Əliyev-Paşinyan görüşü niyə baş tutmadı: Rəsmi İrəvan erməni toplumu üzərində elə bir hiyləgər oyun qurdu ki...

Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətini gələn ilin əvvəlində keçiriləcəyi daha inandırıcı olan Əliyev-Paşinyan görüşünə indidən böyük ölçüdə hazırladı; İndi rəsmi İrəvan həmin görüşdə yekun sülh sazişinə yaxın anlaşmaların imzalanmasına erməni toplumunun artıq əvvəlki kimi sərt müqavimət göstərməyəcəyinə daha çox ümid bəsləyə bilər...

Ermənistan cəmiyyətində ziddiyyətli proseslər cərəyan edir. Bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyi etiraf olunur. Digər tərəfdən isə belə bir addımın yolverilməzliyi xüsusi olaraq, qabardılır.

Təbii ki, bütün bunlar ilk növbədə özəl siyasi-iqtisadi maraqların kəskin şəkildə toqquşmasından qaynaqlanır. Belə ki, Paşinyan hakimiyyəti və onun cəmiyyətdəki tərəfdarları Ermənistanın yeni geopolitik sistemə inteqrasiya olunaraq, indikindən ciddi şəkildə fərqlənə biləcək daha cəlbedici geoiqtisadi çağırışlardan faydalanmasına üstünlük verirlər. Bu mövqeyə müxalif olan radikal revanşistlər isə Paşinyan hakimiyyətinin yeni geopolitik sistemə inteqrasiya siyasətinin Ermənistanı bir dövlət kimi regionun xəritəsindən siləcəyini iddia edirlər. Və bu iddia radikal revanşistlərin Ermənistanın gələcək taleyindən daha çox öz öz siyasi-iqtisadi mənfəətlərini düşündüklərini göstərir.

Məsələ ondadır ki, revanşistlərin əsas arqumenti Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacağı təqdirdə, bu iki qonşu ölkənin maliyyə-iqtisadi resurslarının Ermənistanı təsir altına sala biləcəyindən asılıdır. Onların fikrincə, bu, Ermənistanı Azərbaycan və Türkiyədən birbaşa asılı ölkəyə çevirə bilər. Ardınca isə maliyyə-iqtisasi asılılığın Ermənistanı siyasi protektorata çevirməsi o qədər də ciddi çətinlik yaratmaz.

acc530950a292dc2edf6d48ab09dd79b.jpg (113 KB)

Əlbəttə ki, bu arqument və iddialar radikal revanşistlərin Ermənistan cəmiyyətini qorxu altında saxlamaq üçün icad etdiyi siyasi-ideoloji tezislərdir. Çünki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırarsa, bundan yalnız radikal revanşistlərin siyasi-iqtisadi maraqları zərbə alacaq. Bu düşərgənin təmsilçiləri regionda siyasi-iqtisadi proseslərdən kənarda qalacaqlar və Paşinyan hakimiyyətinin daxili mövqeləri isə daha da güclənəcək. Nəticədə son 30 ildə Ermənistanı siyasi-iqtisadi cəhətdən istismar edən bir klan sıradan çıxarılmış olacaq.

Təbii ki, hər iki tərəf - həm Paşinyan hakimiyyəti, həm də radikal revanşistlər bunu tam dəqiqliyi ilə bilirlər. Ona görə də, onların təbliğat tezisləri arasında kəskin ziddiyyətlər yaranır. Ermənistan cəmiyyəti isə hazırda daha çox sosial-iqtisadi dirçəlişə ümid verən tezislərə həssas yanaşır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də hazırda məhz bu önəmli faktordan istifadə etməyə çalışır. Ermənistan cəmiyyətində müqavimətə yol aça biləcək geopolitik çağırışların təbliğat tezislərini sosial-iqtisadi yüksəliş vədləri ilə sintez etməyə üstünlük verir. Və artıq müəyyən nəticələr də nəzərə çarpır.

Məsələ ondadır ki, bir neçə ay öncə Ermənistan cəmiyyətində Zəngəzur dəhlizinin açılma ehtimalı ümumiyyətlə, sərt müqavimət ilə qarşılanırdı. Elə Paşinyan hakimiyyəti də üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizi barədə hər hansı qeydin olmadığını bəyan edirdi. Yəni, Ermənistan cəmiyyəti bu reallığı qəbul etməyə hazır olana qədər erməni toplumunun eşitmək istədiyini deyirdi.

