“PUTİN REJİMİNİN ONURĞASINI QIRACAQLAR” – “Qərbdə prinsipial qərar var”

"Müharibənin ilk günləri burada "Ukraynanı qızışdırıb, ortada tək buraxdılar, Qərb Ukraynanı satdı" fikri geniş yayılarkən biz Ukraynanın müqavimətinə müvafiq olaraq hərbi yardımların mərhələli şəkildə həyata keçiriləcəyini və artacağını söyləyirdik".

"AzPolitika.info" xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli Qərbin Ukraynaya hərbi yardımların cəbhədə yaratdığı dəyişiklikləri şərh edərkən deyib. "Əgər müharibə ərəfəsində və hərbi əməliyyatlar başladıqdan sonra əsasən antitank sistemləri və qısa mənzilli daşınan ZRK-lar verilirdisə, indi ağır hərbi texnika, uzaqvuran artilleriya sistemləri, kamikadze və kəşfiyyat dronlarının göndərilməsinə başlanıb", - ekspert əlavə edib. 

Təhlilçi qeyd edir ki, Britaniyanın Ukraynaya gəmi əleyhinə raket sistemləri - "Harpoon"ların təqdim olunacağını açıqlaması isə yeni mərhələdir: "Bu, artıq Rusiyanın Odessaya desant çıxarma xəyalının tamamilə dəfn olunması və həmin raketin atəş mənzilinə girən istənilən Rusiya hərbi gəmisinin məhv ediləcəyi anlamına gəlir. Digər tərəfdən, bu qərar onu göstərir ki, artıq Ukraynaya NATO ölkələri istehsalı olan modern ağır silah sistemlərinin verilməsi barədə Qərbdə prinsipial qərar var".

 

 

Ş.Cəfərli vurğulayır ki, keyfiyyət dəyişikliyini Qərbin ritorikasında da müşahidə etmək mümkündür: "Pentaqon sözçüsü Kirbi bildirdi ki, "biz Putinin və onun ordusunun Ukraynada məğlub olmasını görmək istəyirik". O, Ukraynanı müntəzəm olaraq kəşfiyyat məlumatları ilə təmin etdiklərini və bu məlumatlardan hücum əməliyyatlarında da isifadə edilə biləcəyini vurğuladı. Kirbidən 2 gün əvvəl dövlət katibi Blinken bəyan etmişdi ki, "Ukraynanın qələbəsini nəzərdə tutmayan hər hansı potensial ssenari görmür". Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borrel isə "Twitter"də yazıb ki, bu savaş döyüş meydanında qazanılacaq. Avropa Birliyi rəhbərliyinin bu cür militarist mövqe ifadə etməsi çox nadir rast gəlinən hadisədir. AB, eyni zamanda Ukraynaya hərbi yardım məqsədilə daha 500 milyon avro ayırıb. Əvvəl də 1 milyard avro ayırmışdı".

Təhlilçi onu da xatırladır ki, Avropa Birliyi və Kanadanın təşəbbüsü ilə keçirilən "Stand up for Ukraine" qlobal kampaniyası çərçivəsində ukraynalı qaçqınlar üçün qısa müddətdə 10 milyard avro toplanıb. Onun sözlərinə görə, Ukrayna hökumətinə də ayrı-ayrı Qərb dövlətləri tərəfindən milyardlarla dollar/avro yardım ayrılmaqdadır: "ABŞ Senatında yekdilliklə qəbul olunan lend-liz qanunu isə aşağı palatada da təsdiqlənərək Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bu qanun ABŞ Prezidentinə hər hansı bürokratik gecikmə yaşanmadan müharibənin sonuna qədər Ukraynaya operativ şəkildə istənilən sayda, istənilən növ silah, hərbi texnika və humanitar yardım göndərməyə səlahiyyət verir. ABŞ ilk dəfə alman faşizmini məğlub etmək üçün lend-liz qanunu qəbul etmişdi, indi isə rus faşizmini məğlub etmək zərurəti yaranıb və bu məqsəd üçün ikinci dəfə həmin qanunu dirçəltməyə ehtiyac var. Rusiyaya mesaj verilir ki əgər sən müharibəni uzatmaqla Ukraynanın resurslarının tükənəcəyinə oynayırsansa, yanılırsan və biz nə qədər maddi-hərbi yardım lazımdırsa, o qədər ayırmaqda qərarlıyıq".

 

 

Şahin Cəfərli əlavə edir ki, Avropa Birliyi, Avstriya və Britaniya liderlərinin Kiyevə səfəri həm Ukrayna rəhbərliyi və xalqına ciddi mənəvi-psixoloji dəstək, həm də Kiyev üçün bir növ qeyri-rəsmi təhlükəsizlik təminatıdır: "Rusiya nə qədər tez müharibəni dayandırıb, 24 fevraldan əvvəlki vəziyyəti bərpa etsə, o qədər özü üçün yaxşı olar. Sanksiyalar anakonda taktikası ilə tətbiq olunur və Rusiyanın boğazını getdikcə daha çox sıxmağa başlayır. Rusiya əvvəl hava blokadasına alınmışdı, indi isə onun quru və dəniz ticarəti məhdudlaşdırılır. Rusiyanın enerji sahəsində ən böyük strateji tərəfdaşı olan Avropa Birliyi bu ölkədən kömür idxalına qadağa qoymaqla enerji sahəsində sanksiyalara da start vermiş oldu. Növbədə neft embarqosudur. Qaz idxalı da bu ilin sonuna qədər azaldılacaq. Şübhəsiz ki, bunkerdə daldalanan tiran müharibə əmri verərkən qarşısında bu qədər güclü və yekdil anti-Putin koalisiyası görəcəyini gözləmirdi və bunu hesablamamışdı. Putin rejiminin onurğasını qıracaqlar".






Fikirlər