“Taliban” nüvə silahına sahib ola bilər və ya ABŞ-ın Əfqanıstandakı yüz oyunu

 

 

Bir neçə gün əvvəl Barak Obama olduqca mühüm bir qərara imza atdı. Qərara əsasən, Əfqanıstanda hərbi xidmət göstərən 10 minə yaxın ABŞ əsgərinin, təxminən, yarısı  geri çəkiləcək. Beləcə, rəsmi Kabul 5 min ABŞ əsgərinin ümidinə qalacaq.

Baxmayaraq, ABŞ prezidenti imzaladığı bu qərarı ABŞ ordusunun Əfqanıstanda qalması kimi şərh etmiş və 11 sentyabr hadisəsinin planlaşdırıldığı məkanın yenidən düşmən qüvvələrin əlinə keçməməsi üçün belə bir məsuliyyətli işin altına çiyinlərini verdiyini bildirmişdi. Ekspertlərin fikrincə isə, bu sayda əsgər əslində Əfqanıstanı Talibandan qorumağa yox, sadəcə gözdən pərdə asmağa kifayət edə bilər. Nədən ki, 14 il bundan əvvəl 100 min əsgəriylə Əfqanıstanı ram edə bilməyən ABŞ-ın 5 min əsgərlə nəyəsə nail olacağına inanmaq sadəlövhlük olardı. İnsafən, Obama da eyni məntiqiylə 10 min ABŞ əsgərini Əfqanıstandan çıxarmağa çalışırdı. Di gəl, istər əfqan hakimiyyəti, istərsə də Pentaqon bu addımın xeyli təhlükəli olduğunu irəli sürərək, Ağ evə təzyiq edirlər. Gah rəsmi Kabul öz nümayənlərini, gah Pentaqonun bu ölkədəki komandanını dil-ağız etmək üçün Vaşinqtona göndərir, gah da ölkənin ikinci adamı səviyyəsində Rusiyayla görüşlər keçirərək, ABŞ-a “yoxsa şimala sığına bilərəm” mesajı verir.

Obamanın bu qərarına qarşı çıxanlar da əslində haqsız deyillər. Gücünü ümumxalq məhəbbətindən deyil, işğal ordusunun “mərhəmətindən” alan yerli hakimiyyət sığındığı ABŞ qoltuğunu itirərsə, qısa müddətdən sonra öz ömrünü tamamlaya bilər. Ekspertlərin fikrincə, ABŞ-ın bölgədən çəkilməsindən sonra Talibanın hakimiyyəti ələ keçirməsi üçün sadəcə 1 həftə zaman lazım olacaq. Bunun ən bariz sübutu isə “taliblərin” ABŞ əsgərlərinin gözü qabağında ölkənin ən strateji məntəqəsi Qunduzu ələ keçirməsidir. ABŞ əsgərlərinin Əfqanıstandan çəkiləcəyi xəbərindən bu qədər ruhlanan Talibanın Qunduz üzərindəki zəfəri yaxın zamanlarda dini ekstrimizmlə mübarizədə tək buraxılacağı gözlənilən ölkənin gələcək aqibətindən xəbər verir.

Bütün etirazlara rəğmən, Barak Obama məlum sərəncama imza atdıAmma Əfqanıstanda qalmağı ciddi şəkildə tələb edən hərbçilərin də xətrinə dəymədi, əfqan hökumətinə mənəvi dəstək olsun deyə, 5000 əsgərini bu ölkədə saxladı. Yəni ölüm ayağında əcəllə çarpışan xəstə ziyarətinə bənzəyən mövqeyiylə simvolik olaraq rəsmi Kabulun yanında dayandığını göstərdi. ABŞ prezidentinin öz əsgərlərini geri çəkmək haqqında imzaladığı sərəncamı Əfqanıstanı tərk etməmək kimi təqdimatı da əslində ziyarətçinin xəstəyə boğazdan yuxarı təskinlik verməsinə daha çox oxşayırdı. Hansı ki, ziyarətçi də, xəstə də təskinlik üçün deyilən sözlərin içiboş söz yığınından başqa bir şey olmadığının fərqindədir.

İmzalanan sənədlə deyilən söz arasındakı ziddiyyət istər-istəməz aşağıdakı suallara yol açır: Niyə Obama hətta öz əsgərləri tərəfindən birmənalı qarşılanmayan bu addım atır? Pentaqon yetkililəri isə niyə Əfqanıstandan çıxmaq istəmirlər?  Onların çəkindiyi nəticələri aradan qaldırmaq üçün ABŞ prezidenti hansı siyasət yürütməyi planlaşdırır və ya planlaşdırmalıdır?

