ARAİK BAKININ ULTİMATUMUNU ERMƏNİLƏRƏ ÇATDIRIB - “Qafqaz qaraçıları” Laçından çıxır
Belə görünür, erməni tərəfi Laçın rayonunun qalan ərazilərini də tərk eləmək barədə Azərbaycanın xəbərdarlığını, nəhayət, ciddiyə alıb. Xüsusən də “Qisas” əməliyyatı Bakının sözü havaya atmadığına onlarda möhkəm əminlik yaradıb. Hər halda, son günlər erməni mediasında və siyasi kəsimində 1 nömrəli müzakirə mövzusu 10 noyabr kapitulyasiya aktının 6-cı bəndi ətrafındadır. Harada ki, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yolun işə düşməli olmasından danışılır (2-ci qızğın müzakirə mövzusu 4-cü bəndlə - qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması ilə bağlıdır). ***** Bəllidir ki, Azərbaycan yeni yolun özünə aid hissəsinin inşasını, demək olar, tamamlayıb. Götürdüyü öhdəliyə və yeni yolla bağlı xeyli öncə əldə olunan şifahi anlaşmaya intizamlı dövlət olaraq yenə məsuliyyətlə yanaşıb. Əfsus ki, Ermənistan bu dəfə də vaxtı uzatmağa çalışdığından, pis vəziyyətə düşüb. Çünki vaxt yetişib və Bakı Laçın dəhlizini (Laçın şəhəri, Zabux və Sus kəndləri) avqustun 25-dək boşaltmaq üçün İrəvana və separatçılara son möhlət, faktiki ultimatum verib. Bunu separatçıbaşı Araik Arutyunyan da etiraf edib. Erməni əhali ilə görüşdə o, “vəziyyətin həqiqətən kritik olduğunu”, ultimatumun Rusiya sülhməramlı qüvvələrin komandanlığı tərəfindən ona çatdırıldığını söyləyib. Özünü Zabux kəndindəki ermənilərin (adını dəyişib “Aqavno” ediblər) “icma lideri” adlandıran, Livan ermənisi Andranik Çauşyan isə jurnalistlərə bildirib ki, Xankəndindəki separatçı rejimin “prezidenti” Araik Arutyunyan onlara ultimatum mətni olan məktubu göstərib. “Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə mən Araik Arutyunyanla görüşdüm. O, bizə dedi ki, vəziyyət ciddidir. Azərbaycandan ultimatum gəlib ki, dəhlizi boşaltmalıyıq. Onlar (Azərbaycan tərəfi - red.) belə deyiblər: ”Yeni yolun inşası ilə bağlı razılaşma olub, amma siz heç bir yol çəkməmisiniz. İndi isə getmək vaxtıdır. Qalan hər şey sizin probleminizdir" - deyə, Çauşyan bildirib. Qeyd edək ki, Çauşyan Daşnaksütyun Partiyasının üzvüdür... ***** Bu arada Ermənistan mediası xəbər verib ki, artıq Zabuxdan erməni ailələrin üzvləri, onların uşaqları köçlə əlaqədar bir-biri ilə vidalaşmağa başlayıblar. “Artsax ictimai televiziyası” isə Azərbaycanın xəbərdarlığı ilə bağlı avqustun 25-dək evlərini tərk etməli olan Zabux və digər kəndlərin sakinləri, daha dəqiqi, torpaqlarımızda illər öncə qanunsuz məskunlaşan “çağırılmamış qonaqlar” haqda süjet yayıb. “İnsanlar indi möcüzəyə ümid edirlər: evlərindən çıxmağı maksimum təxirə salmaq istəyirlər. Hərçənd onlara mənzil sertifikatları və köçürülmənin təşkili imkanı verilib, onlar firavan həyat üçün bunların kifayət etməyəcəyindən şikayətlənirlər”, - deyə süjetdə vurğulanır. O da bildirilir ki, avqustun 5-də “artsax”ın qondarma “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan “sakinlər”lə görüşüb və vəd edib ki, əgər kənddən çıxarkən evlərini yandırmasalar və əmlaklarına ziyan vurmasalar, onlara mənzil almaq üçün sertifikatlar veriləcək. Xanumyan bunu ermənilərə hətta qadağan edib. Bildirib ki, belə əməllər mənasızdır... ***** Baxaq görək, “Qafqaz qaraçıları” Kəlbəcərdəki kimi yenə ənənəvi xislətini göstərəcəklər, yandırdıqları evləri, üstəlik, hətta videoya da çəkəcəklər, yoxsa bir azca abır-həya edəcəklər? Ən maraqlısı da elə bu olacaq. Ona görə ki, əraziyə daxil olan Azərbaycan qüvvələri sözsüz ki, növbəti erməni vandallığını mütləq çəkib dünyaya göstərəcək. Ermənilərin evləri tərk edərkən ərazidə çoxlu mina basdıracaqlarına isə şəkk-şübhə yoxdur. Yada salaq ki, Laçından rədd olub getmək zorunda qalan “çağırılmamış qonaqlar” əsasən Livan və Suriya erməniləridir. Onlar orada qalıb Azərbaycan vətəndaşları kimi yaşamaq istəsələr belə, öncə qanunlarımız qarşısında cavab verməli olacaqlar: 1. Sərhədimizi qanunsuz keçdikləri üçün; 2. Qanunsuz məskunlaşmaya görə. Sonrası isə Azərbaycan dövlətinin mərhəmətinə qalıb. Uzun illərdir separatçıların təzyiq və psixoloji basqısı altında olan Azərbaycan xalqına qarşı ağır cinayətlər törətməmiş dinc Qarabağ erməniləri üçün isə belə problem yoxdur. Yetər ki, onlar konstitusiyamızı qəbul edib bayrağımız altına keçsinlər. Artıq proses başlayıb. İki erməni Prezident İlham Əliyevə vətəndaşlıq almaq üçün müraciət ünvanlayıb. ***** Bu xüsusda deputat Fazil Mustafa maraqlı təklif irəli sürüb. “Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul üçün müraciət edirlər. Buna adi müraciət kimi baxmaq lazım deyil. ”Hiyləgərlik edirlər", “inanmaq olmaz” kimi ifadələrin də yeri deyil. Sadəlövh olmayaq, abdəst alıb müsəlman olacaq erməni axtarışında deyilik", - deyən deputat daha sonra bildirib ki, bizim hədəfimiz Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat verməkdir. “ Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək! Yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər - təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək. İndilik ikidirlər, stimullaşdırsaq, sayları arta bilər. Buradan da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür. Həm də təkcə diplomatiyada deyil”, - F. Mustafa əlavə edib. Həmişəki kimi, seçim yenə ermənilərindir. Gerisayım başlayıb... (musavat.com)