Halbuki Paşinyan hakimiyyəti üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizi barədə Ermənistanın öhdəliyinin olduğunu hamıdan yaxşı bilir. Çünki həmin sənəddə Azərbaycanın qərb bölgəsinin Naxçıvan ilə birləşdirəcək dəmiryolu və avtomobil yolunun yaradılması ilə bağlı maddə mövcuddur. Və bu məsələdə Rusiyanın israrlı mövqeyini də nəzərə aldıqda, Paşinyan hakimiyyəti həmin marşrutun necə adlandırılmasından asılı olmayaraq, mövcud maddəni yerinə yetirmək məcburiyyətindədir.

2857ccc40a024bb8b0063801244aacb7.jpg (51 KB)

Sonradan Paşinyan hakimiyyəti bu reallığı tədricən Ermənistan cəmiyyətinə təbliğ edərək, nisbətən loyal münasibətə nail oldu. İndi erməni politoloqlar da Zəngəzur dəhlizi ilə bağlı məsələnin artıq həll edildiyini vurğulayaraq, hazırda sadəcə, bəzi detalların müzakirə olunduğunu bildirirlər. Və Ermənistan cəmiyyəti də Zəngəzur dəhlizinin artıq qarşısıalınmaz geopolitik reallıq olduğunu qəbul etmək üzrədir.

Şübhəsiz ki, erməni toplumunun reallıqlar ilə barışmasında baş nazir Nikol Paşinyanın hiyləgər siyasi manevrlərinin xüsusi rolu olmamış deyil. O, uzun müddət üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizi ilə bağlı maddənin mövcudluğunu israrla inkar etsə də, sonradan nəqliyyat-kommunikasiya xətlərinin açılmasının Ermənistana faydalarını təbliğ etməyə başladı. Buna paralel olaraq isə o, "Ermənistan Azərbaycan ərazisindən Rusiyaya, Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvana dəmiryolu və avtomobil yolu marşrutu əldə etməlidir" tezisini şəxsən gündəmə gətirdi. Bundan sonra isə Ermənistan cəmiyyəti ən çox müqavimət göstərdiyi geopolitik reallıqla barışmağa başladı.

Maraqlıdır ki, hazırda Paşinyan hakimiyyəti bu təbliğat uğurunu dolayısı ilə möhkəmləndirməyə cəhd göstərir. Belə ki, hökumətin rəsmi təmsilçiləri nəqliyyat-kommunikasiya xətlərinin açılacağı təqdirdə, Ermənistan iqtisadiyyatının ən azı 30 faiz böyüyəcəyini, əhalinin daha yaxşı yaşamağa başlayacağını arqumentləşdirməyə cəhd göstərir. Və bu, Paşinyan hakimiyyəti üçün digər siyasi iradə tələb edən məsələlərin güclü daxili müqavimət ilə üzləşmədən həllinə nail olmaq baxımından, vacibdir.

Paşinyan hakimiyyətinin qarşısında isə kifayət qədər ciddi məsələlərin həlli var. Məsələn, əvvəlcə sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir. Ardınca qarşılıqlı olaraq, ərazi bütövlüyü tanınmalıdır. Bundan sonra isə yekun sülh sazişi imzalanmaqla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına nail olunmalıdır. Və Ermənistanın gələcək taleyi də məhz bu prosesin nə qədər sürətlə aparılmasından birbaşa asılıdır.

1603959629_ermeni5.jpg (39 KB)

Onu da qeyd edək ki, bu önəmli məsələlərin həlli istiqamətində də intensiv müzakirələr davam edir. Ancaq Paşinyan hakimiyyətinin qarşısında bu prosesin sonunda imzalanacaq yekun sülh sazişinə Ermənistan cəmiyyətini indidən hazırlamaq vəzifəsi də dayanır. Çünki Ermənistan məğlub ölkə olduğundan yekun sülh sazişinin məzmunu da xəyalpərəst erməni toplumunun ümidləri ilə uzlaşmayacaq. Və bunu məntiqdən, reallıqdan uzaqlaşmayan hər kəs tam dəqiqliyi ilə bilir.

Təbii ki, bu baxımdan, yekun sülh sazişinin imzalanması məqsədi daşıyacaq Əliyev-Paşinyan görüşünə Ermənistan cəmiyyətinin indidən tədricən hazırlanması da rəsmi İrəvan üçün böyük önəm daşıyır. Ona görə də, rəsmi İrəvan bu məsələni Ermənistan cəmiyyətində əsas müzakirə mövzusuna çevirməkdə maraqlıdır. Çünki, bu mövzu nə qədər çox müzakirə olunarsa, cəmiyyətin həm görüşü, həm də onun nəticələrini qəbul etməsi daha asan başa gələ bilər. Hər halda, çox müzakirə edilmiş mövzulara cəmiyyətin müqavimətinin adətən, zəiflədiyi inkaredilməz reallıqdır. Və bu, cəmiyyətin mümkün nəticələr ilə əvvəlcədən barışmasina yol aça biləcək önəmli faktordur.

