Keçmiş nazirdən “hücum diplomatiyası” təklifi: Təzminat üçün ƏSASLAR...
Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan erməni vandallığını nümayiş etdirmək üçün bölgəyə tez tez səfər təşkil edir. Dəfələrlə xarici diplomatlar, dünyanın nüfuzlu KİV təmsilçiləri işğaldan azad edilmiş ərazilərdə olub. Onlar gördükləri barədə xarici mediada yazılarla da çıxış ediblər. Maraqlıdır, bu vandalizm nümunəsini görən müasir dünyanın, beynəlxalq təşkilatların reaksiyasını qənaətbəxş hesab etmək olarmı? Məsələni Yenisabah.az-a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarındakı mədəniyyət nümunələrini məhv, infrastrukturu darmadağın etməsi ilə bağlı fərqli mövqelər var: “ADA-da keçirilən konfrans onu göstərdi ki, bəziləri reallığı dərk edir. Lakin təbii ki, həqiqəti görməyən və görmək istəməyənlər də az deyil. Hazırda beynəlxalq, o cümlədən humanitar təşkilatlar müxtəlif layihələr irəli sürürlər, Azərbaycandan bu və digər bölgələrdə fəaliyyət göstərmək üçün icazə istəyirlər. Hesab edirəm ki, burada Azərbaycan tərəfi artıq sistemli bir baxış nümayiş etdirməlidir. Hamı başa düşür ki, müharibədən sonra reabilitasiya mərhələsi gəlir. Bu baxımdan müsbət və ya mənfi mövqedən asılı olmayaraq beynəlxalq ictimaiyyətin post-konfliktik fəaliyyəti olmalıdır. Yəni geri qayıdan insanlara kömək, hansısa infrastruktur layihələrdə beynəlxalq qurumların iştirakı kimi məsələləri nəzərdə tuturam”. Həmsöhbətimiz hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizlə bağlı beynəlxalq təcrübədə yer alan donor konfransı təşkil edilməlidir: “Məsələn, bu proses BMT tərəfindən həyata keçirilə bilər. Amma konfransın Bakıda baş tutması vacibdir. Orada müxtəlif beynəlxalq təşkilatların irəli sürdüyü layihələr, təşəbbüslər sistemli şəkildə müzakirə edilməli, ümumi regiona dair qiymətləndirmə aparılmalı və onlar proporsional şəkildə göstərilməlidir. Yəni beynəlxalq təcrübədə donor konfransın təşkil olunma qaydası budur. Azərbaycan pərakəndə fəaliyyətə son qoymaq üçün bununla bağlı çağırış edə bilər. Biz həmin vaxt kimin dərdimizə şərik olduğunu, kimin isə sadəcə şəxsi maraqlardan çıxış etdiyini görəcəyik. Nəticədə mürəkkəb görünən məsələlərə aydınlaşacaq”. Politoloqun sözlərinə görə, təşkil olunacaq konfrans həm də bir növ təbliğat imkanı yaranacaq: “Ermənistan tərəfi buna qarşı çıxır, çünki onlar anlayır ki, beynəlxalq təşkilatlar tərəfindən vəziyyətin qiymətləndirilməsi Azərbaycan üçün gələcəkdə təzminat məsələsini irəli sürəcəyi bir platforma yaradır. Hesab edirəm ki, Bakıda baş tutacaq donor konfransı çox əhəmiyyətli və fəal bir tədbir olar. Yəni hücum diplomatiyasını irəli aparar”. Diplomat Minsk Qrupunun bəyanatına da münasibət bildirib: “Minsk qrupu sanki nə etməli olduğunu müəyyənləşdirmək üçün axtarış içərisindədir. Çünki vəziyyət tamamilə dəyişib. Onların 1992-ci ildə qəbul olunan mandatı artıq aktual deyil. Bir neçə gün əvvəl amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Riçard Hoqlandın bir məqaləsi yayıldı. O da vurğulayır ki, artıq Minsk Qrupu öz fəaliyyətində hansısa düzəlişlər etməlidir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə diqqət ayırmalıdır. Diplomat donor konfransı barədə də fikir söyləyib və bu fikir müxtəlif dairələrdə mövcuddur, Azərbaycan onları dəstəkləyir. Donor konfransı onların, bəlkə də BMT-nin köməkliyi ilə həyata keçirilə bilər”.