MTN-in SABİQ ŞÖBƏ RƏİSİ ŞƏXSİYYƏTİNİ DANDI - Vəkil olduğunu iddi etdi (VİDEO)
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə noyabrın 5-də keçirilən məhkəmə prosesində maraqlı hadisələr baş verib. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarı huşsuz halda zaldan çıxarıb. “AzPolitika.info” xəbər verir ki, digər təqsirləndirilən şəxs, barəsində cinayət işi açılsa da, həbs qətimkan tədbiri seçilməyən MTN İstintaq İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərovu isə məhkəməyə buraxılmayan mətbuat təmsilçiləri məhkəmə binasının qarşısında “yaxalayıblar”. Lakin onun məhz Vüsal Ələkbərov olduğunu necə deyərlər, heç cür “boynuna qoya” bilməyiblər. Baxmayaraq ki, vaxtilə həmin bu sabiq MTN-çi çox iş adamlarının və digər vətəndaşların boynuna cinayətlər və borclar qoyub... Jurnalistlərdən qaçan V.Ələkbərov şəxsiyyətini danaraq, vəkil olduğunu deyib və jurnalistə “mən səni çağırdım yanıma?”,- deyə irad bildirib. Görünür, hələ də özünü MTN-də şöbə rəisi hesab edən Ələkbərov kiminsə ona yalnız çağırdığı halda yaxınlaşmalı olduğunu güman edir... Xatırladaq ki, V. Ələkbərov AR Cinayət Məcəlləsinin 182.3, 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham olunur. MTN-in ləğvindən sonra “MTN İşi” çərçivəsində həbs edilən Vusal Ələkbərov məhkəmənin hökmü ilə əvvəlcə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan hansı səbəblərdənsə onun cəzası 5 ilə endirilmiş və bir müddət sonra azadlığa buraxılmışdı. Lakin 2018-ci ildə həbsdən azad olunan V. Ələkbərov yenidən həmin maddələrlə məsuliyyətə cəlb olunub.