“PUTİN ÖZÜNÜ ÇOX DAR ÇƏRÇİVƏYƏ SALMIŞ OLDU...” – Ukraynaya yeni HİMARS sistemləri gəlir
Birləşmiş Ştatlar Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu barədə Pentaqonun yaydığı bəyanatda qeyd olunur ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim olunur. Buraya HIMARS reaktiv raket sistemləri də daxildir. “ABŞ 1,1 milyard dollarlıq növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya daha 18 ədəd HIMARS verəcək. Əvvəl isə Ukraynaya 16 ədəd HIMARS və bu sistemin 11 ədəd tırtıllı variantı göndərilmişdi. Bu sistemlər müharibədə dönüş yaranmasında mühüm rol oynadılar”, - ABŞ-ın yeni hərbi yardım paketini şərh edən siyasi şərhçi Şahin Cəfərli xatırladıb. Onun fikrincə, ABŞ-ın davam edən hərbi yardımları sayəsində səfərbər olunan rusiyalıları da, Rusiyanın özünü də xoş aqibət gözləmir. “Putinin son qərarlarında hər hansı rasionallıq yoxdur. İşğal olunmuş ərazilərin Rusiyaya birləşdirilməsi barədə uydurma "referendum"larla o, özünü çox dar bir çərçivəyə salmış oldu. Bu ərazilərin ilhaqından sonra Ukrayna ordusu həmin vilayətlərdə irəliləsə (hazırda irəliləyir) və Rusiya ordusu bunun qarşısını ala bilməsə, bütün dünya diqqət kəsiləcək ki, görəsən, Putinin növbəti addımı nə olacaq. Putin səssiz qalsa, Rusiyanın olan-qalan beynəlxalq nüfuzu da qar kimi əriyəcək. Vəd etdiyi kimi, taktiki nüvə atsa, ABŞ və NATO müdaxilə edəcək və müharibə sürətlə Rusiyanın tam məğlubiyyəti ilə başa çatacaq”. Ş.Cəfərlinin fikrincə, hadisələr bu istiqamətdə inkişaf edəcəyi halda Putin rejimi də ayaqda qala bilməyəcək. “Yəni hər iki halda uduş variantı yoxdur. Putin özünü zugzwang vəziyyətinə salıb”. “Yeddi ay əvvəl Kiyevdəki səfirliklər öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırdı. İndi isə Moskvadakı səfirliklər öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır. Yeddi ay əvvəl ukraynalılar (qadınlar və uşaqlar) müharibənin od-alovundan qaçaraq vətəni tərk edirdi. İndi isə rusiyalılar (əksəriyyət etibarilə kişilər) ölkələrini tərk edir. Bu iki məqam Rusiya-Ukrayna müharibəsinin haradan hara gəldiyini göstərən önəmli markerlərdir”, - Ş.Cəfərli qeyd edib. “AzPolitika.info”