“Sərdar Cəlaloğlu malı mala qarışdırmasın, bu cinayətdir!” – Folklorşünas
“Həcər Nəbidən sonra kimsə ərə gedibsə, lap yaxşı edib, bunun sənə nə dəxli var?!” Bunu Yenisabah.az-a AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat bildirib. O, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun xalqın qəhrəmanına çevrilmiş dastan obrazlarını ləkələməsini məqsədli sayıb. “Həcər Nəbidən sonra kimsə ərə gedibsə, lap yaxşı edib, bunun sənə nə dəxli var?! Bu fikirlər tamamilə yanlışdır. Sərdar Cəlaloğlunun fikirləri subyektiv, siyasi məqsədlərlə söylənmiş fikirlərdir. Siyasətdə qəhrəman ayrıdır, folklorda, milli düşüncədə isə tamam ayrı. Bunlar ayrı-ayrı mövzulardır, Sərdar Cəlaloğlu malı mala qarışdırmasın! Epik qəhrəmanlar Nigar, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Tanrıverdi hətta tarixi şəxsiyyət olsalar da, artıq epikləşiblər. Bu adamları müzakirə obyektinə çevirənlər bəzi məsələləri bir-birinə qarışdırırlar. Məsələn, onlar epik qanunla tarixi, tarixlə tarixlə mifologiyanı, mifologiya ilə dini qarışdırırlar. Malı mala qatıb, özlərini savadlı kimi göstərmək istəyirlər. Bir adamın şəxsi keyfiyyətlərini bu qədər müzakirə etmək doğru deyil. Tarixi Həcərlə dastandakı Həcər fərqli obrazlardır. Qaçaq Nəbini ermənilər öldürüb. Bu tarixi faktdır. Dastanda da bu fakta işarə edən məqamlar var. Həmçinin, Qaçaq Kərəm. Dastanda tarixi məqamlara toxunulsa da, Kərəm orada epikləşib. Bu o deməkdir ki, bir adam tarixi kimliyindən sıyrılaraq yeni bir məzmun qazanır, xalqın istədiyi formanı alır. Xalq min illər boyu görmək istədiyi qəhrəmanın bütün əlamətlərini epik qəhrəmanın üstünə yükləyir”. Folklorşünas tarixi şəxsiyyətlə dastan qəhrəmanlarının müqayisə edilməsini düzgün hesab etməyib: “Bu məsələdə tarixi şəxsiyyətlə epik qəhrəmanı müqayisə eləsən, ortaya çox fərqli bir şey çıxacaq. Nəbi və Həcər dastan qəhrəmanlarıdır və onlar Azərbaycan xalqı üçün nümunədir. Dastandakı Həcər bütün Türk dünyası üçün nümunədir. Lakin tarixi Həcəri gündəmə gətirib onun kiminlə evləndiyini, kiminlə toyuq davası etdiyini müzakirə mövzusuna çevirmək məsələni bəsitləşdirmək və nadanlıqdır. Söhbət dastan qəhrəmanından gedirsə, Sərdar Cəlaloğlu buyursun, ondan danışsın. Onu tarixi şəxslə müqayisə eləməsin. Hətta Koroğlu tarixdə yaşamış şəxsiyyət olsa belə, o dastandakı Koroğlu deyil. Bu illər ərzində onun üzərinə o qədər mifik, epik, əfsanəvi, rəvayətvari hadisələr hopub ki, o artıq öz tarixi kimliyindən çox uzaqlaşıb. Qaçaq Kərəm haqqında söylənilən əfsanələrin hamısı xalqın təxəyyül məhsuludur. Bir yerdə təxəyyül varsa, orada tarixi dəqiqlikdən danışmaq olmaz. Hər bir dastanın arxasında tarix yatır, lakin dastan tarix deyil, tarixin ruhudur. Bunu müzakirə edən adamlar dastanın ruhu ilə tarixi ayıra bilmirlər. Koroğlunun, ümumiyyətlə, tarixi şəxsiyyət olub-olmaması mübahisəli məsələdir. Osmalı tarix arxivində Koroğlu haqqında 48 sənəd var. Sənədlərin heç biri bir-biri ilə uyuşmur. Birinci tarixdə adı çəkilən Koroğlu ilə ikinci tarixdəki Koroğlu arasında 52 il fərq var. Belə çıxır ki, bu adam 52 ildə heç dəyişmədi? Yenə də at belində, əlində qılınc 82-83 yaşında vuruşur, nərə çəkir, mübarizə aparır?! Bu o deməkdir ki, xalqla tarix arasında fərq var”. Füzuli Bayatın sözlərinə görə, xalqın qəhrəman kimi gördüyü obrazları müqayisə etmək, onlar haqda ağır ittihamlar səsləndirmək cinayətdir: “Bunu bu şəkildə bir-birinə qarışdırıb millətin beynini başqa yerə çəkməsinlər. Onsuz da millətin dərdi özünə bəsdir, bir də təzədən dastan qəhrəmanlarını müzakirə etməyə gərək yoxdur. Əgər bu qəhrəmanları nümunə hesab etmirsənsə, özünə örnək götürmə. Başqası götürmək istəyirsə, götürsün. Xalqın işinə heç kəs qarışa bilməz, çünki xalqın təxəyyülündə olan insanı hər publisist, hər siyasətçi dəyişə bilməz. Bu mümkün olan şey deyil. Niyə Nəbini, Həcəri, Qoç Koroğlunun Nigarını siyasətə qarışdıraq?! Tarixi Həcərlə dastandakını bir-birinə qarışdırmasınlar, dastandakı Həcər bir modeldir, insan obrazıdır. Tarixi Həcərdə də eyib bir şey yoxdur, eyib axtaranlar başqa məsələdir. Xalqın Həcərini buraxın, qoy xalqda qalsın, siz, siyasətçilər olaraq subyektiv nəsə deyə bilərsiniz, amma xalqın adından danışmaq, “Bu qəhrəmanlar xalqa nümunə ola bilməz” hökmünə varmaq böyük səhv və böyük bir cinayətdir”.