Rəsmi Bakı “Taliban”ın hakimiyyətini tanıyacaq? – “Hamı dişə vurur...”
Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşım və şərhlərdən "Taliban"ın Əfqanıstandakı hakimiyyətinə iki cür yanaşmanın olduğu müşahidə edilir. Bir qrup istifadəçi radikal qrupun ölkəni məhvə apardığını düşünür, digər qrup “Taliban”a ehtiyatla, bəzən də rəğbətlə yanaşır. “Təkcə Azərbaycanda deyil, beynəlxalq birlik daxilində də “Taliban”a yanaşmada ikili rəy mövcuddur. Əksər ölkələr 1990-cı illərdə 4 illik bədnam iqtidarı ilə nüfuzu böyük ölçüdə mənfiləşmiş radikal qrupla əlaqə qurmaqda təmkinli, ehtiyatlı yanaşma sərgiləyir. Əsas gözlənti “Bu, 20 il əvvəlki “Taliban” deyil” bəyanının əməli isbatıdır. Buna görə də bir çox dövlət hələlik qruplaşmanın müxtəlif təmsilçiləri ilə açıq və ya gizli təmaslara girməklə, əslində, necə deyərlər, “Taliban”ı dişə vurur”. Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Əziz Rzazadə bildirib. Onun sözlərinə görə, son 40 ildə Əfqanıstan 2 işğal dövrü görüb, lakin ilk 20 ildən fərqli olaraq, bu Şərq ölkəsində cəmiyyətin müxtəlif siyasi-dini, habelə etnik bölünməsi hazırda daha kəskindir: “Çeşidli ölkələrdən maddi və siyasi dəstək alan qruplar arasında silahlı rəqabət azalmır. Cəmiyyətin fərqli təbəqələrini bir araya gətirmək indiki halda çətindən çətin işdir. Xüsisilə, “Taliban”ın Əfqanıstanın gələcəyi ilə bağlı görüşlərini mülki idarəçiliyə alışmış cəmiyyətin müəyyən qismi qəbul etmir. Dini qaydalarla idarə olunacaq “Əfqanıstan Əmirliyi” ideyasına həm siyasi, həm də silahlı müqavimət qaldıqca və artdıqca ölkənin xoş aqibətinə inam günbəgün öləziləyəcək”. “Azərbaycan “Taliban”ın hakimiyyətini tanıyacaqmı” sualını siyasi şərhçi belə cavablandırıb: “Əfqanıstan bölgəmizdən uzaqda yerləşən coğrafiyadır. İndi beynəlxalq birliyi narahat edən məsələ yalnız Əfqanıstanda silahlı qarşıdurmanın dayandırılması, cəmiyyətin bütün təbəqələrini əhatə edən inklüziv hökumətin qurulması deyil. “Taliban” hakimiyyətini qəbul etməyən insanlar axın-axın qonşu ölkələrə üz tuturlar. Azərbaycan sərhədlərində hələlik bu hal müşahidə edilməyib. Lakin “ehtiyatlı igidin anası ağlamaz” atalar məsəli də unudulmamalıdır. Rəsmi Bakının yeni rejimi tanıyıb-tanımayacağı da “Taliban”ın davranışından asılı olacaq. Təkrar edirəm, “Taliban” 20 il əvvəlki “Taliban” olmadığını isbatlamalıdır. Hələlik bu mesajı almış radikal qrup kəskin təpki doğuracaq addımlar atmayıb. Azərbaycanın baxış bucağından ən böyük maraq isə Əfqanıstanın terror yuvası damğasını üzərindən atmasıdır. Çünki radikal cərəyanlara meyllənən bəzi Azərbaycan vətəndaşlarının Əfqanıstanda qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları məlumdur. Onların bir neçəsi artıq mühakimə olunub, ya da zərərsizləşdirilib. Bunun qarşısını ümumən almaq üçün terrorun meydan oxuduğu yaxın coğrafiyalarda qaynar nöqtələrin ləğv edilməsi, sabitliyin bərqərar edilməsi istəyi rəsmi Bakının əsas mövqeyidir”.