Rusiya Azərbaycandan NƏ İSTƏYİR?

Rusiya Azərbaycandan nə İSTƏYİR?

Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski “Komsomolskaya Pravda”nın “radiokp.ru” internet radiosuna müsahibəsində Azərbaycan haqqında növbəti dəfə sərsəm açıqlamalarla çıxış edib. Jirinovski ənənəvi qaydada sovet imperiyasının bərpasının vacibliyindən danışıb, Cənubi Qafqazın Rusiyanın təsir dairəsi olduğunu deyib.

İddia edib ki, Rusiya Qafqaza müharibə ilə getmir, ermənilər xahiş edirlər deyə gəliblər. Partiya sədrinin etik qaydaları aşan çığır-bağırtsı bununla yekunlaşmayıb. Rusiya olmasa, Baydenin Azərbaycanda hakimiyyəti iki həftəyə devirə biləcəyi kimi absurd fikirlər də səsləndirib.

Xatırladaq ki, RLDP sədri bundan əvvəl də başqa postsovet ölkələri haqqında sərsəm iddialarla çıxış edib, ölkələrin ərazi bütövlüyü, suverenliyi, xalqlar haqqında aşağılayıcı fikirlər işlədib. Bu da Rusiyanın öz qonşuları ilə münasibətlərinə hər halda xətərsiz ötüşməyib.

Rəsmi Bakı RLDP sədrinin çıxışını cavabsız buraxmayıb, Rusiyanın Azərbaycanda müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunaraq nota təqdim olunub.

“... Deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”, - XİN-in notası ilə bağlı xəbərdə bildirilir.

Rusiya səfirliyi və Xarici İşlər Nazirliyi isə hələ ki, nə Jirinovskinin sərsəm açıqlamalarına, nə də Azərbaycanın notasına münasibət bildirməyib.

Jirinovskinin qeyri-ciddi siyasi obrazına görə bəlkə də onun dediklərinə əhəmiyyət verməmək olardı. Bu barədə ictimai müzakirələrdə də sözügedən fikir üstünlük təşkil edir.

Amma RLDP sədrini "Rusiyanın makiyajsız sifəti" adlandıranlar onun fikirlərini Kremlin Azərbaycana mesajı kimi dəyərləndirirlər. Qeyd olunur ki, Kreml, əslində siyasi və diplomatik ritorikada səsləndirmədiyi istəkləri Jirinovskinin pozuq nitqi ilə çatdırır. Əlbəttə, bu yanaşmalar da əsasız deyil. Çünki təcrübədə Jirinovskinin qeyri-ciddi, sərsəm açıqlamaları bir müddət sonra bir qədər sığallı şəkildə Rusiya rəsmilərinin dilindən səsləndirilib. O cümlədən, Kreml rəhbəri V.Putin postosvet məkanının Rusiyanın nüfuz dairəsinə aid olduğu barədə bəyanatlar verib. Bu yaxınlarda yerli mediada Ukrayna-Rusiya münasibətləri ilə bağlı dərc olunmuş məqaləsində RLDP sədrinin dediklərindən geri qalmayan ifadələr işlədib. 

Ona görə də Jirinovskinin çıxışını Azərbaycan-Rusiya münasibətlərinin hazırki durumu kontekstindən qiymətləndirməyə ehtiyac var. Əsas sual ondan ibarətdir ki, Moskva Azərbaycandan nə istəyir, Bakıdan hansı tələbləri ola bilər?

Əlbəttə, Rusiya rəhbərlərinin postsovet ölkələrini Moskvaya bağlı vahid iqtisadi-siyasi məkan kimi gördükləri bəllidir. Kreml açıq mətnlə bəyan edir ki, keçmiş müttəfiq respublikalar Moskvanın inteqrasiya layihələrinə - Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatına (KTMT), Gömrük Birliyinə qoşulmalıdırlar. Azərbaycan da bu birliklərə dəvət olunub, ötən ayın əvvəlində bildirilib ki, Bakı KTMT-də müşahidəçi statusu ilə təmsil oluna bilər. Amma Azərbaycan Xarici İşlər Nazirliyi bu dəvəti cavabsız qoyub.

Avrasiya Birliyi ilə bağlı da eyni təklif səsləndirilib və onun müsbət cavablandırılmasına müxtəlif cəhdlərin də edildiyi istisna deyil. Amma Azərbaycan xarici siyasətində bloklara qoşulmamaq siyasəti yürüdür və Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir. Bakı istər Rusiya, istərsə də Avropa ölkələri ilə ikitərəfli əməkdaşlıq siyasətinə üstünlük verir.

Ötən ay Cənubi Qafqaza səfərə gələn Avropa Birliyinin Prezidenti Şarl Mişelə də eyni mövqe çatıdırılıb. Azərbaycan Mişelin sədrliyi ilə Batumda Moldova, Ukrayna və Gürcüstan təmsilçilərinin iştirak etdiyi toplantıya qatılmayıb. İlin sonunda imzalanması gözlənilən Azərbaycan-Avropa İttifaqı Strateji Tərəfdaşlıq Sazişi də tərəflərin maraqları əsasında hazırlanıb və assosiativ üzvlüyü, inteqrasiyanı nəzərdə tutmur.

Beləliklə, Bakı xarici siyasət prioritetləri ilə bağlı ortaya kifayət qədər açıq mövqe qoysa da, bu, Moskvanı qane etmir, Kreml israrla Azərbaycanı öz səfinə çəkməyə çalışır.

