ABŞ-ın qurduğu “tələ” baş tuta bilər: “Əfqanıstan bataqlığı” Rusiya və Çini içinə çəkir...

Rusiya “xaos dalğası”nı öz sərhədlərindən kənarda qarşılamaq üçün Əfqanıstan ətrafına qoşun yığır; Çin isə həm terrordan qorunmaq, həm də regional nəqaliyyat-kommunikasiya layihələrini xilas etmək üçün qəti addımlar atmağa hazırlaşır...

“Əfqanıstan bataqlığı” yenidən dərinləşməyə başlayıb. İndi bu “bataqlıq” ətrafında olan əksər ölkələri öz içərisinə çəkməkdədir. Və belə anlaşılır ki, ətraf  ölkələrin bundan xilas olma şansları o qədər də yüksək deyil.

Ona görə də, “Əfqanıstan bataqlığı”nın yenidən kəskin “ziddiyyət düyünü”nə çevrilməsi ABŞ-ın öz beynəlxalq rəqiblərinə qarşı əvvəlcədən düşünülmüş strateji planı hesab olunur. Bu plan baş tutarsa, Ağ Evin ABŞ-ın düşməni elan etdiyi iki nəhəng dövlət “Əfqanıstan bataqlığı”nda ciddi problemlərlə üzləşə bilər. Bu isə həmin ölkələrin uzun müddət başlarının qarışması, onların beynəlxalq maraqlarının təhlükə altında qalması anlamı daşıyır.

Məsələ ondadır ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan tez-tələsik çıxarılması bu ölkədə terrorçuların sərbəst buraxılması anlamına gəlir. Artıq Əfqanıstanın böyük bir hissəsinə nəzarəti ələ keçirtmiş “Taliban” terrorçuları isə bu ölkə ilə sərhəd qonşuluğu olan dövlətlərə ciddi təhlükə mənbəyi sayılır. Və bu, hətta artıq inkaredilməz reallığa çevrilməyə də başlayıb.

7c53b-1626697814.jpg (29 KB)

Hazırda Orta Asiya ölkələri, xüsusilə də, Türkmənistan, Özbəkistan və Tacikistan ciddi təhlükə qarşısında qalıb. Belə ki, “Taliban” terrorçularının hər üç ölkənin daxilində “yatmış hücrələri”nin olduğu ehtimal edilir. İndi “Taliban”ın həmin “hücrələri” yenidən oyatmaq imkanları artıb. Və böyük ehtimalla bu, əvvəl-axır baş verəcək.

Əgər, Türkmənistan, Özbəkistan və Tacikistanda “yatmış hücrələr” hərəkətə gətirilərsə, hər üç ölkənin dərin xaosun içərisinə sürüklənə biləcəyi qətiyyən istisna deyil. Bu haldasa, “Taliban”ın Orta Asiya regionuna sızması daha da asanlaşa bilər. Nəticədə çox qısa müddətdə Yaxın Şərqdə cərəyan edən hadisələrin eynilə Orta Asiyada da təkrarlana biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd edək ki, “Taliban”ın Orta Asiyanı terror məkanına çevirməsindən ən çox ziyan cəkəcək ölkələrin arasında Rusiya ilk sırada yer alır. Çünki Orta Asiya Rusiyanın cənub sərhədlərini əhatə edir. Rusiya artıq indidən yaxınlaşan böyük təhlükədən narahat olduğunu açıq-aşkar sezdirməyə başlayıb.

Çünki Orta Asiya “terror yuvası”na çevrilərsə, regional xaosun Rusiyanın sərhədləri içərisinə sıçraya biləcəyi də qətiyyən istisna deyil. Bu halda, regional terrorizm artıq Rusiyanın daxili probleminə çevrilmiş olacaq. Və belə bir xaosla üzləşilmə təhlükəsi Kremli Rusiya dövlətçiliyini xilas etmək üçün əlavə addımların atılmasına məcbur edir.