Prinsip etibarilə, Barak Obamanın mövqeyi kifayət qədər aydındır. ABŞ prezidenti 14 illik Əfqanıstan siyasətinin işə yaramadığına, əksinə, xeyli xərcə və  əsgər ölümünə, bunun müqabilində isə ölkədə islam fundamentalizminin daha da möhkəmlənməsinə səbəb olduğuna  inanır. Onun BMT Baş Assambleyasının son iclasında dediyi fikirlər də bunu təsdiqləyir. Həmin çıxışında o, Yaxın Şərq və Əfqanıstandakı təcrübələrdən dərs aldıqlarını, yalnız trilyonlarla dollar xərcləməklə, əsgəri müdaxilələrlə təkbaşına hər hansı ölkəni əldə saxlamağın mümkün olmadığını öyrəndiklərini etiraf etmişdi. Bu çıxışın məntiqi sonucu isə “şələ-şüləmi yığışdırıb öz evimə qayıtmaq istəyirəm”- demək idi.

Fəqət müttəfiqi dar ayaqda qoyub aradan çıxmağın yaradacağı çox böyük bədəllər də var. Pentaqon və bəzi ABŞ siyasiləri məhz bu ağır bədəlləri nəzərə alaraq, nəyin bahasına olursa olsun, Əfqanıstanda qalmağa üstünlük verirlər. Söhbət təkcə ondan getmir ki, dünyanın ən böyük super gücü bu addımı atmaqla faktiki, bir ovuc terrorçunun əlində aciz qaldığını dolayısıyla etiraf edir. (Talibanın sadəcə bir terror təşkilatı olması fikri bizə yox, rəsmi Vaşinqtona aiddir və zənnimizcə, heç obyektiv qiymətləndirmə də deyil. Hər halda Taliban 14 illik mübarizəsiylə xalq arasında çox ciddi dəstəyə malik olduğunu sübuta yetirdi.) Söhbət həm də ondan gedir ki, Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsi, üstəlik, bunu ABŞ-ı geri çəkilməyə məcbur edərək bacarması onun tək Əfqanıstanda deyil, bütün bölgədəki nüfuzunu birə-beş artıracaq. Ən qorxulusu isə təşkilatın əsas çıxış nöqtəsi olaraq bilinən Pakistanı da öz çənginə almaq ehtimalıdır. Dünyanın ən böyük nüvə dövlətlərindən olan Pakistanın Taliban əlinə keçməsi isə qlobal bir təhlükəyə çevrilə bilər.  

Sözügedən təhlükəli ehtimalları göz önündə tutan Barak Obama hakimiyyətinin tamamilə tərk etməyə hazırlaşdığı Əfqanıstanla bağlı siyəsətinə nəzər salanda problemin əsasən 2 istiqamətdə həllinə çalışıldığını görürük. İstiqamətlərdən biri sırf Əfqanıstanın özüylə, digəri isə regional amillə , daha konkret desək, talibançılığın Pakistana yayılma ehtimalı ilə bağlıdır.

ABŞ hakimiyyəti problemin indidən həlli üçün ilk növbdədə rəsmi Kabuldan Talibanla bir araya gəlib siyasi danışıqlar aparmağı tələb edir. Öz gələcək aqibətini hiss edən Kabulun da bu fikirlə razılaşdığı hiss olunur. Di gəl ki, Taliban rəhbərliyi atı yoxuşa çapır. O, ölkə rəsmiləriylə danışıqlara başlamaq üçün iki şərt irəli sürür. Şərtlərdən biri Əfqanıstanda şəriət dövlətinin elan edilməsidir. Talibana görə, indiki hakimiyyət dinsiz olduğundan onunla hər hansı məsələni müzakirə etmək İslam prinsipləriylə bir araya sığmaz.

İkinci şərt isə bütün yadelli silahlıların, ö cümlədən ABŞ ordusunun ölkədən tamamilə çıxarılmasıdır. Prinsip etibarilə Obamayla eyni sözü deyən Talibanın bu şərtini qəbul etmək isə Kabul üçün öz ölüm fərmanına imza atmağa bərabərdir. 

Talibanın tələbləri qarşısında dalana dirənən ABŞ çarəni heç olmasa Pakistanı neytrallaşdırmaqda görür. Verilən məlumata görə, Obama qarşıda dayanan problem müzakirə etmək üçün Pakistanın baş naziri Nəvaz Şərifi Vaşinqtona dəvət edib. Bu ayın 22-sində baş tutacağı gözlənilən görüşün iki əsas mövzusu olacaq-biri İslamabadın Talibanla sülh danışıqlarına cəlb olunması, digəri isə nüvə silahları üzərində mühafizəni artırmaqdır. Hətta sonuncu şərtlə əlaqədar saziş imzalanacağı gözlənilir.

