ABŞ Əfqanıstanın bir hissəsini TALİBANÇILARA təslim edir
ABŞ tərəfindən dəstəklənən Əfqanıstan ordusu ölkənin az məskunlaşmış yerlərini tərk edərək buraları “Taliban” hərəkatına təslim edir. Lenta.ru saytının xəbərinə görə, bununla bağlı olaraq “The New York Times” qəzeti Ağ Evin hərbi strategiyasını müəyyən edən adamlarla əlaqə quraraq məlumat əldə edib. Həmin strategiyanın müəlliflərinin fikrincə, bu cür taktika hökumətin nəzarəti altında olan Kabil, Qəndəhar və Qunduz kimi iri şəhərləri əlində tutmağa imkan verəcək.
Qəzet Donald Tramp administrasiyasının Əfqanıstanla əlaqədar keçmiş prezident Barak Obamanın siyasətini davam etdirdiyini yazır. “Şəhərlərə doğru çəkilmək, ABŞ-ın himayə etdiyi Əfqanıstan hökumətinin ölkənin kənd bölgələrinə nəzarət etmək, buraları idarə etməyə imkan və bacarığının olmadığının ən böyük əlamətidir”, - məqalədə qeyd olunur.
Əfqanıstan özü inzibati cəhətdən 407 rayona bölünüb. Bunlardan 229-na hökumət, 59- a isə talibanlar nəzarət edir. Qalan 119 mübahisəli ərazidə şiddətli döyüşlər gedir. 2017-ci ilin avqustunda isə Tramp ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını bəyan edib. Buna görə Birləşmiş Ştatlar ordunu tez bir şəkildə geri çəkməkdən vaz keçib, hərbçilərin “Taliban” döyüşçüləri ilə mübarizədə səlahiyyətlərini artırmışdı.
Xatırladaq ki, “Taliban” hərəkatı 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub. 2001-ci ildə ABŞ və müttəfiqlərinin müdaxiləsindən sonra devrilən “Taliban”a tabe olan silahlılar rəsmi hökumətə qarşı partizan savaşı aparırlar.