“PREZİDENTİN SON ÇIXIŞI REFERENDUM ANONSUDUR” - “Təyin olunmuşlar işin öhdəsindən gələ bilmədisə, seçilmişlərə şans tanınmalıdır”

Natiq Cəfərli: “Ölkənin inkişafı və sosial-iqtisadi problemlərinin həllində yeni model uğurlu təkan ola bilər”

Azərbaycanda mövcud olan idarəçilik strukturunun - yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz:inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda elan edib.

Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident xüsusilə, ona yaxın icra başçısının həbs edilməsinə toxunub. O, qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək.

“AzPolitika.info” bu mövzunu Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə müzakirə edib:

- Natiq bəy, Prezident Əliyev bəyan etdi ki, xüsusi nümayəndələr institutu yaradılıb. Bu sistem Qarabağda sınaqdan keçirilir və sonradan ölkə üzrə tətbiq ediləcək. Sizcə, söhbət nədən gedir və idarəçilikdə gözlənilən bu tip dəyişikliklər hansı nəticələrə səbəb ola bilər?

- Fikrimcə, Azərbaycanda xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra yeni idarəetmə mərhələsinin başlanmasına ehtiyac hiss olunurdu. Bu gün artıq iqtisadi və sosial problemlərin bir çoxunun həllini köhnə idarəetmə forması ilə yoluna qoymaq mümkün deyil. Prezident də çıxışında bildirdi ki, indiyə qədər ona yaxın icra başçısı həbs edilib, işdən çıxarılıb. Aydındır ki, bu struktur özünü doğrultmur. Narazılıqlar da, ciddi problemlər də var. Hesab edirəm ki, Prezidentin bu çıxışı yeni Konstitusiya islahatlarının anonsudur. Çünki ümumilikdə idarəetmə, onun forması, ölkənin inzibati-ərazi vahidi, icra strukturları və s. ilə bağlı elə məsələlər var ki, onlar yalnız konstitusion islahatlarla reallaşa bilər. Bu baxımdan ümid edirəm ki, yaxın günlərdə hətta bu il ərzində yeni referendumun keçirilməsilə bağlı qərar verilə bilər. Bu referendumda yerli icra hakimiyyətlərinin yerinə seçilmiş institutların - bələdiyyələrin məsuliyyət və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması, mer seçkilərinin Konstitusiyada öz əksini tapması vasitəsilə, eləcə də Prezidentin yaratdığı 14 iqtisadi rayonu inzibati-ərazi vahidinə çevirməklə yeni idarəetmə mərhələsinə qədəm qoya bilərik.

Bu halda ölkədə ilk dəfə elə situasiya yarana bilər ki, hakimiyyət tərəfindən təqdim edilən konstitusiya islahatları müxalifətin və cəmiyyətin böyük bir kəsimi tərəfindən də dəstəklənər. Azərbaycanda son referendumlara baxsaq görərik ki, anti-referendum təbliğat qrupları yaranırdı, müxtəlif narazılıqlar olurdu. Ancaq indi ilk dəfə elə dəyişikliklər ola bilər ki, bu, əhalinin və siyasi partiyaların böyük bir hissəsi tərəfindən dəstəklənər. Beləcə, ölkədə yeni mərhələyə, yeni idarəetmə formasına keçmək mümkün ola bilər.

- İdarəetmədəki bu dəyişikliyin forma və mahiyyətini necə görürsünüz?

- Prezidentin fərmanı ilə 14 iqtisadi rayon yaradılıb. Bura Qarabağ və Şərqi Zəngəzur da daxildir. Bunlar inzibati-ərazi vahidinə çevrilə və Prezident onların hər birinə öz nümayəndəsini təyin edə bilər. Bu nümayəndələr əsasən konstitusiyanın, qanunun işləməsinə nəzarət funksiyası daşımalıdırlar. Prezidentlə həmin bölgə arasında körpü rolunu oynamalıdırlar. Yerli icra hakimiyyəti strukturları ləğv edildikdən sonra seçilmişlərin səlahiyyəti və məsuliyyəti qanunvericilikdə dəqiq yazılmalıdır. Bununla da birbaşa seçkilər yolu ilə yerli özünü idarəetmənin həyata keçirilməsi mümkün olmalıdır. Bu institut əsasən yerli infrastruktur məsələlərinin, nəqliyyat problemlərinin və digər problemlərin həllilə məşğul olmalıdır. Başqa sözlə, bu problemləri Bakıdan daha tez həll etmək mümkündür. Həm də bu problemlər Bakıdan daha çox yerlərdə bilinir. Bu, həm də mərkəzi hökumətin yükünü azalda bilər. Nəzərə almaq lazımdır ki, bu gün regionlarda istənilən problem yarananda ilk olaraq prezidentə və hökumətə müraciət edirlər. Hətta xırda su problemini həll etmək üçün belə. Mən hesab edirəm ki, bu, doğru deyil. Heç effektiv idarəetmə modeli də deyil. Odur ki, mərkəzi hökumətin də yükünü azaldacaq qanunlar və modellər ortaya qoyulmalıdır. Növbəti addım isə ümumi idarəetmə ilə bağlı olmalıdır.

