ƏZƏLİ RƏQİBLƏRİN İLK TOQQUŞMASI – “Kişi kimi mübarizə” çağırışı və gecikməyən cavab
Parlament seçkilərinin təbliğat mərhələsi ümumən sakit davam etsə də, bəzi dairələrdə, gözlənildiyi kimi, ilkin toqquşmalar qeydə alınmaqdadır. Məsələn, təşviqatın ikinci günündə 20 saylı Nərimanov Seçki Dairəsində əzəli rəqiblər Adil Əliyevlə Aslan İsmayılov arasında ilkin “söz atışması” qeydə alınıb. AzPolitika.info-nun məlumatına görə, A.İsmayılov bu gün Feysbuk səhifəsi üzərindən rəqibini “kişi kimi” mübarizə aparmağa çağırıb. Sitat: “Təxminən 2 saat öncə Milli Məclisə seçkilərdə iştirak edən bir namizədin Facebook səhifəsindən www.sesverme.informasiya.org saytında dairələr üzrə virtual səsvermənin keçirildiyini gördüm. Səsvermənin linki səhifələrimdə paylaşılandan 2 saat sonra 20 saylı Nərimanov ikinci seçki dairəsində gedən səsvermədə 1000-ə qədər səslə (75%) siyahıda birinci idim. Qalan 25% səsi isə həmin dairənin deputatı Adil Əliyev və digər 7 nəfər namizəd bölüşürdülər. Görünür saxtakarlığa vərdiş etmiş adamlar virtual gedən səsvermələrə belə biganə qala bilmirlər. Artıq 15 dəqiqədir ki, qeyd edilən saytda 20 saylı seçki dairəsini bağlayıblar. Halbuki, bütün dairələrdə səsvermə davam edir. Ümid edirəm ki, səhifə rəhbərliyi bunu bilərəkdən ETMƏYİB. Qeyd edək ki, A.İsmayılovun bu açıqlamasından sonra sözügedən saytda 20 saylı dairə ilə bağlı səsvermə bərpa olunub. Bu ana qədər dairə üzrə səsverənlərin sayı 2218nəfərdir. Səslərin 80 faizini (1774) Aslan İsmayılov alır. A.Əliyevin rəqibinin “kişi kimi mübarizə aparmaq”çağırışına reaksiyası da özünü çox gözlətməyib. “Azinforum” saytının məlumatına görə, bununla bağlı A.Əliyev aşağıdakı açıqlamanı yayıb:
Yox, əgər bilərəkdən atılan addımdırsa, belə yazıq insanların, bu cür acizliklərinə ancaq təəssüf edə bilərəm. Mübarizəni kişi kimi apararlar!”
Maraqlıdır ki, bu virtual səsvermə ilə bağlı Adil Əliyev də Feysbuk üzərindən dostlarına çağırış edib.
“Əziz soydaşlarım, bildiyiniz kimi 2005 və 2010-cu illərdə olduğu kimi, yenə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədəm. Qələbəmə zərrə qədər də şübhəm yoxdur. Çünki həm dairəmin insanlarını tanıyıram, həm də illərdir onların problemlərinin həlli ilə məşğulam. Mən bəzi rəqiblərim kimi seçicilərimi seçkidən seçkiyə xatırlamıram. Hər zaman onların yanındayam. Qərargahımın qapısı 10 ildir seçicilərimin üzünə açıqdır. Bu gün seçki kampaniyasına başladım. Rəqiblərimə də uğurlu seçki kampaniyası arzulayıram. Ancaq rəqiblərimdən biri artıq ilk gündən suyu bulandırmağa başlayıb.
Mən real aləmdə mübarizəyə başlayarkən, mitinqlərə start verərkən, seçicilərimin dərdlərini dinləyərkən, o virtual aləmdə varlığını göstərməyə çalışır. Saytların birində dairələr üzrə virtual səsvermə keçirilir. O da indidən haray-həşir salıb ki, bəs qoymayın, sayta müdaxilə olub “mənim səslərimi” oğurlayıblar. Birincisi, həmin saytı mən və tərəfdarlarım da izləyir, sayta girişdə heç bir problemlə rastlaşmadıq, indi də işləyir. İkincisi, millət vəkili virtual səsvermədə yox, real səsvermədə müəyyənləşəcək. Bunu mən iki dəfə həmin şəxsə də sübut etmişəm. Hətta öz ətrafı da etiraf edib ki, dairənin əsl qalibi Adil Əliyevdir. Üçüncüsü, bildiyim qədəri ilə virtual səsvermə seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. Necə deyərlər, cücəni payızda sayarlar. “Mübarizəni kişi kimi apararlar” deyən rəqibimin diqqətinə onu da çatdırıram ki, dairəmizdən deputatlığa 9 namizəddən 3-ü xanımdır. Kişilikdən danışarkən, onların hüquqlarını pozmasın. Mən isə ondan fərqli olaraq bütün rəqiblərimə mərdanə mübarizə aruzlayıram”.