70 illik ömrün 7 dönüş nöqtəsi - Davakar uşaqdan ölkə prezidentliyinə...

Rusiya prezidenti Vladimir Putin 7 oktyabr 1952-ci ildə anadan olub, yəni bu gün 70 yaşı tamam olur.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, britaniyalı politoloq Mart Qaleotti Putinin 70 illik həyatındakı 7 önəmli dönüş nəqtəsindən yazıb.

Həmin 7 mühüm hadisəni oxucularımıza təqdim edirik...

1964 - CÜDOYA BAŞLADI

İkinci Dünya Müharibəsi illərində 872 günlük mühasirənin izlərini daşıyan Leninqrad şəhərində anadan olan gənc Vladimir məktəb həyatı boyunca həmişə qaşqabaqlı və davakar uşaq kimi tanınıb. Həmin illərdəki ən yaxın dostunun dediyinə görə, "Putin davaya başlayanda heç vaxt qorxmadığı üçün qarşısındakı kim olduğuna baxmırdı".

Leninqrad küçələri quldur dəstələri ilə dolu idi. Bu balaca, lakin cəsarətli oğlan bilirdi ki, ona rəqiblərini qabaqlamağa kömək edəcək bir bacarıq lazımdır.

Buna görə də 12 yaşında ilk olaraq samboya, sonra isə cüdoya başlayıb.

O, qətiyyətli və intizamlı idmançı olub. 18 yaşında cüdoda qara kəmər qazanıb və yeniyetmələrin ölkə çempionatında üçüncü yeri tutub.

Amma Putinin həyatında cüdonun əhəmiyyəti bununla məhdudlaşmır, cüdo onun üçün həm də xarici dünyanın təhlükələrinə həmişə hazır olmağı müdafiə edən həyat fəlsəfəsinin bir hissəsidir.

Putinin tərcümeyi-hallarında tez-tez rast gəlinən sitatını da unutmayaq: "Döyüş qaçılmazdırsa, əvvəlcə vurmalısan. O qədər güclü vurmalısan ki, rəqibin ayağını belə qaldıra bilməsin".

1968 - KQB-yə MÜRACİƏT ETDİ

Leninqradın ən hündür binasında yerləşən "Bolşoy Dom" (böyük ev) KQB-nin siyasi polis bölməsinin mərkəzi kimi xidmət göstərirdi.

"Bolşoy Dom" vətəndaşların rahat girib-çıxmağı bir yana qalsın, mümkün qədər uzaq durmağa çalışdığı bir bina idi. Əslində, Stalin dövründə o qədər sorğu-sual edilən adamları əmək düşərgələrinə göndərirdilər ki, hətta camaat arasında belə zarafatlar da edilirdi ki, bu hündürmərtəbəli binanın zirzəmisindən Sibir görünür.

Gənc Vladimir 16 yaşında həmin binanın qapısından içəri keçib və bir işçidən soruşub: "Mən bura necə qoşula bilərəm?"

Qarşısındakı gəncin bu sualının zarafat olduğunu düşünən işçi, “əvvəlcə əsgərliyə getməlisən, sonra universiteti bitirməlisən” dedikdə Putin “Hansı fakültədə oxusam, yaxşı olar” deyə soruşub.

Aldığı cavab “hüquq” olub. O vaxtdan diqqətini hüquq fakültəsini uğurla başa vurmağa yönəldən Putin məzun olduqdan sonra KGB-də işə başlayıb.

Bu ona ölkəsi və xalqı üçün hər şeyi dəyişməyə imkan verən bir iş idi. Sonrakı illərdə Putin gənclik dövründə sevərək izlədiyi casus filmləri ilə bağlı “Agent minlərlə insanın taleyini həll edə bilər” deyərdi.

1989 - İZTİDAM İÇİNDƏ

Lakin Putinin böyük ümidlərlə başladığı KQB karyerası gözlədiyi kimi getmədi. O, pis işçi deyildi, amma çox da yüksələcək kimi görünmürdü. Buna baxmayaraq, o, alman dilini böyük səylə öyrənir və 1985-ci ildə Drezdendə KQB-nin rabitə idarəsinə təyin edilir.

Putinin Almaniyada həyatı kifayət qədər rahat və xoş keçdiyi halda, 1989-cu ilin noyabrında Şərqi Almaniya rejimi inanılmaz sürətlə çökməyə başlayıb.

Dekabrın 5-də qəzəbli kütlə Drezdendə KQB binasını mühasirəyə alıb. Putin ümidsiz şəkildə müdafiə üçün ən yaxın Qırmızı Ordu qarnizonuna zəng edib. Telefonun digər ucundakı şəxs deyib: “Moskvadan sifariş gəlməsə, heç nə edə bilmərik”.