- Ümumi idarəetmədə dəyişikliklər dedikdə nəyi nəzərdə tutursunuz?

- Məsələn, hakimiyyətin qollarının möhkəmləndirilməsi və onlar arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsinə ehtiyac var. Məncə, parlamentdən başlasaq, proporsional seçki sisteminin bərpası və deputat sayının artırılması ölkədə yeni bir siyasi ab-havanın, dizaynın yaranmasına səbəb ola bilər. Bu halda siyasi partiyalar təmərküzləşəcək və möhkəmlənəcək. Belədə bir neçə iri və ölkə həyatında yaxından iştirak etmək qabiliyyətində olan partiyalar olacaq. İndiki kimi 52 partiyanın olmasının elə bir ciddi əhəmiyyəti yoxdur. Çünki ölkənin ictimai həyatında onların böyük əksəriyyətinin heç bir rolu mövcud deyil.

Parlamentin proporsional sistemlə seçilməsindən sonra prezident və hökumət arasında da səlahiyyət və məsuliyyət bölgüsü ola bilər. Prezident dövlət başçısıdır. Xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu, xüsusi xidmət orqanları, diplomatiya məsələləri dövlət başçısının nəzarətində olmalıdır. Amma iqtisadi və sosial məsələlərin parlamentdən çıxan hökumət tərəfindən idarə olunması daha doğru olar. Bu zaman Prezidentin hökumətə nəzarət etmək, onu tənqid etmək, tez-tez dəyişmək kimi səlahiyyəti də yaranacaq. Bəli, indi zaman-zaman Prezident icra strukturlarını, məsələn, nazirlikləri tənqid edir. Amma bu, indiki sistemə o qədər də uyğun gəlmir. Parlamentdən çıxan, Prezidentin nəzarəti altında fəaliyyət göstərən hökumət sosial-iqtisadi məsələlərin həll edilməsində məncə, önə çıxmalıdır. Bu da məsliyyət və səlahiyyət bölgüsündə ciddi rol oynayacaq.

Eyni zamanda, məhkəmə hakimiyyəti ilə bağlı konstitusion islahatlara ehtiyac var. Bizdə məhkəmə-hüquq islahatları dərinləşməlidir. Məhkəmələrin və hakimlərin təyinatı ilə bağlı müxtəlif yanaşma və modellər var. Azərbaycanda da yeni proqressiv modellərin tətbiq edilməsi mümkündür. Məsələn, hakimlərin üçdə birini Prezident təyin edir, üçdə birini parlament razılaşdırma əsasında seçir, yerdə qalanı isə hüquq camiəsi tərəfindən seçilir. Məncə, bu da çox yayılan təcrübədir. Bu, məhkəmələrin daha çevik, daha ədalətli və daha doğru qərarlar verməsinə təsir göstərər. Hakimlərin sayının artırılmasına da nail oluna bilər . Yeri gəlmişkən, işlərin uzanması, ləngiməsi hakim sayının məhdud olması ilə bağlıdır. Bu problem də öz həllini tapa bilər. Başqa sözlə, həm yerli icra strukturlarının, həm də ölkə miqyaslı institutların yenidən formalaşmasına ehtiyac var. Bu da bizi daha effektiv və proqressiv idarəetmə modelinə gətirib çıxara bilər. Ölkənin inkişafı və sosial-iqtisadi problemlərinin həllində yeni modelin uğurlu təkan olacağını düşünürəm.

 

 

- İndiki icra hakimiyyəti strukturlarında korrupsiya, rüşvət, ədalətsizlik və digər problemlərin mövcudluğu heç kimə sirr deyil. Kim zəmanət verir ki, yeni sistemdə icra başçılarının səlahiyyətlərini bölüşən şəxslər öz sələflərinin əməllərini təkrar etməyəcək?

- Bunun zəmanətini verən yeganə institut seçkidir. Əhali onların fəaliyyətinə qiymət verəcək. Növbəti seçkini udmaq istəyən bələdiyyə sədri və ya üzvü mütləq elə fəaliyyət göstərməlidir ki, yerini qoruya bilsin.

Bələdiyyə sədrləri birbaşa seçilməlidir. Bu şəxslər müstəqil, bitərəf və ya partiya üzvü ola bilərlər. Bu zaman bələdiyyələrdə partiyaların da məsuliyyəti olacaq. Bu halda onlar neqativ hallara qarşı bir-birinə nəzarət etməyə başlayacaqlar. Dünyada qədim Afinadan üzü bu yana seçki institutundan yaxşı nəzarət mexanizmi yoxdur. Seçki institutu bərqərar olacaqsa, mütləq neqativ hallar da aradan qalxacaq. Çünki bunun alternativi yoxdur. Rüşvətxor və korrupsiyaya qurşanan bələdiyyə sədrini, meri əhali heç vaxt ikinci dəfə seçməz.

