Ağdama gedən müxalif siyasətçi: “Dünyaya mesaj veririk ki...“
Prezident İlham Əliyevin tapşırığına əsasən bu gün bir qrup siyasi partiya rəhbərinin işğaldan azad olunan Ağdam rayonuna səfəri təşkil olunub. Partiya sədrləri işğaldan azad edilmiş Ağdam şəhərinə və digər ərazilərə baş çəkiblər, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olublar. Səfərdə iştirak edən “Ağ” Partiyanın sədri Tural Abbaslı Yenisabah.az-la təəssüratlarını bölüşüb. Partiya sədri bu səfərin dünya auditoriyasına birlik mesajı verdiyini qeyd edib: “Hazırda səfərdəyik. Bu səfəri müsbət qiymətləndirirəm. İşğaldan azad olunmuş torpaqlarla bağlı dünyaya və daxili auditoriyaya verilməli olan birlik mesajları ilə Azərbaycanın vahid mövqeyi nümayiş etdirilir. Fikrimcə, bu səfər həm daxilə, həm də xaricə bu mesajı verdi, sübut etdi ki, Qarabağ məsələsində Azərbaycan siyasi səhnəsi tamdır, vahiddir və heç bir fikir ayrılığı yoxdur. Erməni vandallığının, acgözlüyünün qarşısında başqa fikir ola bilməz”. O, Ağdam şəhərinin tamamilə xarabalığa çevrildiyinin şahidi olduqlarını deyib: “Biz burada gəzdik, gördük ki, həqiqətən də böyük Ağdam şəhəri bu gün “ruhlar şəhəri”nə çevrilib. Bunlar kadrlarda gördüklərimizdən tamamilə ayrı şeylərdir. Burada bir sağlam ev, sağlam otaq belə yoxdur. Sanki ermənilər daşdan, divardan da qisas alıblar. Qəbiristanlıqları dümdüz ediblər, başdaşıları yoxdur, çıxarıblar, goreşən kimi qəbirləri eşiblər, qəbirstanlıqlarda əkin yerləri salıblar. Çox faciəvi səhnələrdir. Ona görə düşünürəm ki, dünyaya mesaj vermək baxımından bu səfər önəmli idi. Bizlər də bundan dərs çıxarmalıyıq ki, daxilimizdə fikir ayrılıqları olmasın. Ermənistan kimi ölkələrin qarşısında zəif düşməyək ki, bundan sonra nə şəhərlərimiz belə viran qalsın, nə də xarabazarlığa çevrilsin. Burada Vətən daşı, torpağı, ağacı, qumu sanki bizdən küsüb. Bizdən soruşur ki, illərdir bizi niyə azad etməmisiniz?! İçimizdə bir az da bu hiss var ki, niyə illərdir faşistlərin əlindən bu torpaqları azad edə bilməmişik... Çıxarılmalı dərslər çoxdur və bu səfər qonşularımızın kim olduğunu bizə bir daha xatırlatdı. Xatırlatdı ki, ayıq-sayıq olmalıyıq. Bu dərs növbəti nəsillərə yüzillərlə bəs olacaq, onlar biləcək ki, diqqətli olmaq lazımdır”.