44 günlük müharibədən sonra bölgədə yaranmış yeni situasiya da Rusiyanı tamamilə qane etmir. Doğrudur, Rusiya 28 ildən sonra yaranmış fürsətdən istifadə edib Azərbaycan ərazilərinin bir hissəsində sülhməramlı missiya ilə qoşun qruplaşması yerləşdirib. Bununla bölgəyə hərbi-siyasi təsir imkanlarını xeyli artırıb. Amma bu, regionda uzun müddət qalmaq üçün kifayət deyil. Moskva əlindəki təsir rıçaqları ilə bölgədəki varlığını hüquqi və siyasi baxımdan möhkəmləndirmək istəyir.

Söhbət dövlətlərarası müqavilə ilə Qarabağdakı sülhməramlıların statusunun tanınmasıdır ki, bu da parlamentin ratifikasiyasından keçməlidir. Çünki ortalıqda olan 10 noyabr razılaşması üçtərəfli bəyanatdır və hüquqi qüvvəyə malik olmadığına görə Azərbaycan Milli Məclisinə təqdim olunmayıb. Rəsmi Bakı sülhməramlılara bundan artıq əsas vermək niyyətində deyil. Elə Müdafiə Nazirliyinin yaydığı məlumatlardakı "Azərbaycan ərazilərindəki müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının məsuliyyət zonası" cümləsi də bu niyyəti tamamilə özündə əks etdirir.

Ötən həftə Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyanın hökumətin iclasında səsləndirdiyi "Azərbaycan Rusiya sülhməramlılarının statusu ilə bağlı əlavə sənədi imzalamaq istəmir" bəyanatı Bakı-Moskva münasibətlərindəki əsas gərginlik elementlərindən birinin üzərinə işıq salır. Paşinayn bildirib ki, bu müqaviləni Ermənistan imzalayıb.

Jirinovski də məhz bu sənədə istinad edərək deyir ki, ermənilərin xahişi ilə bölgəyə gəliblər. Paşinyan və Jirinovskinin bəyanatlarının ard-arda olması və cümlələrdə bir-birini tamamlayan fikirlər, o cümlədən RLDP sədrinin Azərbaycanın adını bu kontekstdə çəkməməsi, əslində çığır-bağırın mahiyyətini tamamilə açıq edir: Rusiya Azərbaycanın da sülhməramlıların mandatını, statusunu təsdiqləyən əlavə dövlətlərarası müqaviləni imzalamasını istəyir.

Rəsmi izahatlar olmasa da, belə bir sənəd mövcud olduğu ən müxtəlif səviyyələrdə bəyan edilib. Elə Azərbaycanın onu niyə imzalamadığı da məlumdur. Bu barədə hələ yanvarın 8-də Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan açıqlama vermişdi. 

O, bildirmişdi ki, Bakı sənədi imzalamağın qarşılığında Rusiya qarşısında bir neçə şərt qoyub:

- "Qarabağda heç bir erməni qoşunu (o cümlədən Qarabağ "müdafiə ordusu") olmamalıdır, belə ki, bu, Azərbaycan torpaqlarıdır. Azərbaycan qoşunları qanuni olaraq, Rusiya qoşunları isə Azərbaycanın razılığı ilə oradadır.

- Ermənistan rəsmilərinin Qarabağa bütün səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır.

- Qarabağın özünüidarə orqanları Bakı və sülhməramlılar ilə razılaşdırılmaqla təyin edilməlidir".

Minasyanın sözlərinə görə, sülhməramlılar faktiki olaraq Bakının hüquqi razılığı olmadan Qarabağdadırlar.

"Azərbaycanla razılaşdırılmamış, amma Paşinyanla artıq imzalanmış sənəd Azərbaycanın əlinə əlavə təzyiq vasitələri verir. Azərbaycanın tələbləri yerinə yetirilmədiyi təqdirdə Bakı sülhməramlıların çıxarılmasını tələb edə bilər", - keçmiş diplomat belə deyib.

Şübhəsiz, Bakının şərtləri Azərbaycanın milli maraqlarına, eyni zamanda beynəlxalq hüquqa əsaslanır. Çünki söhbət sülhməramlıların Ermənistanın deyil, Azərbaycanın ərazilərinə yerləşdirilməsindən gedir. Əslində bu barədə Moskva-İrəvan anlaşması beynəlxalq hüquqa ziddir.

Ehtimal ki, Bakı hər şeydən əvvəl elə Rusiyanın Ermənistanla belə sənəd imzalamasına etiraz edib. Məntiqlə Ermənistana coğrafi, hüquqi baxımdan aid olmayan başqa bir ölkənin ərazisindəki vəziyyət hansı əsasla həm də İrəvanın iştirakı ilə tənzimlənməlidir?

Qarabağdakı erməni azlıq Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində yaşayır. Formal olaraq Rusiya bu separatçılarla Azərbaycan hökuməti arasında sülhməramlı missiya həyata keçirir. O zaman Ermənistanı bu situasiyaya pərçim etmək tamamilə məntiqsiz və yolverilməzdir.

Bu məsələlərin həlli, əslində 10 noyabr bəyanatında göstərilib. Erməni silahlı birləşmələri dərhal bölgədən çıxmalı, Azərbaycan üçün nəqliyyat dəhlizləri açılmalıdır, köçkünlərin qaytarılması, hüquqi-siyasi, inzibati idarəçiliyin formalaşdırılması üçün işlərə başlanmalıdır. Moskva müharibədən keçən 9 aya yaxın müddətdə buna imkan vermir. Üstəlik, onun Jirinovskinin dili ilə hədə mesajları səsləndirməsi Rusiyanın iddia etdiyi sülhməramlı missiyasına getdikcə daha çox kölgə salır.

Belə davam etsə, Rusiyanın Xankəndindəki qoşunlarının Moldovanın Dnestryanı ərazilərində, o cümlədən, Cənubi Osetiyada, Abxaziyadakı işğalçı orduları ilə heç bir fərqi qalmayacaq... /azpolitika

 






Fikirlər