- Əminsiniz ki, əgər icra hakimiyyəti institutu ləğv olunacaqsa, onun səlahiyyətləri mütləq bələdiyyələrə veriləcək?

- Başqa yolu yoxdur. Yerlərdə ya təyin edilmişlər, ya da seçilmişlər idarə edir. Bizdə uzun illər təyin edilənlər idarə etdi və bu, effekt vermədisə, deməli, seçilmişlərin idarəetməsinə üstünlük verilməlidir. Yəni, dünya təcrübəsi bunu deyir. Sadəcə olaraq, başqa model yoxdur. Ya təyin edilənlər, ya da seçilənlər olur. Təyin olunmuşlar işin öhdəsindən gələ bilmədisə, seçilmişlərə şans tanınmalıdır.

- Qeyd etdiniz ki, Prezident 14 iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin edib. Lakin həmin ərazi vahidlərində icra başçıları da var...

- Problem də elə budur. Bu saat paralel strukturlar mövcuddur. Göz bəbəyimiz olan Şuşanı götürsək, burada Prezidentin səlahiyyətli nümayəndəsi də, icra hakimiyyəti başçısı da var. Yaxşı, burada icra başçısı nə işlə məşğuldur, onun hansı səlahiyyəti və məsuliyyəti var? Bununla bağlı heç bir məlumat yoxdur. Əvəzində, icra hakimiyyəti başçısı aparatının saxlanılması üçün dövlət büdcəsindən xeyli pul ayrılır. Odur ki, bunlar problem yaradır. Əgər çox zaman ziyanlı olan paralel strukturlar istəmiriksə, idarəetmənin yeni dizaynı olmalıdır. Məncə, Prezidentin son çıxışı həm də bunun anonsu oldu. Ümid edirəm ki,yaxın zamanlarda bunun detalları bəlli olacaq.

- İcra hakimiyyəti orqanları korrupsiya, rüşvət, tenden fırıldaqları kimi məsələlərdə uzun illər öndə gedib. İndiki sistem çərçivəsində bu problemləri həll edərək yola davam etmək mümkün deyilmi?

- Korrupsiya, rüşvət və digər neqativ məsələlərin aradan qaldırılması hüquq-mühafizə orqanlarının işidir. İcra hakimiyyətini dərindən yoxlasan minlərlə problem üzə çıxar. İndiyə qədər hansını yoxlayıblarsa, nəzarət altına alıblarsa, hamısında problemlər çıxıb, bəzi icra başçıları həbs olunub. Əgər hamısını yoxlasalar, əksəriyyətində cinayət işləri ortaya çıxacaq. Sistemin özü buna təsir göstərir. Burada bir önəmli detal da var. İndiki sistemdə yerli icra başçılarının maaşları 1300-1400 manatdır. Aydındır ki, 100 minlik əhalisi olan rayona rəhbərlik edən, hakimi-mütləq olan şəxs 1400 manatla dolanmaq istəməyəcək. Bu, həmin icra başçısının həyat səviyyəsindən, yaşamından, geyimindən, ailəsinin güzəranından görünür. Deməli, bu sistem özü geniş səlahiyyətli icra başçıları təyin etməklə, onları qeyri-qanuni əməllərə sövq edir. Məncə, seçilmişlər daha yüksək maaş almalıdır və onlara qarşı ciddi nəzarət mexanizmi olmalıdır. İndiki şəraitdə 100 minlik şəhərə kimisə təyin edib ona 1300 manat maaş təyin edilirsə, bu adam mütləq orada başqa yollarla pul qazanmağa çalışacaq.

- Prezidentin anonsunu verdiyi yeni idarəetmə sistemi iqtisadiyyata, rəqabət mühitinə hansı təsirlər göstərə bilər?

- Əgər dediyimiz islahatlar həyata keçiriləcəksə, məncə, ölkəyə böyük investisiya axını olacaq. Məhkəmə hakimiyyətinə inanan və güvənən investorlar gələcək. Yerli icra hakimiyyətinin biznesə müdaxiləsinə son veriləcəksə, bu halda daha çox daxili və xarici sərmayələrə qapı açılacaq. Sinqapur, Cənubi Koreya, Çili, Vyetnam, Laos və digər ölkələr son 30-50 ildə inkişaf edib. Onlarda da keçid bu cür olub: məhkəmə hakimiyyəti və qanunun aliliyi. Bunlar olduqda investisiya da, iqtisadi yüksəliş də artır.

Mən hesab edirəm ki, biz gözlədiyimiz konstitusiya islahatları, yəni yerli icra hakimiyyəti orqanlarının ləğvi, bələdiyyələrin yaradılması, mer seçkiləri, proporsional seçki sisteminin tətbiqi kimi dəyişikliklər olacaqsa, biz bunu dəstəkləyəcəyik.

 

 






Fikirlər