"Qoy Rusiya Qərbi məsafədə saxlasın. Rusiyanın həmlələrini isə biz Azərbaycan-Türkiyə tandemi ilə dəf edək..."
“30 ilin təcrübəsi, xüsusən də Minsk qrupunun işi ilə bağlı təcrübə göstərir ki, Rusiyanı neytrallaşdırmaq üçün Qərb yetərli tərəfdaş deyil...”
Bəzi şərhçilər Qarabağdakı son antiterror əməliyyatının başlanmasına səbəb kimi Rusiyanın oradakı qanunsuz erməni silahlı birləşmələrinin əli ilə törətdikləri təxribatları göstərir. Bu versiyaya söykənənlər belə hesab edir ki, Rusiya Kosovo, Moldova, Gürcüstan kimi, Qarabağda da hərbi qarşıdurmaların yaradılmasına çalışmaqla diqqəti Ukraynadakı əsas cəbhədən yayındırmaqda maraqlıdır. Ancaq digərləri isə Güney Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasında Qərbin, ABŞ, Avropanın maraqlı olduğunu söyləyir... Kim haqlıdır?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:
“Bilirsiz, tərəflər, yəni bu halda üçüncü oyunçular Qarabağ və Zəngəzur məsələlərində daim özlərinə uyğun taktikalardan yararlanırlar. Və müxtəlif hallarda münaqişəni qızışdırmaqdan öz xeyirlərinə istifadə etməkdən çəkinmirlər. Son 30 ilin ərzində biz buna nümunələri çox görmüşük və yaşamışıq. Odur ki, biz həmişə diqqətli olmalıyıq və həm Rusiyanın, həm də Qərbin siyasətini dərindən təhlil edib hansı mərhələdə kiminsə bizə zidd olan, amma həmin tərəfə faydalı olan davranışlarını əvvəlcədən bilməliyik. Yəni bizim üçün deyilən tərəflər arasında nə daimi düşmən var, nə də daimi dost. Bizim etibarlı müttəfiqimiz Türkiyədir. Və əsasən Türkiyə ilə bir yerdə biz bütün qalan məsələləri həll etməyə qadirik...
Hazırkı mərhələdə Qarabağda silahlı qarşıdurma yaşanmasında kimin maraqlı olduğunu söyləmək isə çətindir. Hər halda bəllidir ki, Qərb proseslərdən kənarda qalmaqdan narahatdır. Və istənilən halda istəyir ki, bu proseslərə müdaxilə etsin. O da bəllidir ki, Rusiya da Qərbin Qarabağ və Zəngəzur məsələlərinə qarışmasını istəmir. Və Rusiya Qərbi məsafədə saxlayır. Moskvanın bu konfliktə təsirini isə Azərbaycan-Türkiyə müttəfiqliyi bu və ya digər şəkildə neytrallaşdırır. Vəziyyət təxminən belədir. Yəni biz bu formatda çox incə bir diplomatik oyun aparmalıyıq. Bir vaxtlar vardı ki, biz Rusiyanın Qarabağ məsələsinə təsirini Qərb ilə neytrallaşdırmağa çalışırdıq. Amma 30 ilin təcrübəsi, xüsusən də Minsk qrupunun işi ilə bağlı təcrübə göstərir ki, Avropa və ABŞ istənilən halda Rusiya ilə öz aralarında dil tapıb bizə qarşı qeyri-adekvat mövqe nümayiş etdiriblər və etdirə bilərlər. Yəni Rusiyanı neytrallaşdırmaq üçün Qərb yetərli tərəfdaş deyil... Qərbin ikiüzlülüyü Ukraynada da özünü göstərir və o da yeri gələndə digər ərazilərdə işğalçılıqla məşğul olur. Odur ki, ABŞ və Avropanı səmimi müttəfiq deyil. Yəni bu baxımdan qoy Rusiya Qərbi məsafədə saxlasın. Rusiyanın həmlələrini isə biz Azərbaycan-Türkiyə tandemi ilə dəf edək. Mən bu müdafiə sxeminin tərəfdarıyam...”
Sultan Laçın