Putin mərkəzi hakimiyyətin qəfil dağılmasının nə qədər qorxulu olduğunun şahidi idi. O, bunun səbəbini Sovet İttifaqı lideri Mixail Qorbaçovun səhvi hesab edirdi. Qorbaçov üzləşdiyi müxalifətə tez və qətiyyətlə cavab vermədi. Putin eyni səhvi təkrarlamayacağına and içdi.

1992 - "NEFT QARŞILIĞINDA ƏRZAQ" PROQRAMININ VASİTƏÇİSİ

Sovet İttifaqının dağılmasından sonra KQB-ni tərk edən Putin adı dəyişdirilərək Sankt-Peterburq olan şəhərin islahatçı merinin yanında işləməyə başladı.

İqtisadiyyat enişdə idi. Putinə şəhər əhalisinin həyatını asanlaşdıracaq sövdələşməni icra etmək tapşırıldı: 100 milyon dollar dəyərində neft və metal müqabilində ərzaq tədarükünü təmin etmək.

Lakin bu müqavilənin xalqın həyatına təsiri az oldu. Əslində, razılaşma ilə bağlı aparılan araşdırma çərçivəsində 100 milyon dolların Putinin, dostlarının və şəhərdə fəaliyyət göstərən dəstələrin kassasına getdiyi iddia edilirdi. (İstintaq faylı tezliklə bağlandı)

2008 - GÜRCÜSTANIN İŞĞALI

Putin 2000-ci ildə Rusiya prezidenti olanda Qərblə müsbət münasibət quracağına ümid edirdi. Moskva bu münasibətlərin şərtlərini müəyyən edəcəkdi. Bu şərtlərdən biri də vaxtilə Sovet İttifaqının ərazisi olan ölkələrin Rusiyanın təsiri altında qalmaları idi.

Lakin Rusiya liderinin nikbinliyi tezliklə məyusluğa, sonra qəzəbə çevrildi. Putin Qərbin fəal şəkildə Rusiyanı təcrid etməyə və alçaltmağa çalışdığına inandı.

Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin ölkəsini NATO üzvü etməkdə qərarlı olduğu barədə açıqlaması Putini daha da qəzəbləndirdi. Gürcüstanın Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya bölgəsinə nəzarəti bərpa etmək üçün addımlar atması da Putinə hərəkətə keçməsi üçün lazım olan mühiti yaratdı.

Rusiya qüvvələri 5 gün ərzində gürcü ordusunu darmadağın etdi və Saakaşvili sülh müqaviləsi imzalamağa məcbur oldu.

Bu, Qərbi qəzəbləndirdi, lakin bir il ərzində ABŞ-ın o vaxtkı lideri Barak Obama Rusiyaya münasibətləri “yenidən qurmağı” təklif etdi. Bundan əlavə, Moskva 2018-ci il Dünya Çempionatına ev sahibliyi etmək şərəfinə layiq görüldü.

Bütün bunlar Putin üçün onun doğru yolda olduğuna işarə idi: Zəif və ardıcıl olmayan Qərb dünyası əvvəlcə narazılıq etsə də, sonda qətiyyətli iradə qarşısında geri çəkildi.

2011-2013 - MOSKVA ETİRAZLARI

2011-ci il parlament seçkilərinin saxtalaşdırıldığına dair geniş yayılmış iddialar etirazlara səbəb oldu. Putinin 2012-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlaması bu etirazları daha da alovlandırdı.

Nümayişçilərin toplaşdığı meydanın adını daşıyan "Bolotnaya etirazları" bu günə qədər ictimaiyyətin Putinə qarşı çıxmasının ən böyük göstəricisi idi.

Putin nümayişlərin Vaşinqton tərəfindən idarə olunduğunu düşünürdq və birbaşa ABŞ dövlət katibi Hillari Klintonu günahlandırırdı.

Bu etirazlar Putinin Qərbin onu məhv etmək istədiyinə inamını daha da gücləndirdi.

2020-2021 - KORONAVİRÜS PANDEMİYASI

COVID-19 pandemiyasının bütün dünyanı bürüdüyü günlərdə Putinin qaydaları daha da sərtləşdi. Rusiya lideri onunla görüşən hər kəsin 15 gün əvvəl mühafizəçilərin nəzarəti altında təcridxanaya getməsini tələb edirdi. Görüşdən əvvəl həmin şəxslər mikrobları öldürən ultrabənövşəyi şüalara məruz qalır və onların üzərinə dezinfeksiyaedici maddə vurulurdu.

Bu sərt qaydalar Putinin üz-üzə görüşdüyü müttəfiqlərin və müşavirlərin sayını xeyli azaldıb. 

Qeyd edək ki, iş adamı Yuri Kovalçuk pandemiya zamanı Putinin görüşdüyü nadir insanlardan biridir.

 






Fikirlər