Ona görə də, rəsmi İrəvan Əliyev-Paşinyan görüşünün vaxtı ətrafında məqsədyönlü şəkildə ajiotaj yaratmağa üstünlük verdi. Hər halda, bu görüşün məhz Azərbaycanın 44 günlük savaşda qalib gəldiyi, Ermənistanın isə biabirçı məğlubiyyətə uğradığı tarixi təqvimə yaxın gündə keçiriləcəyi barədə məlumat bilərəkdən sızdırılmışdı. Bunun Ermənistan cəmiyyəti üzərində qurulan siyasi-təbliğat oyunu olduğu qətiyyən diqqətdən yayınmırdı.

Digər tərəfdən, rəsmi İrəvanın bu oyununa Rusiya və Azərbaycanın da loyal yanaşdığı açıq-aşkar nəzərə çarpırdı. Çünki, Ermənistan cəmiyyətinə sızdırılmış məlumat Rusiya mətbuatı tərəfindən də təsdiqlənirdi. Üstəlik, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcək yüksək səviyyəli görüşdə yekun sülh sazişinə yaxın yeni sənədlərin imzalanacağı vurğulanırdı. Rəsmi Bakı isə bu məlumatları təkzib etməyərək, susmaqla, kifayətlənirdi.

nam_4931.jpg (118 KB)

Təbii ki, həm rəsmi Bakı, həm də Kreml Paşinyan hakimiyyətinə Ermənistan cəmiyyətinin hazırlanmasına bundan artıq dəstək verə bilməzdi. Rəsmi Bakı və Kreml yüksək səviyyəli görüşlə bağlı artıq Paşinyan hakimiyyətinin təmsilçiləri tərəfindən hər gün danışılan iddialardan yalnız işarə edilən zaman yaxınlaşdıqda kənara çəkildilər. Yəni, rəsmi İrəvanın yüksək səviyyəli görüşün istisna olunmadığı barədə eyhamlarına həm Bakıdan, həm də Kremldən "Bizdə bu barədə məlumat yoxdur" açıqlaması paralellik təşkil etdi.

Bununla da Ermənistan cəmiyyəti yaxın vaxtlarda belə bir görüşün olmayacağını anladı. Ancaq erməni toplumu tezliklə Əliyev-Paşinyan görüşünün mütləq baş tutacağı və yeni önəmli sənədlərin imzalanacağı ilə elə indidən barışmış oldu. Paşinyan hakimiyyətinin əsas məqsədi də məhz bu nəticəyə hesablanmışdı. Və bundan sonrakı mərhələdə həm yüksək səviyyəli görüş, həm də imzalanacaq yeni sənədlər artıq şüuraltı məlumatlandırmaya məruz qalmış erməni toplumu tərəfindən elə bir ciddi müqavimətlə qarşılanmayacaq.

Bəs, həmin yüksək səviyyəli görüş əslində, nə vaxt keçiriləcək? Bu sualın cavabı Ermənistanda nəşr olunan "Pakt" nəşri tərəfindən artıq daha inandırıcı məlumatın ictimailəşdirilməsi ilə verilib. Belə ki, rəsmi İrəvanın Ermənistan cəmiyyəti üzərində manipulyasiyaya başlamasından bir neçə həftə öncə bu mövzuda ilk məlumatı məhz həmin erməni nəşri yaymışdı. Ermənistan hökuməti daxilində olan etibarlı mənbələrinə istinadən nəşr iddia etmişdi ki, Əliyev-Paşinyan görüşü məhz gələn ilin ilk ayında reallaşacaq. Və prezident Vladimir Putinin vasitəçiliyi ilə keçiriləcək həmin görüşdə bəzi sənədlər imzalanacaq, bir çox mübahisəli məsələlərin həlli prosesi yekunlaşacaq.

Beləliklə, düşünmək olar ki, rəsmi İrəvan Ermənistan cəmiyyətini gələn ilin əvvəlində keçiriləcəyi daha inandırıcı olan Əliyev-Paşinyan görüşünə indidən böyük ölçüdə hazırladı. İndi Paşinyan hakimiyyəti həmin görüşdə yekun sülh sazişinə yaxın anlaşmaların imzalanmasına erməni toplumunun sərt müqavimət göstərməyəcəyinə daha çox ümid bəsləyə bilər.  /"Yeni Müsavat" 

 
 






Fikirlər