Avropa YENİ AXTARIŞDA - 44 lider toplanır, siyahıda AZƏRBAYCAN da var...

Çexiyanın paytaxtı Praqada Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilən Avropa Siyasi Birliyinin (ASB) ilk iclası keçirilir.

Musavat.com xəbər verir ki, toplantıya Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.

Onların arasında Azərbaycan da var.

Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.

Hazırda Avropa Siyasi Birliyinin siyasi dialoqu və əməkdaşlığı təşviq etmək, Avropa qitəsində sabitliyin möhkəmləndirilməsi kimi müəyyən məqsədləri var. ASB-də sülh-təhlükəsizlik, enerji-iqlim, iqtisadiyyat, miqrasiya-nəqliyyat mövzularına diqqət yetiriləcək. İldə iki dəfə toplanması nəzərdə tutulan birliyin növbəti toplantısına ev sahibliyi edəcək ölkə də Praqada müəyyənləşəcək.

ASB Aİ-yə ALTERNATİVDİR?

Avropa Siyasi Birliyi genişlənmə prosesində olan ölkələrdə Avropa İttifaqı hədəflərinin gecikdirilməsi ilə bağlı təsəvvür yaratsa da, Birlik rəsmiləri ASB-nin Aİ-nin mövcud mexanizmləri və siyasətlərinə alternativ olmayacağını bildirirlər.

Almaniya kansleri Olaf Şolz da vurğulayıb ki, ASB genişlənmə prosesinə maneə olmamalıdır. Bu layihənin hansısa mərhələdə tamamlayıcı və ya alternativə çevrilə biləcəyini düşünənlər də var.

İştirakı ən çox müzakirə olunan ölkə Türkiyə olub. Əvvəldən Fransa və Almaniya Türkiyənin üzv olmasını dəstəkləyib. Oxşar yanaşma İsveç və Finlandiya tərəfindən də gəlib. Türkiyənin iştirakından narahat olan iki ölkə Yunanıstan və Cənubi Kipr Rum administrasiyası olub. Onlar müxtəlif bəhanələrlə qarşı çıxmağa çalışsalar da, sonda mövqelərini dəyişməli olublar.

Afinada bütün diqqət Türkiyə prezidenti Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin də qatılacağı Avropa Siyasi Birliyi Zirvəsinə yönəlib. Miçotakisin Türkiyədən şikayət edəcəyi gözlənilir, Ərdoğan-Mitsotakis görüşü isə ehtimal edilmir.

Qeyd edək ki, iki lider iyunun sonunda NATO Zirvə toplantısında da görüşməmişdilər.

 






Fikirlər