Vəhşi bir güc dünyamızı qaranlıq orta əsrlərə doğru dartır
Makedoniyalı İsgəndər düşməniylə kişi kimi vuruşardu. Amansız idi, iddialı idi amma kişi kimi vuruşurdu – açıq döyüşdə, üzbəüz. Dünya fatehinin adını daşıyan raketin qalıqlarının Şuşada tapılması, Qafqazın konservatoriyasının ballistik raketlə vurulması nakişilikdi, şərəfsizlikdi. İsgəndər belə eləməzdi. O raket tək bizim qalamıza atılmayıb, dünya mədəniyyətinin incisini hədəf alan barbar təfəkkürün nişanəsidir. Bir növ Palmiradakı yaşı iki min ili keçən tarix incilərinin dünyanın gözü qabağında məhv edilməsi kimi. Ən qəddar terror təşkilatları belə törətdikləri aktdan sonra bunu etiraf edir. Şuşanı vuranlarsa dəvəquşulardı, başlarını basdırıblar quma, elə bilirlər heç kim görmür. Üfunətli hənirtisini lap qulağımızın dibində hiss elədiyimiz vəhşi bir güc var. Elə bir vəhşi ki yorulmadan dünyamızı qaranlıq orta əsrlərə doğru dartır. Sən demə heç Şuşaya atılan “İsgəndər” ermənilərə peşkəs edilən “E” modeli deyilmiş. “M”di, yəni o silahın belə bir növü heç ermənilərdə olmayıb. Əcaba, bu raket hardan gəldi düşdü Qarabağa? Dəvəquşular atıb, qaranlıq orta əsrlərdən. İstənilən halda bu, hərbi cəhətdən – cinayət, siyasi cəhətdən – axmaqlıq, mənəvi baxımdan – vicdansızlıqdı! Natiq MƏMMƏDLİ, Əməkdar jurnalist