"Heç bir millətin tarixində öz vətənini azad etmək uğrunda bu qədər birlik və ruh yüksəkliyi olmayıb"

Biz Azərbaycanın ən şərəfli tarixini yaşayırıq. Tarix yazırıq.  
Dünən xalqa müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanın ən şərəfli tarixini yaşayırıq dedi. Əlbəttə, ən şərəfli tarixini yaşayırıq. 27 il ərzində bütün dünyanın naqisliyini görərək, anlayaraq və qəbul etməyərək öz müqəddəs torpaqlarını azad etmək üçün ayağa qalxmış bir qürurlu millət kimi tarix yazır. Bəlkə də heç bir millətin tarixində öz vətənini azad etmək uğrunda bu qədər birlik və ruh yüksəkliyi olmamaşdır. Heç bir maneələrə və qurbanlara baxmayaraq uşaqdan böyüyə hər kəs ancaq İRƏLİ deyir. Çünki bizim artıq geriyə yolumuz yoxdur. Bunu Azərbaycanın hər bir fərdi anlamışdır.  Bu 27 il ərzində Biz artıq böyük təcrübə qazandıq. Biz artıq beynəlxalq birlikdən ədalət gözləyən sadəlöhv millət deyilik. Öz taleyimizi özümüz həll edəcəyik. Bizim artıq heç bir Həmsədrə ehtiyacımız yoxdur. Artıq bu bizim indi daxili işimizdir. Əgər özümüz həll ediriksə, heç bir vasitəçiyə də ehtiyac yoxdur. 
Hər kəs döyüşə atılmağa hazırdır. Demək biz artıq bir vahid millətik. Biz özümüzün bütün özünütənqidlərinə baxmayaraq torpaqlarımızda vahid millət, vahid iradəyə çevrilmişik. Bu savaş bizi millət kimi dünyanın ən qururlu millətləri sırasına daxil edəcəkdir. Vətəni üçün həyatını göz qırpmadan fəda edən bu gənclər və onların arxasında duran bu millət BÖYÜK TARİX yazır. Bu tarixçilərin, siyasətçilərin, mütəxəssislərin yeni tədqiqat mövzusuna çevriləcəkdir. Artıq Azərbaycan fenomeni öyrəniləcək.
İndi Azərbaycan ordusu ən müasir səviyyədə döyüş aparır. Hələ ki, sadəcə qardaş Türkiyə və Azərbaycan bu cür müharibə aparmaq qabiliyyətindədir. Baxın, İraqda, Əfqanıstanda və ya Suriyada aparılan müharibələrdə dünyanın ən inkişaf etmiş, ən müasir silahlara məxsus ölkələr bütöv şəhərləri xarabaya qoyaraq yüz minlərlə mülki əhalini məhv edərək xarabalıqların üzərindən üstünlük qazanmışdır. İndi Azərbaycan ordusu  müasir texnologiya əsasında mülki obyektlərə toxunmadan tarixdə yeni ad qazanacaq döyüş aparır. Onun müasir silahları artıq son yüz ildə sahədə dominant mövqe tutan düşmənin tankları və zirehli texnikalarını döyüş sahəsində əhəmiyyətsiz hala salmışdır. Bu hərb tarixi üçün də yeni açılımdır və yeni eranın başlanğıcıdır. Necə ki, İ Dünya savaşı pulemyotlar və kiçik təyyarələrin hərb tarixi üçün yeni era açması ilə fərqləndi, indiki dönəmdə də Azərbaycan İHA və SİHA- larla yeni müasir hərb metodlarını hərbi əməliyyatların ana xəttinə çevirdi. Biz bununla fəxr etməliyik və Azərbaycan ordusu ilə fəxr etməliyik.
Yaşasın Azərbaycan və Yaşasın Azərbaycan Ordusu!
Elxan Mehdiyev, Tanınmış konfliktoloq






Fikirlər