Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az - a müsahibəsini oxuculara təqdim edir:
"AzerTaym.az" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az - a müsahibəsini oxuculara təqdim edir:
- Qüdrət bəy, Prezidentin Paşinyanla Praqa görüşünün nəticələrini necə qiymətləndirərdiniz?
- Həmin görüşün nəticələrinə dair açıqlanan Bəyanat Azərbaycanın növbəti diplomatik uğurudur. Ermənistan bundan sonra indiki razılaşmadan qaçarsa Azərbaycana imkan verəcək ki, öz ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün daha sərt qərarlar qəbul etsin. Ermənistan öz öhdəliklərini yerinə yetirməli, Zəngəzur dəhlizi açılmalı, Qarabağda Ermənistanın nə bir əsgəri, nə də bir vətəndaşı qalmamalıdır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Ermənistana vaxt qoymalı, bu barədə Rusiyanı vasitəçi ölkə kimi xəbərdar etməlidir. Vaxt bitənə qədər Ermənistan tərəfindən müvafiq addımlar atılmazsa Laçın koridoru bağlanmalı, Qarabağda ermənilərin yaşadığı ərazilərdə anti-terror əməliyyatı həyata keçirilməlidir. Yoxsa, ola bilməz ki, 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın ermənilərin maraqlarına cavab verən bəndləri dərhal icra olunsun, amma digərləri yox. Azərbaycan rəsmiləri çəkinmədən bu barədə açıq danışmalı, dünya birliyini və ermənilərin havadarlarını öncədən xəbərdar etməlidir. Əks halda, əminliklə deyirəm ki, onlar mənasız danışıqları özləri üçün əlverişli geosiyasi vəziyyət yaranana qədər uzadacaqlar.
- Kırım körpüsünün partladılması və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları barədə nə deyə bilərsiniz?
- Qərb, bir neçə kiçik ölkə istisna olmaqla, Rusiyanı razı salacaq sənədlərə imza atması üçün Rusiyanın Ukraynada hakimiyyəti dəyişməsinə psixoloji baxımdan hazır idi. Ukraynaya silahın verilməməsi də bununla bağlıydı. Hətta Almaniya Ukraynanın silah istəməsinə belə cavab vermişdi ki, “silah nəyinizə lazımdır, iki gündən sonra yeni siyasi reallıqlar ortaya çıxacaq”. Amma Ukrayna prezidentinin cəsarəti, Ukrayna ordusunun və xalqının şücaəti başqa siyasi reallıqlar yaratdı. ABŞ başda olmaqla, bir çoxları öz xalqlarının səsini eşitməyə, qərarlarına yenidən baxmağa məcbur oldular. Ukraynanın qısa müddətdə işğalı baş tutmayanda artıq Rusiya ordusunda və siyasi həyatında problemlər ortaya çıxmağa və yaranmağa başladı. Bu zaman həm uğusuzluqlar üçün günahkarlar axtarışı, həm də hakimiyyətə iddialıların təxribatlara başladı. Cəbhədə məğlubiyyətlər fonunda səfərbərlik qərarı isə ictimai narazılığı xeyli artırdı.
Yadınıza salın, bizdə 12-13 sentyabrda Ermənistanla sərhəddə toqquşma olanda “öz ermənilərimiz” necə yasa batmışdılar və Azərbaycana qarşı informasiya savaşında Ermənistandan öndə getmələri azmış kimi, imkanları olsaydı silahlanıb Azərbaycan Ordusu ilə vuruşardılar.
Kırım körpüsü ciddi qorunurdu, ona görə onun partladılmasında Putinin hakimiyyətdən getməsini istəyən rusların Ukraynaya kömək etməsi ehtimalı çox böyükdür. Rusiya ordusunun döyüş ruhu aşağıdır, NATO Ukrayna ordusunu kəşfiyyat məlumatları və müdafiə olunmaları üçün silahla təmin edir, daha qabiliyyətli NATO generalları döyüş əməliyyatlarının hazırlanmasında iştirak edir. Bu da adi silahlarla döyüşdə uduzan Rusiyanın nüvə silahından istifadə etmə ehtimalını artırır. Hələlik müharibənin nəcə yekunlaşacağını proqnozlaşdırmaq çox çətindir. Qərb Rusiyanın qalib gəlməsini istəmədiyi kimi onun dağılmasına yol aça biləcək məğlubiyyətini də istəmir. Məhz bu səbəbdən, Ukraynaya uzaq mənzilli raketlər, döyüş təyyarələri, dronlar, tanklar verilmir. Bu gündən prosesləri qiymətləndirəndə, inanmıram ki, Qərb Ukraynanı 1991-ci il sərhədlərinə çıxana qədər dəstəkləsin və onu dayandırmasın. Gələcəkdə hadisələrin necə olacağını isə yalnız Allah bilir.
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.