Maraqlıdır ki, Kreml “xaos dalğası”nı Rusiya sərhədlərindən nisbətən kənarda qarşılamaq barədə düşünür. “Taliban”ın hədəfində olan üç ölkədən ikisi Rusiyanın KTMT üzrə hərbi müttəfiqləridir. Ona görədə də Kreml Rusiya qoşunlarını bu iki ölkənin ərazisinə daşımaqla, “terror dalğası”nın bütün regiona yayılmasının qarşısını vaxtında almağın planlarını qurur. Bu məqsədinə çatıb-çatmayacağı isə yəqin ki, tezliklə aydınlaşmağa başlayacaq.

taliban-Снимок.JPG (46 KB)

Təbii ki, “Taliban” faktorundan yalnız Rusiya deyil, ABŞ-ın digər beynəlxalq düşməni olan Çin də ciddi şəkildə narahatdır. Çünki “Taliban” bir neçə məsələ üzrə rəsmi Pekinə olduqca ciddi problemlər törədə bilər. Bu səbəbdən də rəsmi Pekin vəziyyətdən çıxış yolu sayıla biləcək bütün variantları sınaqdan çıxartmaq niyyətindədir.

Bəzi məlumatlara görə, Çin də Rusiya kimi, “Əfqanıstan bataqlığı”na birbaşa girmək niyyətindən uzaqdır. Əksinə, rəsmi Pekin son nəticədə  Əfqanıstanda hakimiyyəti tam şəkildə ələ keçirtməyi hədəfləyən “Taliban” Hərəkatı ilə əməkdaşlıq yollarını axtarır. Halbuki bu, o qədər də asan məsələyə də oxşamır.

Hazırda rəsmi Pekinin əsas niyyəti Əfqanıstandan ABŞ və NATO qoşunlarının çıxarılmasından sonra bu ölkədə yenidən vətəndaş müharibəsinin başlamasına imkan verməməkdir. Çünki əgər, Əfqanıstanda vətəndaş müharibəsi baş verərsə, bunun istənilən halda, Çin ərazisinə də sıçraya biləcəyi istisna deyil. Hər halda, Çin ərazisində rəsmi Pekinin sərt təzyiqləri altında da olsa, yüzmilyonlarla uyğurun yaşadığını unutmaq olmaz.

“Taliban” isə rəsmi Pekinin repressiv davranışlarından əziyyət çəkən uyğurlara dəstək verməyə çalışır. İndi rəsmi Pekin bir tərəfdən “Taliban” rəhbərliyinə anlaşma təklif edir. Digər tərəfdənsə, anlaşmanın baş tutma şərti kimi, “Taliban”ın uyğurlarla əməkdaşlığı kəsməsi tələbini irəli sürür. Və bu, hələlik rəsmi Pekinlə “Taliban” arasında anlaşma ehtimalını əngəlləyə biləcək əsas faktor hesab olunur.

cmjkj-20200909152740.png (1.11 MB)

Məsələ ondadır ki, “Taliban” Əfqanıstanın Çinlə sərhəd bölgəsində fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na ciddi dəstək verir. Ona görə də rəsmi Pekin son prosesləri Çinin milli təhlükəsizlik maraqlarına ciddi təhdid olaraq qəbul edir.

Amma indi Çin “Taliban”la istənilən halda, anlaşma yolunu tapmağa məcburdur. Ona görə də, rəsmi Pekin Əfqanıstanla qonşu dövlətlərlə ilə birlikdə bu ölkədə radikal dini qrupların güclənməsinin qarşısını almaq üçün hər cür imkanı gözdən keçirir. Əsas səbəb isə Çinin regional təhlükəsizliyə təminat verildiyi təqdirdə, bölgədə nəqliyyat infrastruktur layihələrini başa çatdırmaq niyyətidir.

Çinin radikal terror təşkilatı – “Taliban” ilə əməkdaşlığa can atmasının hədəfləri sırasında Əfqanıstan və Pakistandan keçəcək “Bir kəmər, bir yol” strategiyasını müdafiə etməkdir. Çünki məhz bir çoxları tərəfindən Yeni İpək Yolu adlandırılan bu marşrut Böyük Britaniyadan Çinə qədər uzanacaq, Avropa və Asiyanı bir-birilə birləşdirəcək. Və bu iqtisadi-ticari marşrut baş tutarsa, ondan istifadə edəcək bütün ölkələrin böyük mənfəət əldə edəcəkləri ehtimal olunur.

ABŞ və NATO-nun Əfqanıstandan qoşunları çıxartmasının arxasında da məhz bu marşrutun reallaşmasının qarşısını almaq niyyəti gizlənir. Ağ Ev özünün beynəlxalq rəqiblərini gücləndirə biləcək belə bir nəqliyyat-kommunikasiya xəttinin işə salınmasında qətiyyən maraqlı deyil. Bu baxımdan, Rusiya və Çinin “Əfqanıstan bataqlığı”ndan gözlənilən geopolitik zərbələrdən uzaq durmaq cəhdləri nəticə verməyə də bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Fikirlər