“İsa Qəmbər siyasətə qayıtsa...“ - Cümşüd Nuriyev

“İsa Qəmbər siyasətə qayıtsa...“ - Cümşüd Nuriyev

“İsa Qəmbər Müsavat Partiyasının başqanlığından nahaq getmişdi. Çünki o gedəndən sonra Müsavat müsavatlıqdan çıxdı, partiya hörmətini itirdi, həddindən artıq özbaşınalıq baş verdi, şəxsi ambisiyalar, iddialar..."

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Cümşüd Nuriyev deyib.

O əlavə edib: "Partiyanın adı çox şeyə qarışdı. Əslində, bu partiya Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlı idi. Partiyanı bu şəkildə biabır etməməli idilər, təəssüf ki, etdilər. İsa Qəmbər çox ölçülü-biçili adamdır. İnanıram ki, qayıtsa, partiya da yenidən əvvəlki hörmətinə qayıda, kifayət qədər özünü bərpa edə, yaralarını sağalda bilər. Müsavat Partiyası hazırda “reanimasiyadadır”. Obrazlı desək, partiyanı reanimasiyadan cərrahi yolla yalnız İsa Qəmbər çıxara bilər...”

Politoloq qeyd edib ki, Müsavat Partiyası müharibənin gedişində səhv mövqe tutub: “AXCP ilə bərabər 44 günlük müharibədə dövlətin, millətin yanında olmadı. Əslində, olmalı idi. Partiyaların hakimiyyət iddiaları gərək nifrətə çevrilməyə. AXCP-ni anlamaq mümkün idi, amma Müsavatın belə bir mövqe tutması anlaşılan deyil. Sən iqtidarı bəyənməyə bilərsən, amma dövləti və milləti bəyənməmək ayrı bir şeydir. İqtidarlar gəldi-gedərdir, amma dövlət də, millət də daimidir. Bu mənada, Müsavatın buraxdığı səhv çox ağır nəticələrə gətirib çıxardı. Müsavat indi, demək olar, bir Arif Hacılı, bir də onun “papka”sından ibarətdir. Orda başqa heç kim qalmayıb. Amma İsa Qəmbərin vaxtında Müsavat çox güclü idi. İsa Qəmbərin qayıdışı Müsavatın yenidən dirçəlişi deməkdir”.

C.Nuriyev İsa Qəmbərin Müsavat Partiyasının başqanlığına qayıdışının siyasətə nələr verəcəyini də sadalayıb: “Birincisi, İsa Qəmbərin qayıdışı ilə müxalifət daxilində qayda-qanun yaranacaq. Çünki İsa Qəmbər çox ölçülü-biçili danışır, heç vaxt xarici dövlətlərin maraqlarına milli dövləti satmayıb, satmaz da. İkincisi, qayıtsa, Azərbaycan müxalifəti destruktiv müxalifətdən konstruktiv müxalifətə çevriləcək. Üçüncüsü, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına siyasi partiya kimi təkan verəcək. Dördüncüsü, İsa Qəmbərin qayıdışı ilə Müsavat Partiyası istər-istəməz partiyalararası münasibətləri yenidən quracaq. Azərbaycanda 59 partiyanın qeydə alınması faciə, əslində milli faciədir. Partiyalar sağçı, solçu, mərkəzçi, bir də, məsələn, ekoloji partiyalar olmalıdır.

59 növ partiya olar? İsa Qəmbər qayıtsa, məncə, bu partiyaların müəyyən hissəsi Müsavat ətrafında toplana bilər. Yəni, onun qayıdışı həm də birləşdirici missiyanı həyata keçirəcək. Bu da siyasətə yenilik, yeni bir çalar, düşüncə, anlayış gətirər. Bizdə hazırda müxalifətin faciəsi ancaq söyüşlə məşğul olmasıdır. Fikirləşmir kimdir, üstünə “troll” salır. Siyasət, dövlət, millət qalıb kənarda, bunlar ancaq kimlərdənsə alınan tapşırıqları hansı yolla olur-olsun, həyata keçirmək missiyası ilə məşğuldurlar. Bu, siyasi partiyanın işi deyil. Bunu bazarda oturub qeybət edən xanımlar da həyata keçirə bilər...”






Fikirlər