı rayon İcra və Probasiya Şöbəsindən hələlik münasibət öyrənmək mümkün olmayıb. Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 11-də atasının ağır xəstəliyi ilə əlaqədar Bakıya qayıdıb və elə həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. 2019-cu ilin avqustunda Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, Həsənov 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin, Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tətbiq edilib və məhkəmə zalından azadlığa çıxıb. Azad Həsənov barəsində 6 aylıq sınaq müddəti seçilib. Bəzi hüquq müdafiə təşkilatları Həsənovu siyasi məhbus sayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.