Milli Məclis hökumətə 6 gün vaxt verdi
Vitse- spiker Bahar Muradova parlamentin növbəti plenar iclasında büdcə müzakirələri zamanı sahibkarların müdafiəsindən və problemli kreditlərdən danışıb. “Qafqazinfo” xəbər verir ki, B. Muradova üzünü Milli Bankın rəhbərliyinə və hökumət üzvlərinə tutaraq “Milyonları sizin öhdənizə buraxırıq, ancaq orta təbəqə mövcud olmadan biz milyonları nə qazana, nə də qoruyub saxlaya bilərik. Ona görə də orta və kiçik sahibkarlığın inkişafı kreditləşmə prosesini sürətləndirmək lazımdır”- deyə müraciət edib. B. Muradova eyni zamanda yeni investesiya layihələrinin başlanılmasına ehtiyac olmadığını vurğulayıb. Elm və təhsil komitəsinin sədri Şəmsədin Hacıyev isə qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi proseslər, xüsusilə də məlum devalvasiyanın büdcəmizə təsiri opponentlərimiz tərəfindən Azərbaycan iqtisadiyyatının tənəzzülünün başlanğıcı kimi qiymətləndirilir: “Onların fikirləri,arqumentləri ilə heç cür razılaşmaq olmaz. Bu belə deyil, əksinə baş verən hadisələrin fonunda belə bir büdcənin hazırlanması bizim uğurumuzdur”. YAP-çı millət vəkili Siyavuş Novruzov da öz növbəsində müdafiə xərclərinin daha da artırılmasını təklif edib: “Dünyada əsas təhlükəsizlik və müdafiə məsələlərdir. Düzdür, büdcəmiz azalsa da, hərbi sahəyə xeyli artım nəzərdə tutulub. Amma bu vəsaiti bir az artırmaq lazımdır. Çünki ətrafımızda çox gərgin proseslər, müharibələr, terrorlar baş verir. Azərbaycan isə sabitlik adasıdır. Bu adanı qoruyub saxlamalıyıq”. Sonra S. Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək ayın 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib. Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib:
“Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək”.