Qeyd edək ki, bu versiya yazı müəllifinin təxayülünün məhsulu deyil. ABŞ-ın ən məşhur nəşrlərindən olan “New York Times” bu iddiayla çıxış edib. Qəzetdə dərc olunan bir xəbərə görə, Obama rəhbərliyi Pakistanın nüvə silahlarının bölgədəki silahlı müxalif qrupların əlinə düşməsindən narahatdır və Ağ evin sözcüsü Coş Ernest sözügedən mətbu orqanın müxbirinə Şərifin ziyarəti zamanı Pakistanın nüvə texnologiyasıyla bağlı bir razılaşma əldə edilməsindən ümidli olduqlarını söyləyib.

Ernest həmçinin deyib: "Pakistanla müntəzəm olaraq nüvə təhlükəsizliyinin əhəmiyyəti haqqında dialoqa başlamışıq, iki ölkə liderlərinin bu mövzuda da danışıqlar aparacağını təxmin edirəm. Pakistanın hazırladığı kiçik, qısa mənzilli nüvə silahlarının Talibanın əlinə keçməsi ehtimalı bölgədəki ABŞ əsgərlərinin narahatlığına səbəb olur".

ABŞ-ın Nəvaz Şərifdən nə istəyəcəyi əslində indidən bəllidir-nüvə silahlarını mümkün olduğu qədər azaltmaq və ya bundan sonra yeni silah istehsal etməmək.

Vaşinqton bu niyyətini rəsmən açıqlamasa da, Nəvaz Şərifin ötən ay mətbuata açıqladığı bəzi sözlər belə düşünməyə əsas verir. Şərifin dediyinə görə, ABŞ-ın sabiq prezidentlərindən biri nüvə sınaqları dayandırması üçün ona 5 milyard dollar təklif edib, ancaq milli mənafelərə uyğun gəlmədiyi üçün Pakistanın baş naziri bu təkliflə razılaşmayıb.

Vaşinqtonun Pakistanın nüvə arsenalından bu qədər çəkinməsinin bir başqa səbəbi də var. Hətta bəzi ehtimallara görə, Taliban, İŞİD məsələnin sadəcə bəhanə hissəsidir. Mülahizələrə görə, ABŞ bu ölkənin nüvə gücünü artırmaması üçün bu kimi ehtimallara özü qəsdən əsaslar yaradır.

 Məsələ burasındadır ki, Pakistan dünyanın  nüvə arsenalına sahib yeganə müsəlman ölkəsidir. Hal-hazırda onun 100-120 ədəd arasında nüvə başlıqları daşıyan uzun və orta mənzilli raketləri var. Analoji müqayisə aparsaq, İslamabadın əzəli düşmən hesab etdiyi Hindistanın cəmi 90-100 ədəd atom bombası mövcuddur.

Pakistan bu qədər silahla da kifayətlənmək istəmir. O, hər il öz nüvə potensialını artırmaqla məşğuldur. Hətta belə gedərsə, ölkənin yaxın illərdə ABŞ və Rusiyadan sonra 3-cü ən böyük nüvə dövləti olacağı ehtimal edilir. Bu qorxulu ehtimalı ABŞ-ın nüfuzlu düşüncə quruluşlarından Carnegie Beynəlxalq Sülh Fondu irəli sürüb. Fondun hesabatına görə, Pakistan gələcək on il içərisində nüvə arsenalını ən azı 3 dəfə artıracaq və 350 ədəd nüvə başlığıyla ABŞ və Rusiyanın ardından 3-cü ən böyük hərbi gücə çevriləcək.

Pakistanı bu qədər qorxulu dövlətə çevirən məqamlardan biri də onun nüvə arsenalının Səudiyyə Ərəbistanıyla bağlı olması ehtimalıdır. Hərçənd, bir neçə ay bundan öncə irəli sürülən bu fikir rəsmən təsdiq olunmasa da, rəsmi İslamabadın xeyli islam təəssübkeşi kimi özünü aparması Qərb dünyasında xeyli nigarçılıq yaradır. Deməli, perspektiv sürprizlərə yol verməmək üçün bu ölkənin nüvə gücü xeyli azaldılmalıdır.

Məsələyə bu aspektdən nəzər salanda məşhur atalar sözü yada düşür: “Ayının yüz oyunu bir armudun başındadır”.  Kim bilir, bəlkə elə ABŞ-ın da Əfqanıstandakı yüz oyununun bir məqsədi var-Pakistanı müxtəlif bəhanələrlə nüvəsizləşdirmək...

 

Strateq.az






Fikirlər